"Nəinki onlayn bayramlaşma, Novruz bayramına qədərki, 4 çərşənbədə həyata keçirilməli olan mərasimlər, adətlər tamamilə unudulub gedib". Bunu SİA-ya açıqlamasında Əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova deyib.
O, hazırda günümüzdə Novruz bayramı ilə əlaqədar olaraq müəyyən adət-ənənələrin xüsusilə də bayramlaşmanın artıq onlayn formada həyata keçirilməsinə münasibət bildirib.
Məmmədova qeyd edib ki, ölkəmizin rayonlarında, kəndlərində az-çox yenə də həmin mərasimlər saxlanılmaqdadır: "Çərşənbələrin hər birinin özünəməxsus ayinləri var, mərasimləri var ki, vaxtı ilə həyata keçirilirdi. İndi bəzi kəndlərimizdə bunlar bir qədər qalıb. Lakin böyük şəhərlərdə bu adətlərimiz daha çox assimilyasiyaya uğramışdır. Eləcə də onlayn bayramlaşma. Əvvəllər Novruz bayramı bizim üçün o qədər müqəddəs bayram idi ki, o qədər bunu böyük təntənəli şəkildə qeyd edərdik ki, valideynlərini ziyarət etmək üçün həmin bayramda əlindən öpmək üçün ən uzaq şəhərlərdə yaşayan övladları yol qət edib, vəsait xərcləyərdilər. Ancaq indi həyatımıza internet daxil olandan sonra, görüntülü danışıqlar, söhbətlər yaranandan sonra artıq zaman-zaman bunu artıq bilən övladlar da var. Müasir dövrümüzdə də elə övladlar var ki, harada olmasına baxmayaraq Novruz bayramında onun tərbiyəsində olan bir məsələdir ki, yəni qayıtmalıdır kəndə, valideynlərini ziyarət etməlidir, onlar ilə bayramlaşmalıdır. Lakin əksər gənclər bayramlaşmanı onlayn həyata keçirirlər. Görüntülü yığmaqla valideynlərinin bayramlarını təbrik edirlər. Bununla da öz üzərilərinə düşən vəzifəni bitmiş hesab edirlər. Bu heç də yaxşı hal deyil. Ona görə ki, Novruz bizim qədim adətlərimizdən biridir və buradakı bu bayramlaşma xüsusi bir mərasimdir ki, xüsusilə son çərşənbədə - Torpaq çərşənbəsində həyata keçirilir.
Uzun illər boyu insanlar belə hesab ediblər ki, həmin ilaxır çərşənbədə həyata keçirilən nə varsa, onların hamsı həyata keçməzsə, 7 il dalbadal bu eləmədikləri təkrar olunacaqdı. Müasir dövrümüzdə bayramlaşma da bir qədər unudulmuşdur, geridə qalmışdır. Buna da səbəb sosial şəbəkələrdən asılılıqdır. Mən düşünürəm ki, hər bir övladın borcudur ki, il ərzində bu yeni günün başlanğıcında valideynlərini ziyarət etməlidir. Biz sadəcə onun üçün çalışmalıyıq ki, adət-ənənələrimiz unudulmasın. Sabah biz valideynlərimizi ziyarət etmədiyimiz təqdirdə bizim ailələrimizdə böyüyən uşaqlar bu adət-ənənələri necə davam etdirə biləcəklər? Biz bu gün bu adət-ənənələrə sadiq olmalıyıq ki, bizim övladlarımız da bizim adətlərimizi yaşatsın. Bir xalqın milli adət-ənənələri, milli mentaliteti yoxdursa, o xalq puç kimi sayılır. Ona görə də biz xalqımızın qədrini bilməliyik. Xalqımızın tarixini yaşatmalıyıq. Borcumuzdur ki, hər bir adət-ənənəni vaxtında, necə lazımdırsa, elə yaşadaq ki, gələcək nəsillərə də ötürə bilək".
Bütün xəbərlər Facebook səhifəmizdə