Erməni mediası "Nikolsuz Ermənistan” tezislərini niyə ortaya atır? - ŞƏRH

"Müxalif “Çiçəklənən Ermənistan”, “Daşnaksütyun” və Vətən partiyaları oktyabrın 8-də İrəvanda ümumrespublika mitinqi keçirəcəklər. Birgə bəyanatda deyilir ki, son iki ildə hökumət ictimaiyyətin ümidlərini doğrultmayıb". SİA-nın məlumatına görə, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.

Politoloq əlavə edib ki, Ermənistanın indiki hakimiyyəti bütün sahələrdə uğursuzluğa uğrayıb: "Hakim siyasi partiya dövlətimizin tələblərinin həyata keçirmək qabiliyyətinin olmadığını sübut edib. Ermənistanda mövcud siyasi gərginlik hər gün artmaqda davam edir. Siyasi və iqtisadi böhran daha da dərinləşir. Nikol Paşinyan hökumətindən narazılıq günü-gündən artır. Xüsusən də Paşinyanın verdiyi vədlərə əməl etməməsi cəmiyyətdə ondan narazılığı artırır. Görünən odur ki, Paşinyan artıq ölkə daxilində müxalifətin təzyiqləri ilə üzləşməyə başlayıb. Onun reytinqi sürətlə düşür. Bu müstəvidə hakim komanda parçalanır, istefa dalğası bütün iqtidarı iflic etməkdədir. Bir neçə ay öncə bildiyimiz kimi, bir gündə polis rəisi Arman Sarkisyan, baş qərargah rəisi Artak Davtyan və milli təhlükəsizlik xidmətinin direktoru Eduard Martirosyan istefa verdilər. Bir sözlə görünən odur ki, Paşinyan səriştəsiz olduğunu, heç bir sahəni normal idarə edə bilmədiyini ortaya qoyub. Yerli və xarici analitiklərin iddialarına görə, yaranmış vəziyyətdə Ermənistanda bütün dövlət idarəetmə sistemi xaosa sürüklənir".

Onun sözlərinə görə, erməni mediası yazır ki, real vəziyyət Nikol Paşinyan iqtidarının yarıtmaz siyasətinin, ölkənin inkişafı naminə hansısa uğurlu addım ata bilməməsinin konkret göstəricisidir: "Mətbuatda qeyd edilir ki, ötən dövr ərzində baş nazir xalqı yox, yalnız özünü düşündüyü üçün Ermənistan acınacaqlı vəziyyətdə yaşayır. Bunun real təsdiqi kimi qeyd olunur ki, son iki ildə Emənistanda korrupsiya faktları dəfələrlə artıb. Bildirilir ki, korrupsiya nəticəsində hakimiyyət təmsilçilərinin var-dövləti artdığı halda, sadə əhalinin güzəranı daha da pisləşib. Ermənistanın borcları sürətlə artır, əhalinin rifahı aşağı düşür, ölkənin xarici iqtisadi asılılığı güclənir. Məlum olur ki, Ermənistan qarşıdakı dövr ərzində də sosial, siyasi və iqtisadi problemlərdən yaxa qurtara bilməyəcək. Nəticədə yaranmış vəziyyətdə erməni müxalifətinin bir hissəsi Nikol Paşinyana qarşı birləşib. Onlar "Nikolsuz Ermənistan” və "Nikoldan sonra Ermənistan” tezislərini ortaya atıblar".

Politoloq bildirib ki, ölkədə dərinləşən sosial-iqtisadi böhran da Paşinyanın mövqeyini zəiflədir: "Həmçinin bu ölkənin silahlı qüvvələrində yaşanan problemlər, özbaşınalıqlar da iqtidarın əleyhinə işləyən faktorlardır. Ermənistanda bir qrup insan haqları müdafiəçiləri orduda baş alıb gedən özbaşınalıqlar və qeyri-döyüş itkilərini məhz belə bir vaxtda yenidən gündəmə gətiriblər. Bir sözlə, Ermənistan daxilində son vəziyyətin təhlili burada hakimiyyətə qarşı narazılığın daha da artdığını göstərir".

Ekspert qeyd edib ki, Ermənistanda baş verən proseslərə həm işğalçı ölkənin öz daxili sosial-iqtisadi reallıqları, hakimiyyətlə müxalifət arasındakı münasibətlər, həm beynəlxalq güclərin bu ölkədə apardığı maraqları kontekstindən, həm də son zamanlar Azərbaycan hakimiyyətində müharibə ritorikasına çağırışların güclənməsilə bağlı amillər kontekstindən yanaşmalıyıq: " Bu hallar kompleks halında götürüldükdə, heç şübhəsiz Ermənistan müxalifətinin fəallaşmasına təsir edən amillərdəndir. Paşinyan iqtidara gələndən sonra Ermənistanda mövcud olan sosial-iqtisadi problemləri aradan qaldırmaqla bağlı vədlərini yerinə yetirmək iqtidarında olmadı. Onun korrupsiyaya qarşı mübarizə aparmaq barədə bəyanatı da elə bəyanat olaraq qaldı. Məlum oldu ki, Paşinyanın sözü ilə əməli arasında 180 dərəcə fərq var. Ermənistanın Rusiyanın təris dairəsində olması, bu mənada şimal ölkəsinin İrəvanda güclü mövqeyi, rus ordusunun burada varlığı da Paşinyana üzərinə götürdüyü öhdəlikləri icra etmək istiqamətində daha konkret addımlar atmağa imkan vermir. Nəticədə Paşinyan Qərbdən gözlədiyi maliyyə dəstəyini də ala bilmir".

E.Manafov vurğulayıb ki, ən əsası düşmənin avqust təxribatının baş tutmaması, Azərbaycan Ordusunun ermənilərə endirdiyi zərbələr və bu zərbələrin Ermənistanda yaratdığı təlatüm təbii ki, bu ölkədə ciddi siyasi təlatümlərə səbəb olub: "Belədə, erməni müxalifəti Paşinyanın dalana dirənməsindən istifadə edərək fəallığını artırır. Bu fəallığın artmasında Moskva ilə İrəvan araslnda yaşanan məlum olayların rolu da az deyil. Kremlin Ermənistan müxalifətinə olan dəstəyi, Rusiyanın düşmən ölkənin hərbi sənaye kompleksində mövcud olan təsir gücü daxildəki Paşinyan əleyhdarlarını daha fəal siyasət yürütməyə təhrik edir. Bu oyunların başında da müxalifətin revanş götürmək, hakimiyyəti ələ keçirmək niyyətləri dayanır . İndiki halda Paşinyan elektoratının ciddi şəkildə məyusluq keçirdiyini, ondan narazılığın artdığını, müxalifətin birləşmək cəhdlərini nəzərə alsaq, nəhayət Azərbaycanla ehtimal olunan müharibə ərəfəsində Ermənistan cəmiyyətində yaşanan, təlatüm, vahimə və qorxu, bütün bunlar Paşinyan hakimiyyəti üçün yaxşı heç nə vəd etmir. Bu mənada erməni müxalifətinin Moskva ilə münasibətləri gücləndirməklə Paşinyana təzyiq etmək istiqamətində gücü yetərincədir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə