“Sevgi xüsusi bir günə ehtiyac duymur” - EKSPERT FİKRİ

“Sevgi, insanın qəlbinə Uca Yaradan tərəfindən yerləşdirilən fitri bir hissdir. İnsan qəlbində müxtəlif sevgi növləri mövcuddur: valideyn sevgisi, övlad sevgisi, bacı-qardaş sevgisi, dostluq sevgisi və Allaha olan sevgi. Bu sevgi növlərindən biri də cütlüklər arasındakı sevgidir — yəni qadının kişiyə, kişinin isə qadına olan sevgisi”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ramal Əliyev sözlərinə belə davam edib: “Əslində, insan birini sevirsə və ona hörmət edirsə, buna görə xüsusi bir günə ehtiyac yoxdur. Sevgi, kişi və qadın arasında qarşılıqlı bir hissdir. Cütlüklər əvvəlcə bir-birlərini sevər, sonra bu sevgi ailəyə çevrilir. Nəticədə, bu sevgidən övladlar dünyaya gəlir və ailə bağları sevgi və hörmət üzərində möhkəmlənir. Həm qadının kişiyə, həm də kişinin qadına hörmət etməsi, dəyər verməsi və hədiyə verməsi üçün xüsusi bir günə ehtiyac yoxdur. Bu münasibətlər təbii olaraq daim və hər zaman davam etməlidir.

14 fevral — “Sevgililər Günü” adlandırılan bu gün, həm dinimizə, həm də mentalitetimizə uyğun olmayan bir bayramdır. Gəlin, bu günün tarixinə nəzər salaq: tarixdə Roma imperatoru || Klaudiusun dövründə(miladın 3-cü əarində)imperator əsgərlərə evlənməyi qadağa etmişdir.Çün ki,evli əsgərlər döyüşməyə daha az həvəsli olurdular.Valentin adlı rahib isə bu əmrə qarşı çıxıb cütlükləri evləndirirdi.Bu səbəbdən dolayı Valentin adlı rahib 14 fevralda edam edilmişdir.

Bizim müsəlman cəmiyyətimiz və milli dəyərlərimiz belə mənasız bir tarixçəsi olan bir günü “sevgililər günü” adı altında bayram etməsi doğru sayılmır.Sevgi bayramı əslində sevgi və hörmətlə bağlı olan, insanların bir-birinə dəyər verdiyi, münasibətlərin sadiq olduğu hər gün hesab edilə bilər.

Biz, müsəlman bir toplum olaraq, bu cür “sevgililər günü”nü qeyd etmək əvəzinə, sevgi və hörməti gündəlik həyatımıza daşımalıyıq. Sevən kişi, sevən qadın daim bir-birinə hörmət etməli, bir-birlərini sevməli və mütəmadi olaraq kiçik sürprizlər və hədiyyələrlə münasibətlərini canlandırmalıdırlar. Əsl sevgi, hər zaman ehtiyac duyduğumuz, çox vaxt unudulan, lakin ən əhəmiyyətli olan dəyərdir.

Nəticə olaraq qeyd edim ki, sevgi xüsusi bir günə ehtiyac duymur, o, gündəlik həyatımızın bir parçasıdır. Sevgi, hər zaman qarşılıqlı hörmət və dəyər üzərində qurulmalıdır. 14 fevralın bizə təqdim etdiyi bayram ənənəsi isə, yalnız tarixindəki və mənasında bizə uyğun olmayan bir gündür. Bizim üçün ən qiymətli “sevgililər günü” — hər bir günün sevgi, hörmət və diqqətlə dolu olmasıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə