"İş vaxtının növləri və tənzimlənməsi qaydaları Əmək Məcəlləsinin 13-cü fəslində müəyyən edilib". Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev deyib.
O bildirib ki, həmin fəsildə yer alan 89-cu madddəyə əsasən, tam iş vaxtı dedikdə müddəti Əmək Məcəlləsində nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zaman nəzərədə tutulur: "Normaya əsasən gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan və buna uyğun olaraq da həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz.
Məcəllənin 90-cı maddəsi isə həftəlik tam iş vaxtının müəyyən edilməsi qaydaları barədədir. Bu maddəyə əsasən, bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi də müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan, həftəlik norma 24 saat olduqda isə gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
Məcəllədə qısaldılmış iş vaxtı barədə normalar 91-ci maddədə təsbit olunub. Belə ki, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.
Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. Bundan başqa, əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün və xüsusi xarakterli işlərdə çalışan işçilər üçün də həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir".
"Əmək Məcəlləsinin 94-cü maddəsində natamam iş vaxtı barədə normalar yer alıb.
Belə ki, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı — natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın — ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir.
İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara ərizələrilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir.
Natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə