Sahibsiz heyvanlara kim sahib çıxmalıdır? - ARAŞDIRMA

Ölkəmizin və dünyanın böyük problemlərindən biri də sahibsiz itlərin mövcudluğudur. Biz bu "dostlar"la tez-tez, məhlədə, parklarda, prospektlərdə qarşılaşırıq. Onları çox vaxt qışda üşüyən, yayda isə istidən tənginəfəs vəziyyətində görürük. Qışda, yayda, soyuqda, istidə, daim bu "dostlar"ımız su, yemək axtarmaq məcburiyyətindədir. Bütün bunlar azmış kimi bəzi "vətəndaşlarımız" bu "dostlar"ımızı incidir, vurur, öz itlərini onlara cumdurur. Əslində xaotik şəhər şəraitinə adaptasiya ola bilməyən, bu aciz "dostlar"ımızın qayğısına qalmaq, ən azından əlimizdən gəldiyi qədər onlar üçün təmiz su, yemək təmin eləmək hər birimizin insani borcudur.

Bu "dostlar"ımızın daha yaxşı yaşaması üçün nələr edə bilərik? Dövlət səviyyəsində hansı tədbirlər görülür? Vətəndaşların üzərinə bu məsələdə hansı yüklər düşür? Sahibsiz itlər təhlükəlidirmi?

"My dog academy"nin sahibi, it təlimçisi Anar Cahanbəxş məsələyə belə münasibət bildirib: "Sahibsiz itlər bir çox Avropa ölkəsində mütəmmadi olaraq peyvəndlənirlər. Daha sonra onlar sığınacaqlara yerləşdirilir. Bir müddət orada qaldıqdan sonra heç kim onları sahiblənmirsə onlara evtanaziya tətbiq olunur. Əfsus ki Azərbaycanda sahibsiz itlərin sayı çoxdur. Həmin itlər tez-tez toplanır, qısırlaşdırılır, peyvəndləri vurulur. Lakin bir çox hallarda yenidən küçəyə buraxılırlar".

Anar Cahanbəxş bildirib ki, bu prosedurlar çox da effektiv deyil. Bu məsələlərlə bağlı daha ciddi işlər görülməlidir. Biz təlimçidən sahibsiz itlərin təhlükəli olub-olmamasını soruşduqda isə o, bildirdi ki, əsasən təkbaşına olan bir küçə iti çox da təhlükəli deyil. Ancaq insanlar tərəfindən vurulmuş, döyülmüş, travmaya məruz qalmış küçə itləri bəzi hallarda təhlükə törədə bilərlər: "Bundan əlavə onların təhlükə qarşısında sığınacaqları bir yerləri olmadığı üçün şimşək, maşın səsi, fişəng və başqa kənar səslərdən çox təsirlənirlər və nəticədə qorxaq olurlar. Qorxaq itlər sürü halında yaşadıqda aqressiv və ofansif ola bilirlər. Xüsusən itlərdən qorxan insanlar üçün sürü halında yaşayan küçə itləri daha təhlükəlidir. Çünki itlər jestlərdən insanın qorxduğunu anlaya bilirlər. İtlərdən qorxan biri hər hansı bir hücuma məruz qaldıqda sabit qalıb, ayaqlarını, əllərini birləşdirib "ağac vəziyyəti"ndə dayanmalıdır".

Gördüyünüz kimi ironik bir şəkildə biz həm bu heyvanları özümüzə qarşı qıcıqlandırırıq, sonra da onlardan şikayət edirik. Şəxsən mənim hazırda 4 itim var. Hər birinin sosiallaşmasına, insanlara, digər itlərə qarşı mehriban olmasına xüsusən diqqət göstərirəm. İtlərlə şəxsən bu qədər yaxın təmasda olmağım məni küçə itlərini daha yaxşı anlamağa sövq edir. Bir it üçün sahibsiz olmaq və ya sahibindən ayrı qalmaq, yuvasız, ac-susuz olmaq nə deməkdir, çox gözəl başa düşürəm. Bəzən öz itlərimlə küçədən keçəndə uzaqdan bizə baxan küçə itinin baxışlarında hər nə qədər həqiqətdən uzaq olsa da, dərin bir həsrət, kədər hiss edirəm. Maşınların, insanların qabağından quyruğunu və qulaqlarını qısaraq keçən bir it görəndə o məsum canın daha əvvəl nələr yaşadığı gözümün önündə canlanır və bu məni dərindən sarsır. Bəlkə də, inanmazsınız, ancaq bu dünyada ən çox yardım etmək istədiyim, tək-tək hər birinə kömək etmək istədiyim yeganə canlı itlərdir. Çünki yağışda büzüşüb hasarın dibinə sığınan, günəşin altında ləhləyən, ümidsizcə zibilqablarını eşələyən, asfaltın oyuqlarına yığılan çirk sudan içməyə çalışan bir it mənim üçün dünyanın ən kədərli səhnələrindən birinin baş roludur. Düşünürəm ki, hər bir vətəndaş heç olmasa bir qab "krant" suyunu qaba töküb qapısının yanına qoya bilər. Bu bəlkə də hansısa küçə heyvanının həyatını xilas edə bilər.

Məsələni daha dərindən araşdırmaq üçün "Canlı Aləmin Mühafizəsi Alyans" İctimai Birliyinin sədr əvəzi Arzu Gülmalıyevaya müraciət etdik. Həmin açıqlamanı təqdim edirik: "Əvvəla küçədə heyvanın necə yarandığına baxmaq lazımdır. Bildiyiniz kimi heyvanların ticarəti, artırılması ölkəmizdə kifayət qədər yayğındır. Çox insan onları oyuncaq kimi alır, sonra baxmağın çətin olduğunu gördükdə küçəyə atırlar. Bu hallarla mübarizə aparmaq lazımdır. Bir çox Avropa ölkəsində bunun üçün müvafiq cərimələr mövcuddur.

Bununla yanaşı heyvanlara qarşı daha vəhşi hərəkətlərə yol verən insanlar da mövcuddur. Bəziləri onların gözünü çıxardır, quyruğunu kəsir, təcavüz edir və yaxud da öldürür. Bu ağlasığmayan vəhşilikdir. Şəxsən mən evimdə küçədən ağır vəziyyətdə sahibləndiyim üç pişik, bir it saxlayıram. Lakin bu fərdlərin addımları ilə həll olacaq bir məsələ deyil. Burada ciddi təbliğat aparılmalıdır. Əsasən mediada birtərəfli xəbərləri çox görürük. İtlər hücum etdi, itdən xəstəlik keçdi və s. Ancaq heç vaxt bu heyvanları bu vəziyyətə çatdıranlar müqəssir hesab olunmur.

Arzu Gülmalıyeva bildirib ki, heyvanlara qarşı amansız münasibət göstərənlər daha ağır cərimələrə məruz qalmalıdır: "Səhv etmirəmsə, Mahatma Qandinin belə bir sözü var: "Cəmiyyətin rifah səviyyəsi orada yaşayan heyvanların rifah səviyyəsi ilə ölçülür". Bizim ölkəmizdə çox ciddi inkişaf gedir. Lakin insanlarımız heyvanlara qarşı çox amansız münasibətlər göstərir. Küçə itləri bizimlə eyni dünyanı paylaşan canlılardandır. Biz onlarla harmonik şəkildə yaşamağı bacarmalıyıq. Unutmamalıyıq ki, dünya bizim olduğu qədər, onların da evidir. Mən Sumqayıt şəhərində yaşayıram. Tibb bacısı kimi fəaliyyət göstərirəm. Lakin könüllü olaraq bu işə qoşulmuşam. Mənim özüm kimi bu işi təmənnasız görən 15 məsləkdaşım var. Biz 300-ə yaxın iti qısırlaşdırıb əraziyə buraxmışıq. Bundan əlavə hər bir əməkdaşımız öz ərazisində yaşayan küçə itlərinə qulluq edir, onların qayğısına qalır. Bu həm sevgi, həm mərhəmət, həm də təşkilatçılıq tələb edir. Bir çox insanlar düşünür ki, bu işləri dövlət etməlidir. Lakin yanılırlar. Dünyanın istənilən yerində bu məsələnin sadəcə 20 faizini dövlət üzərinə götürür. Sahibsiz heyvanlarla bağlı bir çox məsələ könüllü təşkilatlar tərəfindən həll olunur.

Mən insanlara başa salmaq istəyirəm ki, bu tamamən insanların boynuna düşən vicdani bir borcdur. İnsanlar küçə itlərinə kömək etmirlərsə, su-yemək vermirsə ən azından onlara ziyan da verməməlidir. Unutmayın ki, heyvanlara mərhəmət etməyən heç bir insan, nə insanlara, nə ailəsinə qarşı mərhəmətli ola bilməz. Mən bütün insanları heyvanlara qarşı mərhəmətli olmağa, onları sevməyə çağırıram".

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə