"Ermənistan bu reallığı öz maraqlarına uyğun şəkildə dəyişməyə çalışırdı" ÖZƏL-ŞƏRH

"Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin motivi ondan ibarətdir ki, “Böyük Ermənistan” utopiyası reallaşdırılsın. Utopiya isə reallaşdırıla bilməz. Çünki utopiya o hala deyilir ki, onun reallıqla heç bir əlaqəsi yoxdur. Azərbaycana qarşı son dövrlərdə hərbi təxribatların intenstiv xarakter almasını şərtləndirən bir sıra məqamları ayrıca qeyd etmək lazımdır. Hesab edirəm ki, bu son dövrlərdə cənab Prezidentin rəhbərliyi altında Azərbaycan Respublikasının həyata keçirdiyi uğurlu diplomatiya ilə bağlıdır". Bunu SİA-ya millət vəkili Elşad Mirbəşiroğlu deyib.

"Bildiyimiz kimi bu gün bütün beynəlxalq müstəvilərdə münaqişənin tənzimlənməsinin yeganə yolu kimi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması göstərilir. Başqa cür qeyd etmiş olsaq qeyd olunur ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənə bilər. 2019-cu ilin oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü baş tutdu. Zirvənin yekunu olaraq 4 qətnamə qəbul olundu. Həmin 4 qətnamənin 3-də Azərbaycanın ərazi bütövlüyü aydın mətnlə dəstəkləndi. Həmçinin ayrıca olaraq aydın şəkildə ifadə Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış vəziyyətin hüquqiliyi tanınmır. Burada bir sıra vacib məqamları vurğulamaq yerinə düşər. Birincisi, Ermənistan işğalçı dövlətdir. Çünki orada Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış vəziyyətin hüquqiliyindən danışılır. İkincisi isə Ermənistan Azərbaycan ərazilərini işğal edib, bu fakt kimi qeyd olunur və sənədlərdə öz əksini tapır. Digər məqam isə Ermənistanın işğalçılıq siyasətinin nəticəsi tanınmır və bu müvəqqətidir, aradan qaldırılacaq. Həmin dövrə qədər də Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövcud mövqeyi Azərbaycanın münaqişə vəziyyətində ədalətli maraqlara malik olduğunu aydın şəkildə göstərir. Beynəlxalq ictimaiyyət də Azərbaycanın ədalətli mövqelərini qəbul edir. Bu da Azərbaycanın yaratmış olduğu yeni reallıq idi. Yəni Ermənistanı narahat edən başlıca məqam ondan ibarət idi ki, Azərbaycan yeni siyasi reallıq formalaşdırdı. Təbii ki, belə olan halda işğalçı, separatçı Ermənistan bu reallığı öz maraqlarına uyğun şəkildə dəyişməyə çalışırdı.

Bu ilin iyul ayının 12-də işğalçı Ermənistan məhz Dağlıq Qarabağ ərazilərindən deyil, Azərbaycan-Ermənistan dövlət sərhəddi boyunca təxribatlar törətməyə başladı. Məqsəd ondan ibarət idi ki, Azərbaycan bu təxribatların qarşısını alan zaman Ermənistanın ərazisindəki atəş nöqtələrini susdurmalı olacaqdı. Ermənistan da bunu beynəlxalq ictimaiyyətə Azərbaycanın Ermənistan ərazisinə təxribatı kimi təqdim etmək istəyirdi və etdi də. Amma heç bir nəticə əldə edə bilmədi. Bu da ona dəlalət edir ki, Azərbaycan beynəlxalq informasiya məkanında da artıq kifayət qədər effektiv fəaliyyət göstərə bilir"-deyə, deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə