Yaxın Şərqdə geosiyasi vəziyyət: Regiona təsirləri necə ola bilər? - EKSPERT AÇIQLADI

“Bu gün dünyada baş verən bir çox siyasi proseslərin mərkəzində qismən də Yaxın Şərqdən bir az fərqli olan Əfqanıstandır. Bildiyiniz kimi, Əfqanıstanda Taliban qruplaşması hakimiyyətə gəlib. Taliban haqqında dünya liderləri eyni fikirdə olmamaqla yanaşı, Talibanın hakimiyyəti ələ keçirməsinə müxtəlif səpkidə yanaşırlar. Bəs məsələ nədən ibarətdir? Bəziləri Talibanı, sözün əsl mənasında, islahatçı kimi, digər qisim isə, əslində, radikal bir qruplaşmanın şəkil dəyişmiş formasının hakimiyyəti ələ keçirməsi kimi qəbul edir”. Bu fikirləri SİA-ya açıqlamasında TREND İnformasiya Agentliyinin baş redaktoru, Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu deyib.

Ekspertin sözlərinə görə, nəticə etibarilə, Taliban Əfqanıstanda 20 il öncəki vəziyyəti bərpa edib: “Bunun bir çox səbəbləri var ki, onlardan da biri Əfqanıstanda Amerika ilə müttəfiq olan qüvvələrin xalqın içində rəğbət görməməsi idi. Taliban da məhz bundan istifadə etməklə Əfqanıstanda kənd-kənd, şəhər-şəhər silahlı mübarizə bir tərəfə, ideoloji mübarizə də apardı. Yəni, Amerika və Qərb ideologiyasının girmədiyi yerlərdə Taliban öz mexanizmindən istifadə etdi və həmin yerləri ideoloji olaraq ələ keçirdi. Burada digər əsas məqamlardan biri də Talibanın digər dövlətlər tərəfindən tanınıb-tanınmaması ilə əlaqədardır. Əslində, Talibanın hakimiyyətə gəlməsi Əfqanıstan üzərində gedən mübarizənin yeni mərhələsidir. Belə ki, hər kəsə aydındır ki, bundan sonra Əfqanıstanda demokratik bir rejimin olması, Qərb modelinin işləməsi mümkün olmayacaq. Bunu, Amerika da, Rusiya da, Qərb ölkələri də bilir. Belə olan halda burada lokal model lazımdır ki, bu da Taliban idi. Bundan sonra Talibanla kim danışıqlar aparsa, kim ilkin addımı atsa, o da qalib gələcək. Bu məsələdə Türkiyə və adı hələ də hallanmayan Qətər digər ölkələrdən daha avantajlı görünür”.

R.Hafizoğlu vurğulayıb ki, İxvanul Muslimin hərəkatının ideoloji bazası hazırda Qətərdədir: “Onların liderlərindən olan Əbdül Qəni Bəradər də heç şübhəsiz ki, İxvanul Muslimin ideyasından təsirlənib və böyük ehtimal ki, Əfqanıstanda ən azından ideoloji baxımdan söz sahiblərindən biri də Qətər olacaq. Taliban 90-ların sonlarında Pakistan xüsusi xidmət orqanları tərəfindən yaradılmış bir qruplaşma idi ki, hakimiyyətə gəldi. Məhz bu faktı nəzərə alaraq qeyd etmək olar ki, burada söz sahiblərindən biri də Pakistan olacaq. Yaxın Şərqdə, o cümlədən Əfqanıstanda baş verən hadisələr dünyaya təsirsiz ötüşə bilməz. Yəni, sözügedən regionda baş verən hadisələr digər regionlara da öz təsirini göstərir. Bu təsirlər siyasi, iqtisadi və energetik səpkidə öz əksini tapır. Talibanla bağlı bir məqamı da nəzərə çatdırmaq istəyirəm ki, bu qruplaşma haqqında bir çox fəqli fikirlər var. Bu fikirlərdən biri də Talibanın guya sələfi olmasıdır. Bu sələfi-vəhabi qruplaşması deyil. Əslində, ideoloji baxımdan sufi-cihadçı qrupdur ki, biz bunu bir qədər araşdırsaq yaxından öyrənə bilərik”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə