İnsan hüquqları ayrılmazdır - Vəfaddin İbayev

"İnsan hüquqları ictimai münasibətlərin bütün sahələrində fərdin hüquqauyğun səlahiyyətlərini tanıyan, ona təminat verən və onları müdafiə edən dövlətdaxili hüquq normaları, ümumqəbulolunmuş adət və prinsiplər, beynəlxalq insan hüquqları normaları sistemidir". SİA xəbər verir ki, bu sözləri "Konstitusiya ali hüquqi sənəd kimi: Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı" mövzusunda məlumat sessiyasında Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev deyib.

Onun sözlərinə görə, İnsan hüquqları subyektiv mənada milli və beynəlxalq hüquq normalarında nəzərdə tutulan konkret şəxsə mənsub olan hüquqauyğun fəaliyyət, əməl və davranış imkanıdır. Bu hüquqlardan istifadə etmək, öz hüquqlarını reallaşdırmaq insanın özündən asılı olmalı, dövlət isə həmin hüquqların həyata keçirilməsinin təminatçısı kimi çıxış etməlidir.

Həmçinin o bildirir ki, insan hüquqları ayrılmazdır. Heç kəs insanı təbii hüquqlarından – yaşamaq, şəxsi toxunulmazlıq, özünün həyat fəaliyyətini azad seçmək, vicdan, fikir, əqidə azadlığı və sair hüquqlardan məhrum edə bilməz. İnsan hüquqları təkcə dövləti, hüququ, qanunu, qanunçuluğu, hüquq qaydasını deyil, həm də vətəndaş cəmiyyətinin qiymətləndirilməsi meyarı kimi çıxış edir. Hüquqi dövlətin inkişafı, yetkinliyi, xeyli dərəcədə insan hüquqlarının vəziyyəti, bu hüquqların həcmi, dövlət təminatı və həyata keçirilməsindən asılıdır.

İnsan hüquqları fərdə təkcə dövlətin idarə olunmasında iştirak etmək imkanı vermir, həm də dövlətdən aralanmaq, şəxsi həyat sahəsində özünütəyinetmə, əqidəsini, mülkiyyətə münasibətini müəyyənləşdirmək imkanı verir.

İnsan hüquqları ilə bağlı məsələlərdə dövlətin həmin hüquqlarla qarşılıqlı münasibətləri mühüm əhəmiyyət kəsb edir. Hüquqi dövlət insan hüquqlarının üstünlüyünü tanıyır və bununla da özünün hakimiyyət funksiyalarını məhdudlaşdırır. Ona görə də dövlətin həqiqi təbiəti insan hüquqları vasitəsilə, fərdin cəmiyyətdə yeri və rolu, onun dövlətlə qarşılıqlı əlaqələrində aşkarlanır.

Cəmiyyətin normal həyat fəaliyyətinin təminində insan hüquqlarının əhəmiyyəti nəzərə alınmaqla, onların təminatına, müdafiəsinin mexanizm və prosedurlarına xüsusi diqqət yetirilməlidir. İnsan hüquqlarının müdafiəsinin dövlətdaxili və beynəlxalq mexanizmləri hazırda biri-birini tamamlayır və onların təminin mühüm amili kimi çıxış edir.

Ona görə milli qanunvericiliyin insan hüquqlarının beynəlxalq standartlarına uyğunlaşdırılması, milli səviyyədə hüuq normalarının tətbiqi zamanı beynəlxalq mexanizmlər tərəfindən yaradılan təcrübənin nəzərə alınması, qanun normalarınını şərhi zamanı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tətbiqi daim diqqətdə saxlanılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq həmin konstitusiyada təsbit olunuş hüquqular Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun qaydada tətbiq olunmalıdır. Bunun üçün isə beynəlxalq mexanizmlərin təcrübəsinin öyrənilməsi və nəzərə alınması günümüzün tələbi kimi qiymətləndirilir.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə