Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Madriddə keçirilən VI Konqresdə iştirak edib
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 28-30-da Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatına sədrlik edən İspaniya Krallığı Konstitusiya Məhkəməsinin sədri Kandido Konde-Pumpidonun və Katibliyinin fəaliyyətini təmin edən Avropa Şurasının Venesiya Komissiyasının dəvəti ilə “Gələcək nəsillərin insan hüquqları” mövzusunda keçirilmiş VI Konqresdə iştirak etmək üçün İspaniyanın Madrid şəhərində səfərdə olub. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdən əvvəl Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin də daxil olduğu Avropa və Asiya ölkələrinin Konstitusiya Məhkəmələrinin üzv olduqları Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatının Bürosuna daxil olan bir sıra qrupların iclasları keçirilib.
Konqres çərçivəsində “Təbii ehtiyatların və ətraf mühitin qorunması”, “Bəşəriyyətin mədəni irsinin qorunması”, “Elmi biliklərə və yeni texnologiyalara əlçatanlıq”, “Konstitusiya Məhkəmələrinin müstəqilliyi” adlı sessiyalar olub.
Sonra konqresdə səsləndirilən məruzələr üzrə müzakirələr və geniş fikir mübadiləsi aparılıb, yekun iclasda məruzəçilərin milli hesabatları dinlənilib və Madrid Komunikesi qəbul edilib. Sənəddə sağlam ətraf mühitdə yaşamaq hüququnun mühüm insan hüquqlarından biri olduğu qeyd olunub. Həmçinin Konstitusiya Məhkəmələri mədəni irsin qorunmasına öz töhfələrini verməsinin və rəqəmsal texnologiyaların tətbiqində şəxsi məlumatların mühafizəsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
Konqresin rəsmi bağlanış mərasimində İspaniya Kralı VI Felipe tədbir iştirakçılarını salamlayaraq konqresin Konstitusiya Məhkəmələri arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacağına əmin olduğunu bildirib.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti bir sıra ölkələrin Konstitusiya Məhkəmələrinin sədr və hakimləri ilə işgüzar görüşlər keçirib və hüquq məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 2009-cu ildən fəaliyyət göstərən Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatına 2011-ci ildən tamhüquqlu üzv seçilib. Konfransın müxtəlif illərdə Cənubi Afrika Respublikasının Keyp Taun, Braziliyanın Rio-de-Janeyro, Cənubi Koreyanın Seul, Litvanın Vilnüs şəhərlərində və İndoneziyanın Bali adasında konqresləri keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB