Rusiya-Ukrayna müharibəsi: Qalib yox, uduzan kim? - ANALİZ

Rusiyanın Ukraynada başlatdığı müharibə artıq 3 aya yaxındır ki, davam edir. Rusiya ilk gündən bu müharibəyə zorən cəlb olunduöunu dedi və ardınca hədəflərinin yalnız hərbi obyektlər olacağını açıqlasa da bu vəd özünü doğrultmadı. Rusiya ordusu bütün cizgiləri aşdı, hədəflərin təxminən 49 faizi mülkü obyektlər, yaşayış binaları, vətəndaşlar oldu. Məhz bu vəhşi aksiya dünyanı Rusiyaya qarşı qoydu, dünya gücləri tərəfindən sanksiya paketləri üst-üstə gəldi, Moskva bütün beynəlxalq təşkilatlardakı mövqeyini ard-arda itirdi, ən əsası Rusiyanın Qərb ölkələri ilə bank hesablaşmaları donduruldu. Rusiyanın maliyyə sistemi çökdü, xüsusən də iri şirkətlər bu ölkənin ərazisini tərk etmək məcburiyyətində qaldı, növbədə neft və qaz satışına qoyulan qadağalar vardı. Və bu sektora tətbiq olunan yarım-sanksiyalar belə Rusiya iqtisadiyyatına köklü zərbə vurub və vurmaqda hələ də davam edir.

Rusiyaya qarşı iqtisadi sanksiyaların sayı artmaqda davam edir. Statistik göstəriciləri və ekspert rəylərini nəzərdən keçirsək görərik ki, 2019-cu ilin məlumatlarına görə, Rusiyanın ixracında ilk yerləri neft, təbii qaz və onlardan alınan məhsullar tuturdu. 407 milyard dollarlıq ixrac həcminin 59 faizindən çoxunu neft məhsulları təşkil edirdi, digər əsas kateqoriyalar arasında minerallar və qiymətli metallar da var.

2019-cu ildə Rusiyanın ixracının 38 faizi Avropa ölkələrinin payına düşüb. Hələ ki, Rusiyanın enerji ixracatına sanksiyalar tam olaraq tətbiq edilməyib və müharibə başladıqdan sonra artan neft qiymətləri bu ölkənin gəlirlərinin artmasına səbəb olub. Ancaq belə vəziyyət uzun sürməyə bilər.

Rusiya qazı və neftinin ən böyük müştərilərindən olan Avropa Birliyinin enerji təhlükəsizliyinə görə fərqli mənbələrə üz tutması yaxın illərdə onun ixrac bazarını daralda bilər. Beynəlxalq Enerji Agentliyinin (BEA) martın 3-də açıqladığı hesabata görə, Avropa İttifaqı bir il ərzində atacağı 10 addımla Rusiyadan idxal etdiyi qazın həcmini 30 faiz azalda bilər. Artıq heç kim xəyal qurmur. Təbii qaz ehtiyatlarından Rusiyanın iqtisadi və siyasi silah kimi istifadə etməsi onu göstərir ki, gələn qış qaz tədarükündə qeyri-müəyyənliklə üzləşməmək üçün bu il Avropa sürətlə hərəkətə keçməlidir. Bu plan Rusiya qazından asılılığı azaltmaqla yanaşı, ekoloji baxımdan təmiz enerjiyə təhlükəsiz və ucuz keçidi də təmin edər.

Bəs bu addımları atmaq üçün Avropa, xüsusən də Rusiyanın enerji daşıyıcılarından asılı olan ölkələr nə etməlidir? Ekspertlərin qaza qənaətlə bağlı tövsiyələri belədir. Rusiya ilə yeni qaz alışı müqaviləsinin imzalanmaması, təbii qazın mümkün qədər başqa ölkələrdən alınması (30 milyard kubmetr), külək və günəş enerjisi ilə bağlı yeni layihələrin sürətləndirilməsi (6 milyard kubmetr), mövcud nüvə və bioenerji elektrik stansiyalarının tam gücüylə işləməsi (13 milyard kubmetr), istehlakçılardan termostatlarındakı temperaturu bir dərəcə azaltmağı xahiş etmək (10 milyard kubmetr).

İdxalda ilk növbədə məhdudlaşdırılacaq məhsullar isə Rusiyaya qarşı sanksiyaların təsirini qısa müddətdə daha çox hiss etdirə biləcək kateqoriyalara aiddir. Rusiyanın illik həcmi 238 milyard dollar təşkil edən idxalında birinci yeri texnologiya məhsulları tutur. Kompüterlər, ofis avadanlıqları, sənaye istehsalı üçün lazım olan maşınlar, rabitə vasitələri və digər elektron avadanlıqlar Rusiya iqtisadiyyatının xaricdən təmin edilən əsas ehtiyaclarıdır. Bir çox şirkət bu kateqoriyalar üzrə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. “Intel”, AMD, “Nvidia” və “Apple” kimi çip və kompüter istehsalçıları Rusiyaya məhsul göndərməyi dayandırıblar.

ABŞ Prezidenti Co Bayden sanksiyalarla bağlı qərarı açıqlayarkən dediyi fikirlər çox maraqlıdır: “Bunun Rusiya iqtisadiyyatına uzunmüddətli təsir göstərəcəyi qaçılmazdır. Rusiya iqtisadiyyatının strateji sektorlarına lazım olan texnologiyanın idxalını məhdudlaşdırmaqla bu ölkənin sənaye imkanlarını məhdudlaşdıracağıq”.

Aviasiya sənayesinin ən böyük aktorları “Boeing” və “Airbus”, avtomobil sənayesində isə “Volkswagen” qrupunun da daxil olduğu bir çox böyük şirkət Rusiyaya ixracı dayandırıblar. “Fortune” jurnalının yazdığına görə, Rusiya aviaşirkətlərindəki təyyarələr arasında Qərb şirkətlərindən icarəyə götürülmüş olanlar da var. Onların başqa ölkələrdə ələ keçirilə biləcəyini əsas gətirən Rusiya Federal Aviasiya Agentliyi belə təyyarələri olan şirkətlərə başqa ölkələrə uçuşları dayandırmağı tövsiyə edib. “Boeing” və “Airbus”-dan ehtiyat hissələri və xidmətlər ala bilməmək də Rusiya şirkətlərinə ciddi təsir etməkdədir. “Aeroflot” şirkətinin donanması, demək olar ki, tamamilə bu iki şirkətin təyyarələrindən ibarətdir.

Avtomobil sənayesi barədə xəbərlər yayımlayan “CarNewsChina.com” saytının məlumatına görə, Rusiya bankları SWIFT sistemindən kənarda qalsa da, həm Çinin, həm də Rusiyanın öz ödəniş sistemlərini qurması bu iki ölkəyə yerli valyutalarla alver etmək imkanı yaradır. Bəzi Rusiya banklarının SWIFT sistemindən çıxarılması, o cümlədən, “MasterCard” və “Visa” ödəniş şirkətlərinin Rusiyaya qarşı sanksiya tətbiq etməsi dolayı yolla qida, tibb və turizm sektorlarına da təsir etməkdıdir.

Rusiya Mərkəzi Bankının saytındakı məlumata görə, bu ölkə son 15 ildə 554 milyard dollar investisiya cəlb edib. Rusiyanın Qərblə münasibətindən asılı olaraq illər ərzində investisiyaların həcmi dəyişib. Məsələn, 2014-cü ildə Rusiya Krımı ilhaq etdiyi üçün 2015-ci il bu ölkənin ən az investisiya cəlb etdiyi illərdən biri olub. Bu ilə aid məbləğin 50 milyardı Britaniyadan, 60 milyardı Hollandiyadan, 24 milyardı Almaniyadan, 20 milyardı isə Fransadan daxil olub.

Bu gün bu ölkələr Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi siyasətinə liderlik edirlər. Son 11 ildə xaricilərin Rusiyaya ən çox sərmayə qoyduğu (93 milyard dollar) sektorlar mədənçıxarma və neft hasilatı olub. Qeyd edək ki, iqtisadiyyatının təbii qaz və neftdən asılılığını azaltmaq istəyən Rusiya üçün birbaşa xarici investisiyalar böyük əhəmiyyət kəsb edir.

ABŞ-ın “Atlantic Council” analitik mərkəzinin məlumatına görə, Krımın 2014-cü ildəki ilhaqından sonra tətbiq edilən sanksiyalar Rusiyanın iqtisadi artımını hər il 2,5-3 faiz azaldıb. Ona görə də 2014-cü ildən sonra qlobal iqtisadiyyat ildə orta hesabla 2,3 faiz böyüdüyü halda, Rusiya iqtisadiyyatı 0,3 faiz inkişaf edə bilib.

Ukraynaya hücumdan sonra tətbiq edilən yeni və əhatəli sanksiyaların Rusiya iqtisadiyyatını daha da kiçildəcəyi gözlənir.

Avropa İttifaqı xarici işlər nazirləri ciddi fikir ayrılıqları səbəbindən Rusiyaya qarşı neft embarqosu məsələsində yekdil rəyə gəlmək hələlik mümkün olmayıb. Amma bu o demək deyil ki, Rusiyaya qarşı embarqo tətbiqi baş tutmayacaq. Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell də bu fikirdədir. "Əlbəttə, biz bunu (neft embarqosu – müəllif) müzakirə edəcəyik və vəziyyəti blokdan çıxarmağa çalışacağıq, lakin mən buna zəmanət verə bilmərəm, çünki müxalifət çox güclüdür", deyə cavab verib.

Bloomberg hökumətdəki mənbələrə istinadən xəbər verir ki, Avropa İttifaqı sanksiyaların növbəti mərhələsi çərçivəsində ümumavropa embarqosu ilə bağlı razılığa gələ bilməsə belə, Almaniya ilin sonuna qədər Rusiya neftinin idxalını dayandırmağı planlaşdırır. Kansler Olaf Şolz administrasiyası artıq alternativ təchizatçılar axtarır və əmindir ki, qalan logistika problemləri yaxın altı-yeddi ay ərzində həll edə biləcək.

Almaniya hökuməti Aİ-nin anti-Rusiya sanksiyaları çərçivəsində öz milli planını təbliğ etmək niyyətindədir. Lakin kəsiri hansı ölkələrin ödəyəcəyini dəqiqləşdirməyiblər.

Bloomberg qeyd edir ki, Şolzun mayın 19-da Hollandiyanın baş naziri Mark Rutte ilə görüşü və mayın 20-də Berlində Qətər əmiri Təmim bin Həməd Əl-Tani ilə danışıqların əsas mövzusu neft sanksiyaları və enerji təhlükəsizliyi olacaq.

Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Avropa Komissiyasının Rusiyadan neft tədarükü ilə bağlı təklif etdiyi embarqo məsələsi ilə bağlı mövqelərini əlaqələndirməyə çalışacaqlar. Aİ diplomatlarının fikrincə, embarqoya ilk növbədə Macarıstanın hakimiyyət orqanları qarşı çıxır və onlar belə bir tədbirin iqtisadi nəticələrindən ehtiyat edirlər.

On gün əvvəl Avropa Komissiyası Rusiyadan xam neft və neft məhsullarının idxalına qadağa qoyulmasını təklif etsə də, Aİ ölkələri hələ də bu məsələdə razılığa gələ bilməyiblər. Embarqoya əsasən Macarıstan, Slovakiya və Çexiya Rusiyadan neft tədarükündən çox asılı olduqları üçün etiraz edirlər.

Müharibənin digər iştirakçısı, daha doğruzu ərazisində amansız müharibə gedən Ukraynanın vəziyyəti daha acınacaqlıdır. Ölkənin xüsusən də şərq hissəsi, az bir qismi də cənub hissəsi müharibədən daha çox ziyan çəkib. Şəhərlər, qəsəbələr, kəndlər dağıdılıb, fabrik-zavodlar, sənaye mərkəzləri, infrastruktur məhv edilib. Bu öz yerində. Amma nəzərə alsaq ki, bütün Qərb ölkələri bu müharibədə Ukraynanın tərəfində dayanıb, postmüharibə dövründə bu ölkəyə dəstək verəcəyi, milyardlarla hesablanacaq investisiyaların cəlb olunacağı tam olaraq gözlənilir.

Amma bu müharibədə kimin qalib gəldiyini demək çox çətindir, hətta mümkün deyil. Çünki bu müharibənin qalibi ümumiyyətlə, yoxdur. Məğlub barədə danışanda isə bu siyahıda Rusiya və Ukrayna ilk pillədədirlər. Pandemiyadan sonra çətinliklə özünə gəlməyə çalışan ölkələrin Rusiya-Ukrayna müharibəsində qeyri-müəyyən yol tutmaları da ziyanların daha böyük olacağından xəbər verir.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə