"Qalib Azərbaycanın daha da güclənməsi dövrü başlayacaq" - HULUSİ KILIÇ ŞƏRH ETDİ

“Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı dostları sevindirdi, düşmənləri isə kədərləndirdi. 30 ildən sonra belə bir festivalın keçirilməsi türk dünyasına böyük bir sevinc yaşatdı. Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa türk dünyasının göz bəbəyi, namusu, Qafqazın incisidir. Onu da qeyd edim ki, Şuşa gələn il Türk dünyasının mədəniyyət paytaxtı kimi də beynəlxalq aləmin diqqət mərkəzində olacaq”. Bu fikirləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib.

H.Kılıç Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın dünyada xüsusi diqqətlə izləndiyini bildirib: “İki gün davam edən bu festivalın Cıdır düzündə keçirilməsinin isə ayrı bir dəyəri var. Çünki keçən il bu vaxt Şuşa Ermənistanın işğalı altında idi və Nikol Paşinyan sərxoş halda məhz Cıdır düzündə rəqs edirdi.

Azərbaycan əsgəri qəhrəmanlıq dastanı yazdı

“Amma ötən il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşanı işğalçılardan azad etdi. Həmin günlər Şuşanı azad edən Azərbaycan əsgərləri bununla bir qəhrəmanlıq dastanı yazdılar. Bu gün isə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi növbəti dəfə “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. İndi mən sual edirəm: Paşinyan, hardasan?”

H.Kılıç deyib ki, müharibədən sonra Şuşada ilk dəfə keçirilən “Xarıbülbül” festivalında Azərbaycanda yaşayan müxtəlif xalqların musiqisinin səsləndirilməsi böyük rəmzi məna daşıyır: “Azərbaycanın musiqi mədəniyyətinin və zənginliyinin bir daha nümayiş etdirildiyi “Xarıbülbül” festivalı həm də dünyaya gözəl bir mesaj verdi.

“Yəni böyük əminliklə bildirirəm ki, bu festival Azərbaycanın multikultural ənənələrinə sadiq qaldığını bir daha təsdiqlədi. Azərbaycanda yaşayan ayrı-ayrı xalqların yaradıcılıq qruplarının bir-birindən maraqlı çıxışları bütövlükdə festivalın rəngarəngliyini daha da artırdı. Bununla da, Azərbaycanın millətindən, dinindən asılı olmayaraq bu ölkədə yaşayan hər bir kəsin vahid Vətəni olduğu mesajı bütün dünyaya çatdırıldı”.

Bütün xalqlar vahid düşmənə qarşı birləşdi

Bu gün Qarabağda yaşayan ermənilər bu festivaldan yaxşı nəticə çıxarmalıdır: “Azərbaycan hər zaman multikultural dəyərlərə böyük önəm verib. Bunun nəticəsidir ki, müharibə dövründə Azərbaycanda yaşayan bütün xalqlar Vətənin müdafiəsinə qalxdı, ümumi düşmənə qarşı eyni səngərdə vuruşdu.

“Eyni zamanda “Xarıbülbül” musiqi festivalının ilk günündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Bundan sonra qalib Azərbaycanın daha da güclənməsi dövrü başlayacaq.

Heç şübhəsiz ki, bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın əldə etdiyi uğurlardan burada yaşayan hər kəsə pay düşəcək. Təkrar edirəm dinindən və milli kimliyindən asılı olmayaraq Azərbaycanı özünə Vətən sayan hər bir kəsə gələcək uğurlardan da pay düşəcək.

Hazırda Azərbaycan vətəndaşı olan və Qarabağda yaşayan ermənilər bunu yaxşı-yaxşı dəyərləndirməli, seçim etməlidirlər. Yəni onlar da Azərbaycan vətəndaşlarıdır və bu ölkənin qanunlarına tabe olmalıdırlar. Yox, əgər Qarabağdakı ermənilər Azərbaycanın qanunları ilə yaşamaq istəməsələr, getsinlər İrəvana. Buyursunlar, seçsinlər. Varlı Azərbaycanın, yoxsa kasıb, gələcəyi bəlli olmayan Ermənistanın vətəndaşı olmaq istəyirlər?”

Ermənilər seçim etməli olacaqlar

“Onu da deyim ki, istər Azərbaycan, istərsə də Türkiyə hər zaman sülhün, əminamanlığım, regional inkişafın tərəfdarı olub. Biz bir millət, iki dövlət olaraq daim sülh və sabitlik uğrunda mübarizə aparmışıq. Müharibədən sonra ortaya qoyulan mövqe də bunu təsdiqləyir. Məhz bunların fonunda “Xarıbülbül” festivalını bır sülh festivalı kimi dəyərləndirmək olar. Çünki bu festivalda bir daha dünyaya bir sülh mesajı verildi”, – deyə keçmiş səfir vurğulayıb.

Hazırda Şuşada irimiqyaslı quruculuq işləri aparılmaqla yanaşı, həm də şəhərin tarixi ənənələrinin bərpa olunduğunu, mədəni həyatının canlandırıldığını deyən H.Kılıç əlavə edib: “Bu festival digər iki məqama görə də əhəmiyyətli oldu. Əvvəla beynəlxalq aləmin diqqəti bir daha Ermənistan tərəfindən işğal edilən və hazırda azad olunmuş torpaqlarda işğalçıların törətdiyi vəhşiliklərə yönəldildi. İkincisi isə bu festival Şuşanın tarixi, coğrafi, mədəni və turizm baxımından hansı dəyərə malik olduğunu sərgilədi. Əminəm ki, növbəti il həm çoxsaylı xarici ölkələrin musiqi kollektivləri bu festivalda iştirak edəcək, həm də Şuşaya çoxlu sayda xarici turist gələcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə