Soçi və Brüssel görüşləri nə vəd edir - Zəngəzur dəhlizi açılır? - EKSPERT RƏYİ

“Soçidə əldə edilmiş anlaşma müsbət dəyərləndirilməlidir. İlk növbədə Azərbaycanın haqlı mövqeyi Bakı və İrəvan arasında gedən danışıqlarda moderator olan Rusiya tərəfindən anlayışla qəbul edilir. Yəni, Rusiyanın özü də Azərbaycanın mövqeyinin beynəlxalq hüquq normalarına istinad etdiyinin mahiyyətinə varır. Nəzərə alsaq ki, Rusiyanın Ermənistan rəhbərliyinə qarşı ciddi təsir və təzyiq rıçaqları var və təbii ki, Moskva bu məsələdə həqiqətən israrlı və səmimi olsa, yaxın gələcəkdə həmin dəhlizin açıla biləcəyi ilə bağlı gəlişmələrin şahidi olacağıq. Şübhəsiz ki, bu dəhlizin açılması bölgənin iqtisadi baxımdan rentabelliliyinin təmin edilməsi ilə bağlı Rusiyanın özünün də maraqlarına cavab verir. Bu dəhlizin açılması, Rusiyanın Ermənistanla birbaşa ticari və iqtisadi əlaqələrinə, o cümlədən bu ölkədəki hərbi bazalarının təminatı ilə bağlı məsələlərə müsbət təsir göstərməlidir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Ekspertin sözlərinə görə, bu gün Rusiyanın Ermənistanla birbaşa quru əlaqəsi yoxdur: “Rusiya Ermənistandakı hərbi bazalarının təminatını çox baha başa gələn aviasiya reysləri vasitəsilə həyata keçirir. Gürcüstanla münasibətlərindəki problemləri də nəzərə aldıqda, Rusiyanın nə üçün bu dəhlizin açılmasında belə maraqlı olduğunu anlamaq olar. Eyni zamanda, bu dəhlizin açılması bölgə dövlətlərinin də maraqlarına cavab verir. Türkiyə və Rusiya arasında əldə edilmiş müəyyən razılaşmalar var. Bu dəhliz Türkiyənin Azərbaycan və digər türk respublikaları ilə birbaşa əlaqələrinin qurulması və münasibətlərinin fərqli müstəviyə keçirilməsi baxımından öz müsbət töhfəsini verməlidir. Daha qlobal baxımdan isə, bu dəhliz Böyük İpək Yolunun əvvəlki əhəmiyyətinin bərpa olunması anlamından qəbul edilməlidir”.

Politoloq nəzərə çatdırıb ki, bölgə dövlətlərinin siyasi elitaları arasında yüksək səviyyəli anlaşmalar əldə edilib: “Yəni, perspektivdə bu dəhlizin açılacağına ümid bəsləyə bilərik. Xatırladım ki, uzun müddətdir Türkmənistan qazının İran və ya Xəzər dənizi üzərindən Qərbə çıxarılması məsələsi problem olaraq qalırdı. Nəhayət, Tehranın türkmən qazının İran, bundan sonra Azərbaycan üzərindən çıxarılması ilə bağlı Bakı ilə razılığa gəlməsi göstərir ki, bölgədəki nəqliyyat dəhlizlərinə fərqli baxışlar formalaşır. Ümumən bölgə dövlətləri arasında iqtisadi məsələlərlə bağlı anlaşmalar nə qədər yüksək səviyyədə olarsa, bu da regionda dayanıqlı sülh və sabitliyin olmasına öz töhfəsini verə bilər”.

E.Manafov vurğulayıb ki, Ermənistan rəhbərliyinin bu ziddiyyətli davranışları Nikol Paşinyanı hakimiyyətə gətirmiş Soros və ABŞ-ın dərin dövlətinin ismarıcları əsasında baş verir: “Çünki həmin dəhlizlərin açılması Rusiya və İranın bölgədəki təsir imkanlarının artması demək olacaq, bölgə dövlətləri arasındakı əməkdaşlığın yeni mərhələyə daxil olmasına şərait yaradacaq. ABŞ isə bu proseslərdə hegemon rol oynamaq istəyir. Buna görə də, ABŞ yenidən ATƏT-in Minsk qrupunu dirçəltməyə və bununla “Qarabağın statusu” məsələsinə yeni impuls verməyə çalışır. Bunun da erməni cəmiyyətinin diqqətini cəlb edəcəyini düşünürəm. Bütövlükdə, Ermənistan-Rusiya münasibətlərində yarana biləcək problemlər və ya erməni cəmiyyətində anti-Rusiya ovqatının güclənməsi ABŞ-ın maraqlarına cavab verir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə