Özəl sektorda şəhid ailələrinin, qazilər və onların ailələrinin işə götürülməsi necə aparılır? - SORĞU

“Şəhid ailələri və qazilərin sosial müdafiəsi daim Azərbaycan dövlətinin və cəmiyyətin diqqət mərkəzində olan məsələlərdən biridir. Təxminən qazilərin 15-ə, şəhid ailələrinin isə 20-ə yaxın güzəşt və imtiyazları var. O imtiyazlardan biri də işə qəbulolunma ilə ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

O bildirib ki, məşğulluq haqqında qanunda 5 faizlik kvota müəyyən olunub ki, burada sosial müdafiə daha çox ehtiyacı olan şəxslər, o cümlədən şəhid ailələri və qazilərin kvota əsasında işə götürülməsi müəyyən edilib.
Eyni zamanda özünəməşğulluq proqramının böyük bir hissəsi, təxminən 50 faizi şəhid ailələri və qazilərin məşğulluğunun təmin edilməsi ilə bağlıdır. Hazırda 100 minə yaxın ailə özünəməşğulluq proqramına cəlb edilib və bu proses davam edir. İl ərzində təxminən 15-18 min şəxs özünəməşğulluq proqramına cəlb olunur ki, onların da təxminən yarısını qazilər və şəhid ailələri təşkil edir.

Özəl və dövlət sektorunda şəhid ailələri və qazilərin işə götürülməsində ədalət prinsipi də qorunmalıdır. Çünki bir yerə iki nəfər namizədlik verib və ikisi də eyni səviyyədədirsə, o zaman qazi və şəhid ailəsinə üstünlük vermək doğrudur və lazımdır. Amma bir mütəxəssisin bilik, bacarıq, vərdiş keyfiyyətləri daha üstündür, lakin digər müraciət edən şəhid və qazi ailəsi olduğundan ona üstünlük verilərsə, bu da ədalətli olmayacaqdır. Çünki digər vətəndaşın haqqı pozulmuş olacaq. Buna görə də şəhid ailələrinin və qazilərin peşə hazırlığına cəlb olunması da dövlət vəsaiti hesabına hazırlanaraq, həyata keçirilir. Onların peşə hazırlığına cəlb olunduğu müddətdə müavinət almaq imkanları da var. Həmin şəxslər də öz üzərlərində işləməli, maaşlı işlərə gedə bilmək üçün rəqabət qabiliyyətli müxəssis kimi özlərini yetişdirsinlər. Bu mənada onların özlərinin də müəyyən qədər məsuliyyətli olması lazımdır.
Bütövlükdə isə onların işlə təmin olunmasında istər dövlət, istərsə də özəl sektorda heç bir problem yoxdur”.

Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov fikirlərini bölüşüb:
“Özəl sektorda qazilərimiz, eləcə də şəhid ailələrinin işlə təmin olunması ilə bağlı fərqli layihələr həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu istiqamətdə rəsmi proqram icra edib, xeyli sayda iş adamları və sahibkarlar bu proqramda iştirak edərək, şəhid ailələri və qazilərin işlə təmin olunmasına dəstək olunub. Bu səbəbdən də sözügedən kateqoriyaya aid şəxslərin sosial təminatının gücləndirilməsi ilə bağlı yalnız dövlət tərəfindən deyil, həm də özəl sektor nümayəndələri vasitəsilə proqramların dəstəklənməsi reallaşıb. Məqsəd bütövlükdə cəmiyyətdə məhz həmin vətəndaşlarımızın sosial təminatına birlikdə dəstək olmaqdan ibarətdir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə SİA-nın sorğusuna cavab olaraq bildirib ki, sözügedən kateqoriyalardan olan 21,8 min şəxs aktiv məşğulluq proqramlarına cəlb edilib:

Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının məşğulluğunun təmin edilməsi dövlətin sosial siyasətinin mühüm tərkib hissəsidir.

Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyadan olan şəxslərin aktiv məşğulluq proqramlarına cəlb olunması, o cümlədən münasib işlə təminatı, özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərini yaratmaları üçün zəruri avadanlıqların verilməsi, həmçinin peşə hazırlığı kurslarına cəlb olunma və digər sosial dəstək tədbirləri həyata keçirilir.

Bundan başqa qeyd edilən kateqoriyalardan olan şəxslərə əməkhaqqının birgə maliyyələşdirilməsi, kvota üzrə işlə təminat və digər istiqamətlərdə də dəstək göstərilir.
Postmüharibə dövründə Nazirlik tərəfindən şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində həmin kateqoriyalardan olan 21,8 min şəxs aktiv məşğulluq proqramlarına cəlb edilib.
Onlardan 10 509 nəfəri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb, 10 581 şəxs isə münasib işlə təmin edilib. Həmçinin 726 şəxs peşə hazırlığına cəlb olunub.

Qanunvericiliyə əsasən kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün idarə, müəssisə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin, o cümlədən şəhid ailəsinin üzvləri və müharibə veteranlarının məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir. Müəssisələr üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə işçilərin qəbul edilməsi Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarının və ya “DOST” mərkəzlərinin göndərişi ilə həyata keçirilir.
Kvota ərazi əmək bazarındakı vəziyyətdən asılı olaraq müəssisələrdəki işçilərin orta illik siyahı sayının 5 faizindən çox olmamaq şərtilə aşağıdakı kimi müəyyən edilir:
- işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında; bu halda həmin iş yerlərindən biri əlilliyi olan şəxslər üçün nəzərdə tutulur;
- işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlilliyi olan şəxslər üçün nəzərdə tutulmaqla);
- işçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2,5 faizi əlilliyi olan şəxslər üçün nəzərdə tutulmaqla).
Qanunvericilikdə işə götürüldükdən sonra da bu kateqoriyadan olan şəxslər üçün aşağıdakı güzəştlər mövcuddur:
- şəhid ailəsinin üzvləri və müharibə iştirakçılarına işçilərin ixtisarı zamanı ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda işdə saxlanmağa üstünlüyün verilməsi;

- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət alan işçilərə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə 46 təqvim günündən az olmayaraq əmək məzuniyyətinin verilməsi;

- Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət almış işçilərə, habelə müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə öz xahişləri ilə 14 təqvim gününədək ödənişsiz məzuniyyətin verilməsi;

- vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət almış və əlilliyi müəyyən edilmiş işçilərin, habelə Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilərin attestasiyadan azad olunması;

- müharibə veteranlarına əmək məzuniyyətinin onların arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilməsi;

- həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarına uyğun olaraq digər güzəştlər.

Qeyd edək ki, ölkə qanunvericiliyində şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları üçün digər imtiyaz və güzəştlər də mövcuddur.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə