“İnsanlar arasında azalan etibar cəmiyyətin sosial təməlini zəiflədir” - ŞƏRH OLUNDU
"İnsanların bir-birinə etibarının azalması müasir cəmiyyətlərin sosial strukturunda ciddi dəyişikliklərə yol açan əsas faktorlardan biridir. Sosioloji yanaşmaya görə, etibar cəmiyyətin görünməyən dayağıdır və o zəiflədikdə, həm fərdi münasibətlər, həm də ümumi ictimai proseslər zədələnir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq, yazıçı-kultroloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, sosial bağlılıq zəifləyir: insanlar münasibətlərdə daha ehtiyatlı, daha məsafəli davranır, icma həmrəyliyi azalır və fərdlər bir-birindən daha çox təcrid olunmuş vəziyyətə düşür: "Bu, ailə münasibətlərindən tutmuş geniş ictimai əlaqələrə qədər bütün sahələrdə emosional soyuqluq və anlaşılmazlıq yaradır. Etibarın azalması paralel olaraq sosial gərginliyi artırır. İnsanlar qarşı tərəfin niyyətinə şübhə ilə yanaşır, nəticədə müxtəlif sosial qruplar arasında inamsızlıq dərinləşir, konfliktlər daha tez alovlanır. Bu proses həm siyasi, həm də sosial qütbləşməni gücləndirir. Etibarın zəiflədiyi mühitdə sosial kapital da sürətlə aşınır: könüllü fəaliyyətlər azalır, ictimai təşəbbüslərə maraq aşağı düşür, insanlar birgə qərar verməkdən yayınır və cəmiyyət getdikcə daha fərdçi davranış modelinə sürüklənir. Eyni zamanda, fərdlərarası etibarın sarsılması dövlət və ictimai institutlara inamın da azalmasına gətirib çıxarır. İnsanlar media, təhsil, hüquq-mühafizə, ədalət və digər qurumlara daha çox şübhə ilə yanaşır, nəticədə qanunlara əməl etmə səviyyəsi enir, korrupsiya riskləri artır və ümumi idarəetmə sistemində effektivlik zəifləyir. Etibar itkisi insanların psixoloji durumuna da birbaşa təsir edir: sosial narahatlıq, özünü təhlükəsiz hiss etməmə, emosional təklik və depressiyaya meyl artır. Etibar azaldıqda əməkdaşlıq zəifləyir, biznes mühitində risklər çoxalır, qeyri-rəsmi iqtisadi münasibətlər genişlənir və müqavilə münasibətlərinin təminatı üçün daha çox resurs tələb olunur. Bu isə iqtisadi inkişafın tempini ləngidir. Etibarın sarsılması həm də cəmiyyətdə qapalı dairələrin, qrupçuluğun və klanlaşmanın güclənməsinə səbəb olur. İnsanlar yalnız öz dar çevrələrinə güvəndiyi üçün sosial mobiliklik azalır, ədalətlilik prinsipləri zədələnir və sosial təbəqələşmə kəskinləşir. Sosioloji baxış insanlara qarşı etibarın azalmasının yalnız fərdi münasibətlərdə deyil, bütövlükdə cəmiyyətin sosial, iqtisadi və psixoloji dinamizmini zəiflədən çoxşaxəli bir problem olduğunu göstərir. Etibarın qorunması və bərpası isə həm sosial institutların gücləndirilməsini, həm də cəmiyyət daxilində dürüstlük, şəffaflıq və əməkdaşlıq mədəniyyətinin yüksəldilməsini tələb edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB