Balakənin ucqar İtitala kəndi ölkəmizdə ən çox velosipedi olan yaşayış məntəqəsi kimi tanınır. Kənddə 700-dən artıq təsərrüfat var. Adətən sakinlər kənddə velosipeddən daha çox istifadə edirlər. Lakin son dövrdə kənddə avtomobillərin sayının artması bir çox problemlərə, ilk növbədə, velosipedçilərin təhlükə ilə qarşılaşmasına zəmin yaradır.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, kənddə yeniyetmə və gənclər, əsasən də məktəblilər bu nəqliyyat vasitəsindən daha çox faydalanırlar. Bu, həm onların fiziki sağlamlığına müsbət təsir göstərir, həm də vaxta xeyli qənaət etməyə imkan verir. Eyni zamanda, avtomobildən çox istifadə nəticəsində havanın çirklənməsi, səs-küy kimi problemlər meydana çıxır.
Günün istənilən saatında İtitala kəndinin küçələrində müxtəlif yaş qrupundan olan insanların velosipedlə harasa gedib-gəldiyini müşahidə etmək olar. Yeni dərs ili başlayandan isə kəndin mərkəzi küçələrində daha çox canlanma hiss edilir. Belə ki, bu kənddə elə ev, elə təsərrüfat yoxdur ki, orada velosipeddən istifadə olunmasın. İnsanlar işə velosipedlə gedib-gəlir, məktəblilər də əsasən velosipeddən istifadə edirlər. Son dövrlər kənddə nəqliyyat vasitələrinin artması səbəbindən burada təhlükəsizlik zolağının, xüsusən velosipedçilər üçün zolağın çəkilməsi zərurəti yaranıb.
Saleh Həsənov şəhid Aslan Balayev adına kənd tam orta məktəbin 8-ci sinif şagirdidir. Ailədə iki uşaqdırlar və hərəsinin öz velosipedi var. O, indi hər gün səhər dərsə bu nəqliyyat vasitəsindən istifadə edərək gedir. Onun atası da işə öz velosipedi ilə gedib-gəlir. Məktəblinin sözlərinə görə, səhər və günorta saatlarında kəndin küçələrində əsl velosiped bumu yaşanır. Minik, yaxud yük avtomobilləri küçədən keçəndə bir çox çətinliklə qarşılaşır, yəni təhlükəli vəziyyətlərlə üzləşir.
Digər məktəbli Alina Mahmudova hələ bağça yaşından velosipeddən istifadə edir. Gələcəkdə ali təhsil almaq istəyir. Deyir ki, təhsil alacağı şəhərə velosipedini də aparacaq. “Biz həmişə məktəbə velosipedlə gedib-gəlirik. Bu zaman maşınlar bizə təhlükə yaradır. İstərdik ki, kəndin mərkəzi küçəsində velosiped zolağı olsun”, - deyən Alina paytaxt Bakıda velosiped zolaqlarının çəkilməsindən də həvəslə danışır.
Məktəbin qarşısı ilə yol gedən sakinlərdən birini saxlayırıq. Vaqif Zaxmayev bu ahıl yaşında bütün işlərini velosipeddən istifadə edərək gördüyünü bildirir. Onun sözlərinə görə, kənddə elə evlər var ki, hətta ailə üzvlərinin hamısı şəxsi velosipeddən istifadə edir. Vaqif dayı onu da deyir ki, əsasən dərs günlərində yollarda sıxlıq yaranır. Kim necə gəldi, hərəkət edir. Nəqliyyat vasitələri də əksər hallarda qəza vəziyyəti yaradır. Kənd ağsaqqalı təklif edir ki, əsas yolda təhlükəsizlik zolağı olarsa, nəqliyyat vasitələrinin hərəkəti də tənzimlənmiş olar.
382 şagirdin təhsil aldığı şəhid Aslan Balayev adına məktəbin direktoru Məhəmməd Mustafayevin sözlərinə görə, təhsil ocağındakı şagirdlərin əksəriyyəti velosiped istifadəçisidir. “Hava şəraitinə görə əvvəldən valideynlərə xəbərdarlıq edilir ki, yağışlı günlərdə xüsusən azyaşlılar piyada gəlib-getsinlər. Bunu onların təhlükəsizliyi üçün edirik”, - deyən direktor bildirir ki, velosipeddən istifadə etmək həm sağlamlıqdır, həm də vaxta qənaət etmək deməkdir. Məhəmməd müəllim sözlərinə onu da əlavə edir ki, şagirdlər dərsdən kənar məşğələlərə də velosipedləri ilə gəlirlər. Bu isə gün boyu yollarda hərəkətin canlanması, həm də təhlükəli vəziyyətin yaranması deməkdir.
Bəs, kəndin rəsmiləri bu məsələ ilə bağlı nə düşünür? Sualımıza cavab almaq məqsədi ilə üz tuturuq Balakən Rayon İcra Hakimiyyəti başçısının İtitala kənd ərazi icra nümayəndəliyinə. İcra nümayəndəsi German Balayev məktəblilərin və sakinlərin təhlükəsizlik zolağı ilə bağlı təkliflərindən xəbərdar olduqlarını bildirir. “Uşaqların məktəbə velosipedlə gəlməsi təqdirəlayiq haldır. Həm vaxta qənaət olunur, həm də sağlamlıqdır. Ancaq son zamanlar yollarda maşınlar da çoxalıb. Ona görə də təhlükəsizlik baxımından yolun kənarlarında velosiped zolağı çəkməyi planlaşdırırıq. Növbəti ildə bununla bağlı müvafiq təşkilat və orqanlarla məsləhətləşmələr aparmaq istəyirik. Bu zolaqların olması velosiped sürənlərin təhlükəsizliyi üçün çox vacibdir”, - deyən kənd icra nümayəndəsi paytaxt Bakıda belə işlərin görülməsindən sonra onlarda da bu məsələnin aktuallaşdığını vurğulayıb. Onun sözlərinə görə, kənd sakinlərinin velosipeddən istifadə etməyə üstünlük verməsi həm də havanın çirklənməsinin qarşısını alır.
Bütün xəbərlər Facebook səhifəmizdə