Azərbaycan hökuməti mədənlərin istismarı ilə bağlı tədbirlər görəcək - ŞƏRH ÖZƏL

"Bu gün aparılan döyüşlərdə Azərbaycan Ordusu mütləq üstünlüyə malik olmaqla bərabər düşmənin hərbi texnikası böyük dərəcədə məhv edilmiş və eyni zamanda, hərbi qənimət kimi götürülmüşdür. Bütövlükdə, sentyabrın 27-dən bu günə qədər Ermənistan Ordusuna əhəmiyyətli zərbə vuruldu. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda şanlı üçrəngli bayrağımız dalğalanır. Bu gün Azərbaycan əsgərləri bizim işğal edilmiş torpaqlarda ermənilərin qazdıqları səngərlərində, postlarında, tanklarında keşik çəkirlər. Qənimət kimi götürülmüş onların hərbi texnikası, tankları indi döyüş meydanında onların özünə qarşı vuruşur. Budur Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və ordumuzun üstünlüyü. Eyni zamanda, erməni tərəfinin alçaldılmış vəziyyətdə olması da aydındır. Belə ki, illər ərzində qürrələndikləri, özlərinin yaratdığı, yalnız özlərinin indandığı və lovğalandığı “məğlubedilməz ordu” mifini bu gün qeyrətli Azərbaycan oğulları yerlə yeksan edir". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, eyni zamanda, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda ölümsaçan silahların qeyri-qanuni şəkildə əsasən qaçaqmalçılıq metodları ilə keçirildiyi Azərbaycan tərəfindən Rusiyaya bildirilib: "Belə ki, bu haqda dəqiq məlumatlar, uçuşların xəritələri, silahların tipləri də mövcuddur. Hətta Azərbaycan açıq şəkidlə bəyan edir ki, ehtiyac yaranarsa bu zaman kəsiyində Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilər. Bu sxemdə erməni mənşəli rusiyalı iri sahibkarların əli və beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah alverçilərinin əli var. Bütövlükdə nəzərə alsaq ki, Dağlıq Qarabağ bölgəsində 112 tondan çox qızıl ehtiyatının olduğu məlumdur, bölgədəki qızılın mütləq çoxluğuna, daha dəqiq desək 99%-inə nəzarət edən Rusiyanın GeoProMining Gold şirkətidir. Şirkət Azərbaycanın vəziyyəti nəzarəti altına almasından sonra milyardlarla dollarlıq qızıl ehtiyatından əl çəkməmək üçün bölgəyə çoxlu sayda silah və muzdlu əsgər toplamağa başladı. Azərbaycanla Ermənistan arasındakı qarşıdurmanın kəskinləşməsindən sonra şirkət təhlükəsizlik səbəbi ilə mədənlərdə istehsalını dayandırdı və işçilərini müddətsiz məzuniyyətə göndərdi. Ancaq bölgədən alınan son məlumatlardan görünür ki, Rus şirkətinin mineral yataqları ilə zəngin bölgədəki milyardlarla dollarlıq qızıldan asanlıqla əl çəkməyəcək. Şirkətin uzun illər ərzində işğal altındakı Dağlıq Qarabağın Kəlbəcər şəhərindəki qızıl yataqlarını istismar etdiyi az deyilmiş kimi, eyni zamanda külli miqdarda silah və muzdlu toplayaraq bölgənin tam azad olmasının qarşısını almağa çalışır. Bütün bu cəhdlərə baxmayaraq, məlum məsələdir ki, 27 ildir Azərbaycanın sahib olduğu torpaqlardan qızıl çıxararaq milyardlarla dollar qazanan şirkət Azərbaycanın şanlı ordusunun ərazi bütövlüyümüzü bərpa etməsi ilə Kəlbəcər bölgəsindəki qızıl mədən yataqlarını itirməklə böyük bir iflas yaşayacaq".

Ş.Həsənova vurğulayıb ki, Ermənistanın 27 sentyabr hücumlarından sonra hərəkətə keçən və 26 gün ərzində işğal olunmuş 3 şəhər, 1 qəsəbə və 94 kəndi geri alaraq bölgənin taleyini təyin etməklə ən kritik şəhər olan Şuşa şəhərinə yaxınlaşır. O zaman güman edirəm ki, Kəlbəcər, Laçın, Ağdərə və Zəngilan tutulduqdan sonra Azərbaycan Laçın dəhlizini də tam nəzarətə götürəcək və Şuşanın alınmasından sonra danışıqlar masası qurulacaq. Ermənistanın işğalı altındakı Dağlıq Qarabağ bölgəsi müxtəlif yeraltı sərvətlər və qızıl və mis mədənləri ilə olduqca zəngin bir bölgə kimi tanınır. Artıq heç kimə sirr deyil ki, bu yerlər qanunsuz olaraq işlədilir və məhsulların bir çox ölkəyə ixrac edildiyi də məlumdur. Necə ki, Ermənistanın mülki əhalimizi hədəfə tutması və öldürməsi ilə bağlı Baş prokurorluq tərəfindən cinayət işləri açılır və Ermənistanın cinayətkar əməlləri ilə bağlı müvafiq instansiyalara ötürülmək üçün informasiya toplanır, eləcə də heç şübhəsiz ki, Kəlbəcər tamamilə azad edildikdən sonra Azərbaycan hökuməti mədənlərin istismarı ilə bağlı da tədbirlər görəcək. İşğal olunmuş Azərbaycan ərazilərindəki mədənlərin istismarı və ixracı ilə bağlı hesabatların hazırlanması və beynəlxalq məhkəmələrdə müvafiq şirkətlərə qarşı yüzlərlə cinayət işi açılması planlaşdırılır. Sözsüz ki, Azərbaycan bu işlərdən külli miqdarda təzminat qazana bilər. İşğal olunmuş ərazilərdə qanunsuz qazanc əldə edən şirkətlərdə artıq böyük çaxnaşmanın başladığı da məlumdur".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə