Mayın 27-də Bakı Slavyan Universitetində (BSU) tələbə və məzunların əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədilə II Karyera Yarmarkası təşkil olunub. SİA xəbər verir ki, tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) sədr müavini Ramal Quluzadə və işəgötürən müəssisələrin təmsilçiləri iştirak ediblər.
Tədbirin açılış mərasimində çıxış edən BSU-nun rektoru Anar Nağıyev yarmarkanın əhəmiyyətinə toxunaraq BSU-da ikinci dəfə təşkil edilən karyera yarmarkasında Azərbaycanın iqtisadiyyatında öz sözünü demiş şirkətlərin və müəssisələrin iştirakından məmnunluq duyduğunu bildirib. A.Nağıyev qeyd edib ki, bu təşəbbüslər tələbələrin karyera inkişafına ciddi töhfə verir.
Rektor vurğulayıb ki, DMA-nın dəstəyi ilə keçirilən əmək yarmarkası təkcə tələbələrin və məzunların işlə təmin edilməsi məqsədi daşımır, eyni zamanda ali təhsil müəssisəsi olaraq məzunların karyera planlaması ilə bağlı gələcəyə baxışını müəyyən edir.
Çıxışının sonunda A.Nağıyev tələbələri karyera sərgisində fəal iştirak etməyə çağırıb və onlara uğurlar arzulayıb.
DMA-nın İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə çıxış edərək bildirib ki, DMA müxtəlif universitetlərdə mütəmadi olaraq əmək yarmarkaları təşkil etməklə, gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində mühüm addımlar atır.
R. Quluzadə qeyd edib ki, DMA tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasında BSU-nun məzunları çox yaxşı göstəricilərə malikdir.
Çıxışlardan sonra tədbir iştirakçıları stendlərə baxış keçiriblər.
Yarmarka çərçivəsində tələbələr şirkət nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, vakansiyalarla tanış olmaq və işə qəbul barədə məlumat almaq imkanı əldə ediblər.
Qeyd edək ki, BSU tələbələrinin fəal iştirak etdiyi yarmarkada 39 müəssisə tərəfindən ümumilikdə 400 vakansiya təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə