Əvvəl qapı-qapı gəzib dəvətnamə verirdik - BƏS İNDİ NƏ OLDU? - AÇIQLAMA

"Biz rəqəmsal cəmiyyətdə, informasiya dövründə yaşayırıq. İnternet, sosial şəbəkə reallığında şübhəsiz ki, bizim həyat tərzimiz də bu reallığa uyğunlaşmalıdır". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

O bildirib ki, biz istər-istəməz sosial şəbəkə platformalarının, eyni zamanda sürətli informasiya dövrünün imkanlarından istifadə etməliyik: "Artıq reallıqdır ki, internet və rəqəmsal yeniliklər bizim həyatımızın tərkibinə daxil olub. Biz bunu heç də yad element kimi qəbul etməli deyilik. Çünki bu, qlobal proses, tendensiyadır. Biz həyatımızın bütün sahələrində bu yenilikləri görürük.

Əvvəl birbaşa gedib qapı-qapı dəvətnamə verirdik, toy və digər mərasimlərə dəvət edirdik. Ancaq belə texnoloji əlçatanlıq olduğu təqdirdə niyə biz əvvəlki qayda ilə dəvət etməliyik və tədbirlərimizi əvvəlki qaydada keçirməliyik? Bu, adət-ənənələrimizin unudulması deyil. Adamı qapısına gedib dəvət etməkdənsə, internet üzərindən dəvət edirik. Heç bir fərqi yoxdur. Əsas önəmli olan odur ki, insanlar bir-biri tərəfindən unudulmur, əlaqə var. İndi əlaqənin virtual formaları var. Bu baxımdan bu heç də adət-ənənələrin unudulması mənasına gəlməməlidir. Ancaq texniki proseslərdən söhbət gedir. O da insanları xeyli əziyyətdən qurtarır. Elmi-texniki tərəqqi imkan verir ki, bunu çox rahat şəkildə çevik, mobil və az zəhmətlə internet üzərindən həyata keçirmək mümkün olsun. Adətlərimiz yerindədir, sadəcə onu realizə etməyin yolları texniki əlçatanlıq baxımından bizə daha müasir yollara imkan verir. Burada narahat dogurucu məqam yoxdur. Çünki adət-ənənələrimiz bizim milli kimliyimizdir. Çalışmalıyıq ki, bu adət-ənənələrimizi sosial varislik vasitəsilə gələcək nəsillərə ötürməyi bacaraq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə