“Sosial münasibətlərin virtuallaşması sağlam, hərəkət məhdudiyyəti olmayan insanlar üçün faydalı deyil. Bu insanın evə qapanması, insanların zaman keçdikcə biri-birinə yadlaşması, bütövlükdə sosial əlaqələrin zaman ərzində qopması deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.
O bildirib ki, virtual əlaqələr hərəkət məhdudiyyəti olan insanların həyatında isə müsbət rola sahibdir: “Fiziki məhdudiyyətli insanlar üçün virtual münasibətlərin inkişaf etdirilməsi, dostluqların qurulması həyati əhəmiyyət daşıyır. Çünki onlar fiziki vəziyyətləri səbəbi ilə çox hərəkətdə ola bilmir, evdən çıxa bilmirlər və ya insanların reaksiyalarına görə çıxmamağı seçirlər. Virtual əlaqələri inkişaf etdirmək isə həmin insanların sosial həyatı üçün çox faydalı olur. Bu səbəbdən də virtual sosiallaşma konkret olaraq həyatımızdan çıxarılmamalıdır. Çünki onun sayəsində həyatını quran kifayət qədər çox fiziki məhdudiyyətli insan var. Amma digər hallarda insanların virtual şəkildə sosiallaşması düzgün deyil. Çünki bunun nəticəsində ailə münasibətləri qopur, insanların arasına soyuqluq girir. İsti münasibətlər zamanla yerini biri-birinə qarşı heç bir hiss olmayan qohumların soyuqlaşması fonunda təşəkkül tapır. Buna görə də sosial əlaqələri real həyatda da canlı tutmaq lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə