Düşmən Cəbrayıla 13,928 milyard ABŞ dolları məbləğində ziyan vurub

1990-cı illərin əvvəllərindən başlayaraq erməni separatçılarının Azərbaycana olan torpaq iddiaları və hərbi təcavüzü nəticəsində rayon və kəndlərimiz işğal olundu və nəticə etibarı ilə bir milyondan çox azərbaycanlı öz doğma yurd yuvalarından didərgin düşdü. Ard-arda rayonlarımızın işğalı ölkənin siyasi və iqtisadi durumunu da çətinləşdirir, Azərbaycanın bir dövlət kimi varlığına böyük təhlükə yaradırdı.

1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir.

Erməni quldurları tərəfindən işğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi ki, indi həmin şəhərdən, qəsəbə və kənddən heç nə qalmayıb, hər şey yerlə-yeksan edilib. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar. 52000 nəfər əhalisi olan, 1050 kv.km-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb.

4 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonunun azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir. Bu qələbə ordumuzun hər bir mənsubunun fədakarlığının, şücaətinin parlaq nəticəsidir. Hələ 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu ilə Lələtəpə yüksəkliyi işğaldan azad edilib, Cəbrayılın Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Vətən müharibəsinin ilk günlərində şanlı Ordumuz Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndlərini (27.09.2020), Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri (03.10.2020), Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decalı (04.10.2020) işğaldan azad edib. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edilib.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycan dövləti 44 günlük müharibədən sonra əldə etdiyi qələbə ilə regiondakı vəziyyəti dəyişdi. Bu gün artıq reallıq başqadır. Dünya ölkələri, xüsusilə də Qərb dünyası yeni reallığı dərk edir, bununla barışmalı olur. İqtisadi cəhətdən yüksək inkişafa nail olmuş Azərbaycan uğurlu xarici siyasət yürüdür. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin görülməsi, Böyük Qayıdışın təmin olunması, sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarının yaradılması və bu kimi digər istiqamətlərdə görülən işlər ölkəmizin gücünün artması, yeni perspektivlərin açılması deməkdir. Ən əsası, bu, Azərbaycanın strateji hədəflərə doğru əmin addımlarla irəliləməsini təmin edir.

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə