Nikahdankənar uşaqlar atanın vərəsələri ola bilərmi? - MÜNASİBƏT BİLDİRİLDİ

"Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Ölmüş şəxsin, yəni miras qoyanın əmlakı vərəsələrə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir". Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev deyib.

O bildirib ki, vəsiyyətnamə ilə şəxs öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə bilər: "Ancaq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır.

Qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı müəyyən edilən şəxslər bərabər pay hüquqlu vərəsələr sayılırlar və qanunvericilikdə müəyyən edilmiş növbəlilik tətbiq edilir: “Bu növbəlilik qohumluq dərəcəsinə görə müəyyən olunur və - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci dərəcəli vərəsələr sayılırlar.

Nikahsız doğulan uşağın atalığı müəyyən olunmuşsa, həmin uşaq rəsmi nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyır və təbii olaraq da atasının vərəsəsi sayılır. Atalıq müəyyən olunmadığı təqdirdə isə nikahdan kənar uşağın vərəsə kimi atadan pay almaq hüququ yaranmır".

"Uşağın mənşəyinin müəyyən edilməsi isə Ailə Məcəlləsinin 44-cü maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur.

Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır.

Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə