Vəkillər Kollegiyasında işə yeni qəbul olunan vəkil köməkçiləri ilə görüş keçirilib - FOTOLAR

Yanvarın 16-da Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov işə yeni qəbul olunan vəkil köməkçiləri ilə görüş keçirib.

Kollegiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə son illər VK-da aparılan islahatlar, vəkillik institutunun gücləndirilməsi sahəsində görülən ardıcıl tədbirlər barədə ətraflı məlumat verilib. Sədr bildirib ki, hazırda kollegiyada 400-dən artıq vəkil köməkçisinin fəaliyyət göstərməyi bu sahəyə marağın artdığını və gənc hüquqşünasların peşəyə inteqrasiyasının genişləndiyini nümayiş etdirir.

Bildirilib ki, hüquqi dövlət quruculuğu, hüquq sisteminin möhkəmləndirilməsi və cəmiyyətin hüquqi maariflənməsi prosesində vəkillər xüsusi və məsuliyyətli missiya daşıyırlar. Bu baxımdan yüksək bilik səviyyəsinə malik, məsuliyyətli və peşə etikası qaydalarına sadiq hüquqşünasların hazırlanması hər zaman prioritet istiqamət olaraq qalır. Kollegiya vəkil köməkçilərinin peşə hazırlığının artırılmasına xüsusi əhəmiyyət verir və onların real təcrübə mühitinə inteqrasiyası üçün zəruri şərait yaradır.

Eyni zamanda, sədr “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş dəyişikliklərə toxunaraq, vəkil peşəsinə qəbul üçün tələb olunan hüquq sahəsində iş stajının üç ildən bir ilədək azaldıldığını diqqətə çatdırıb. Bununla yanaşı, VK Rəyasət Heyətinin 2024-cü il oktyabrın 14-də verilən qərarına əsasən vəkil köməkçilərinə vəkilliyə qəbul üzrə ixtisas imtahanında tətbiq olunan güzəştlərdən danışılarkən bildirilib ki, həmin addımlar gənclərin vəkillik peşəsinə marağının artmasına, onların peşəkar inkişafı və gələcək karyera planlaması üçün daha əlverişli imkanların yaradılmasına xidmət edir.

Görüşün yekununda vəkil köməkçilərinə vəsiqələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə