"Biz çox şeyi unudub telefona yapışdıq" - SORĞU

Son illərdə televiziya ənənəvi informasiya və əyləncə mənbəyi kimi populyarlığını tədricən itirir. Bunun əksinə olaraq, sosial şəbəkələr sürətli inkişaf edərək insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Xüsusilə gənc nəsil xəbərləri, əyləncəni və sosial əlaqələri televiziya əvəzinə sosial platformalar vasitəsilə əldə etməyə üstünlük verir. Televiziya proqramlarının məhdud vaxt cədvəli və təkyönlü kommunikasiya forması sosial şəbəkələrin interaktiv və ani məlumat paylaşımı ilə müqayisədə geri planda qalmasına səbəb olur. Bu tendensiya media istehlakında ciddi dəyişikliklərə yol açaraq, informasiya əldəetmə vərdişlərimizi köklü şəkildə dəyişir. Bəs bəzi vətəndaşlar indiki dövrdə televiziya niyə maraq göstərmir? Sosial şəbəkələrə marağın artması nədən irəli gəlir? Bu barədə SİA vətəndaşların fikirlərini öyrənib.

Şəhər sakini Sevil Əhmədova: “Televiziyaya marağın azalmasının səbəbi hər kəsin əlində bir telefonun olmasıdır. Komputer və telefonlardan istifadəyə görə artıq televiziyaya vaxt qalmır. İkinci səbəb isə o qədər də maraqlı verilişlərin olmamasıdır. Əvvəllər televiziyada xoşagələn verilişlər hazırlanırdı, indi nə hazırlanır? Biri paltarını, geyimini, digəri isə ev əşyalarını, istirahət etdiyi yerləri göstərirlər, bunlar kimə maraqlıdır axı? Mən Soveti görmüş insanam, onun vaxtında çox şeylər doğru-dürüst olurdu, yəni insanlara lazım olan verilişlər hazırlanıb göstərilirdi. İndi o göstərilənlər lazım deyil, şəxsən mən televiziyaya baxmıram. Eyni zamanda mən telefonu sadəcə zəng üçün istifadə edirəm, qalan heç bir şeylə maraqlanmıram. Onunla belə televiziyaya baxmıram. İndiki zamanda uşaqların beyinləri, tərbiyələri pozulub. Hal-hazırki uşaqlara dünya tapşırılırsa axırı yoxdur, çox tez dağılacaq. Özümdə iki uşaq var və bütün günü ancaq televiziyada "youtube"a baxırlar. Telefonlarını da əlindən almışam, lakin olanda da ancaq mobil oyunlar oynayırlar. Uşaqların qulaqları, gözləri və rəngləri qızarır, amma əl çəkmirlər. Elə şeylər paylaşırlar ki, düzdü onlar bizə maraqsız gəlir, ancaq uşaqlara maraqlı gəlir. Uşaqlara bunu təbliğ etmək düzgün deyil. Onlara elmi, zəhməti, təmizliyi təbliğ edərlər. Sovet vaxtında bunlar yox idi. Yadımdadır bizə seriallara baxmağa belə icazə vermirdilər. Ancaq dərs oxuyurduq, uşaqlarla həyətdə oynayırdıq. Amma indiki uşaqlar gör nələrə baxır. Əlbəttə ki elə şeylərə baxıb maraq göstərirlər ki qalan nəyəsə maraq qalmır. Həmçinin uşaqların beyinləri dolur. Çox yaxşı olar ki, dövlət bu barədə bir tədbir görsün. Uşaqlar bizim gələcəyimizdir, bəs bu halda gələcək necə olacaq? Məktəblərə telefon buraxmağa icazə verməsinlər, valideynlərə qadağa qoysunlar uşaqlarına telefon almağa, həmçinin uşaqların əlində telefon görsələr cərimə olunmalıdır. Uşaqlarda cəriməni bilib telefondan istifadə etməyəcəklər”.

Şəhər sakini Veysəl Ağayev: “Televiziyada maraqlı heç bir şey yoxdur. Çox istərdim ki, "Təhsil" adlı televiziya yaradılsın. Məktəbli uşaqlar üçün maraqlı proqramlar yaradılsın və onlara baxsınlar. Hal-hazırda hər şey əyləncədi, ona görə də insanlar qaçırlar. Sosial şəbəkəyə baxan hər insanı ora şamil eləmək olmaz. Təhsil və elm öyrənmək istəyən yəqin ki sosial şəbəkəyə baxmır. Hələ ora baxanlar əyləncəni yaxud bu tip verilişləri sevirlər. Bunlar çox aktuallaşıb və həddən artıq çox belə verilişlər gedib. O tip verilişlərə baxanlar cəmiyyət üçün yararlı olmaz. Keçmişdə xüsusi proqramlar var idi ki, təhsilimiz və tariximiz haqqında danışırdı, lakin bunlar yoxdur. Şəxsən mən özüm maraq olmadığına görə televiziyaya baxmıram”.

Şəhər sakini Səidə Diyarova: “Televiziyaya marağın azalması yəqin ki telefonun çıxması ilə bağlıdır. Ən balaca uşağın belə əlində hal-hazırda telefon var. Televiziyadan çox telefona üstünlük verirlər, ona görə sosial şəbəkəyə girmək daha çox aktivləşib. İndi televiziyada çox açıq-saçıqlıq var, əvvəllər köhnə seriallarımız gedərdi, amma onları başqa tip filmlərlə və qeyri-etik sözlərlə əvəz ediblər. İnanmıram ki, bunların qarşısı alınsın. Hətta getdikcə bərbadlaşacaq. Buna müasirlik deyirlər, məncə müasirlik daha çox ənənəyə bağlanmaq deməkdir. Valideynlərin başı işə-gücə qarışır və uşağın əlinə saatlarla telefonu verirlər. Bunların qarşısı alınmalıdır".

Şəhər sakini Günel Seyidova: “Sosial şəbəkələrin yaranmasına görə televiziyaya maraq azalıb. Sosial şəbəkələrə təlabatın atması həm orada informasiyanın çox olması, həm də oradan gəlir mənbəyi kimi istifadə edilməsidir. Əvvəlki dövrdə televiziya daha maraqlı idi, əlavə olaraq "tiktok", "instaqram" yox idi. "WhatsApp" isə tək-tük adamlarda var idi. İndi yeməyə çörək belə tapmasaq mütləq internet yükləyirik ki onsuz qalmayaq”.

Şəhər sakini Sara Cəfərli: “Bəlkə də televiziyaya marağın azalması sosial mediadır. Hal-hazırda deyə bilərəm ki, insanların çoxu sosial mediadan istifadə edirlər. "İnstaqram", "tiktok", "twitter" kimi sosial şəbəkələr daha geniş yayılıb. Bu platformalarda elə şeylər paylaşırlar ki, istər-istəməz insanı cəlb edir. Amma televiziyada belə şeylər yoxdur. Məsələn, sosial mediada insanlar öz şəxsi həyatını paylaşa bilirlər və şəxsi olaraq da qalır, lakin televiziyada bu yoxdur. Ona görə də televiziyaya maraq azalır nəinki artmaq yerinə. Amma son vaxtlar çıxan “Səriyyə”, “Vətəndaş A” kimi filmlər məncə televiziyaya marağı artırır. Mən bu filmlərə baxmışam və hər kəsə baxmağı tövsiyyə edirəm. Köhnə vaxtda sosial şəbəkələr yox idi deyə biz televiziyaya üz tuturduq. Amma sosial media çıxdıqdan sonra biz çox şeyi unudub telefona yapışdıq. Mən bir gənc olaraq sosial medianın tərəfdarı deyiləm”.

Şəhər sakini Mehrab Hüseynzadə: “Sosial şəbəkələrdən istifadə etmək gənclərdə televiziyaya marağı azaldır. Televiziyaya ən çox yaşlı nəsil maraq göstərir. Gənc nəsil isə ancaq çox geniş yayılmış "tiktok", "instaqram" və s. proqramlara baxır. Yəni gələcək zamanda inanmıram ki televiziyaya maraq qalsın. Yaşadığımız dövr sosial şəbəkə dövrüdür. Əvvəlki dövrdə internet, texnologiya inkişaf etmədiyi üçün televiziyalara baxırdı”.

Şəhər sakini Nərmin Kərimova: “Hal-hazırda hər kəs sosial şəbəkələrdən istifadə edir. "Youtube"da hər kəsə lazım olan serial, xəbərlər oradan izlənir. Sosial şəbəkələr çox operativdir və nə olsa anındaca orda paylaşılır. Keçmişdə bu zamana nisbətən hər şey maraqlı idi, telefonlar yox idi. Onda məcbur olub televiziyaya baxırdıq. İndi bir şey baş verən kimi insanlar telefonda nə isə axtarır. Həm də keçmişdə texnologiya inkişaf etmədiyinə görə televiziyada vaxt keçirirlər”.

Şəhər sakini Eldar Əliyev: “Televiziyada daha maraqsız şeylər verdiklərinə görə ona baxmırlar. Sosial şəbəkədə isə daha sürətli, keyfiyyətli, maraqlı şeylər verirlər. Dövlət televiziyalarında eyni standart söhbətlər, məsələlərdir, camaat bundan bezib. Ona görə baxmırlar. Keçmişin televiziyasında nizam-intizam, qayda-qanun var idi. Camaat keçmişdə televiziyadan təlim-tərbiyə götürürdü. Əgər müasiriksə daha ağıllı, innovasiyalı verilişlər vermək lazımdır”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə