Kreativ siyasətin, qlobal düşüncənin, liderlik və idarəçilik mədəniyyətinin nəticələri - MƏQALƏ

Qlobal koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə 10 iyul 2020-ci il tarixində BMT-nin Baş Assambleyasının xüsusi sessiyası öz işinə başladı. Bu xüsusi sessiyanın başlanması ümumilikdə dünya və xüsusilə Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir. Bu sessiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə baş tutması kreativ siyasətin, ümumbəşəri düşüncənin, qlobal liderlik və idarəçilik mədəniyyətinin təcəssümüdür.

Bəşər tarixi boyunca dünya ilk dəfədir ki, bu dərəcədə qlobal, mürəkkəb, anlaşılmaz, qeyri-müəyyən və proqnozlaşdırıla bilinməyən siyasi, iqtisadi, sosial və demoqrafik fəlakətlə üz-üzədir. İlk dəfədir deyirik, çünki, dünyanın heç vaxt indiki səviyyədə qlobaballaşması, milli iqtisadiyyatların qarşılıqlı asıllığı və bir-birinə qarşılıqlı təsiri müşahidə olunmayıb. Bəlkə də, yeni koronavirus (COVID-19) pandemiyasının hazırda şahidi olduğumuz siyasi, iqtisadi, sosial nəticələrinin iri miqyası və demək olar ki, bütün dünya ölkələrini əhatə etməsi məhz, XXI əsr qloballaşmanın nəticəsidir. Bu hadisənin dünya üçün əhəmiyyəti bundan ibarətdir ki, birincisi, BMT-nin Baş Assambleyasının xüsusi sessiyası məhz bu qlobal virus bəlası ilə mübarizə məqsədi ilə təşkil olunur və beynəlxalq səviyyədə yaranan təhlükənin ciddiliyindən xəbər verir. İkincisi, BMT tarixində Baş Assambleyanın xüsusi sessiyaları cəmi 30 dəfə keçirilib və 3 dəfə, məhz bu dəfə olduğu kimi üzv dövlətlərin təşəbbüsü ilə təşkil olunub. Üçüncüsü, sözügedən sessiyanın təşkili beynəlxalq ictimaiyyətin vahid ideya, vahid məqsəd üçün səfərbərliyinin, qlobal həmrəyliyinin və birgə fəaliyyətin zəruriliyinin ifadəsidir. Dialektik vəhdətdə olduqları düşünülsə də, əslində öz milli mənafeləri üçün və ya okeanlara, təbii sərvətlərə, maliyyə resurslarına və s. nəzarət uğrunda mübarizədə olan dünya ölkələrinin bu həmrəylik nümayişi humanizm, multikulturalizm, dini və irqi dözümlülük, bir sözlə dünyəvi dəyərlərin qələbəsinin təcəssümüdür. Lakin unutmamalıyıq ki, bu gün dünyada hələ də mövcud olan qeyri-insani ideologiyalar, “qızıl milyardlar” kimi nəzəriyyələr, “300-lər komitəsi” adlandırılan dünyaya meydan oxuyan, artıq dünyaya deyil, yer üzündə yaşayan hər bir insana nəzarət etmək iddiasında olan qara qüvvələr koronavirus pandemiyası pərdəsinə bürünərək planetimizin üzərində kabus kimi dolaşmaqdadırlar.

Mübaliğəsiz demək olar ki, BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi Azərbaycanın diplomatiya tarixinə qızıl hərflərlə yazılacaq mühüm tarixi hadisədir. Çünki, qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilk dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həm milli, həm də Qoşulmama Hərəkatının sədri statusunda səsləndirildi. BMT-nin tarixində üzv dövlətlərin təşəbbüsü ilə 4-cü dəfə təşkil olunan bu 31-ci xüsusi sessiyanın baş tutması məhz Azərbaycan Prezidentinə dünya dövlətlərinin regional və beynəlxalq arenadakı rəğbəti, etimadı nəticəsində mümkün oldu. Ölkə başçımızın bu təşəbbüsünün dünyanın 130-dan çox dövlət və hökumət başçıları tərəfindən həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də fərdi şəkildə ayrı-ayrı dövlətlər səviyyəsində dəstəklənməsi və sözügedən sessiyanın BMT-yə üzv olan bütün dövlətlərin, beynəlxalq ictimaiyyətin ümumi məsələsinə çevrilməsi Azərbaycanın beynəlxalq nüfuzunun növbəti yüksəlişi və İlham Əliyev diplomatiyasının beynəlxalq uğurudur. Təsadüfi deyildir ki, möhtərəm Prezidentimiz qlobal pandemiya ilə mübarizə üçün beynəlxalq həmrəylik və səfərbərlik çağırışını ilk səsləndirən və bu istiqamətdə ilk real addımlar atan dövlət başçısıdır. 2020-ci ilin aprelin 10-da keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunan fövqəladə Zirvə görüşü və mayın 4-də təşkil olunan Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş onlayn Zirvə görüşü dünyada bu mövzuya həsr olunan ilk beynəlxalq tədbirlər oldu.

Beləliklə, Azərbaycan, altı aydan çoxdur ki, bütün dünyanı öz məngənəsinə alan, dünya iqtisadiyyatını sarsıdan, istisnasız olaraq bütün dünya ölkələri üçün qlobal sınağa çevrilən yeni koronavirus (COVID-19) pandemiyası dövründə də qlobal çağırışlara cavab verən ölkə olduğunu birmənalı olaraq sübut etdi. Azərbaycanın milli və beynəlxalq səviyyədə pandemiya ilə mübarizədəki uğurlu fəaliyyəti bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin, Dünya Səhiyyə Təşkilatının, BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təsisatı sayılan Qoşulmama Hərəkatı və onun üzvü olan dövlətlərin, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bəyanatlarında öz təsdiqini tapdı.

Pandemiya bütün bəşəriyyət, dünya ölkələri və ayrı-ayrılıqda hər bir dövlət, ölkə başçısı, xalq və adi insanlar üçün ciddi problemlər yaratdığı kimi, qlobal kontekstdə humanizm, insanların sağlamlığı, yoxsa iqtisadiyyat dilemmasını da gündəmə gətirdi. “Seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır” – deyən Prezident İlham Əliyev insanların sağlamlığının hər şeydən üstün olduğunu birmənalı olaraq təsdiq etdi.

Heç kimin ağlına belə gəlməzdi ki, XXI əsrin sürətlə qloballaşdığı, iqtisadiyyatların ayrılmaz şəkildə bir-birinə qovuşduğu və bir-birindən sıx asıllıqda olduğu bir dövrdə gözlənilmədən dövlətlərin sərhədləri bir neçə ay müddətinə qarşılıqlı olaraq bağlanacaq, dünya ölkələri bu dərəcədə özünəqapanmaya, özünütəcridə məhkum olunacaq və bütün dünyada insanlar zəruri sosial izolyasiyaya məruz qalacaqlar. Əslində bu dözülməz situasiya həm də qlobal miqyasda kimin kim olduğunu, hər bir dövlətin iqtisadiyyatının, səhiyyəsinin və idarəçiliyinin nəyə qadir olduğunu, hər bir ölkə başçısının siyasi, iqtisadi, sosial prioritetlərinin nədən ibarət olduğuna diqqət çəkdi. İyulun 6-da Bakının Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında cənab Prezidentin çıxışında qeyd edildiyi kimi, “Əlbəttə, məhz çətin günlərdə ölkələr bir-birinə dəstək verməlidirlər. Yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı bəyanatlar verə bilər. Ancaq biz bu həmrəyliyi sözdə yox, əməldə göstərməliyik və bunu göstərmişik.” Həqiqətən, bu sitatdan da göründüyü kimi cənab İlham Əliyev Cənubi Qafqazın lider ölkəsinin rəhbəri kimi dünyaya sözün əsl mənasında qlobal liderlik, qlobal həmrəylik və dünyanı narahat edən qlobal problemlərə yanaşmada yeni ümumbəşəri konsepsiya təqdim edir.

Bütün bəşəriyyət üçün, insanlıq üçün taleyüklü bu çətin və qeyri-müəyyənlik dövründə ölkə başçımızın simasında Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrliyi və İlham Əliyevin koronavirusla mübarizədə qlobal əhəmiyyətli təşəbbüslərinin, xüsusilə, BMT Baş Assambleyasının xüsusi sessiyanın keçirilməsi təşəbbüsünün dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edilməsi və dəstəklənməsi həm ölkəmizin yüksələn beynəlxalq nüfuzunun və beynəlxalq qurumlarda söz sahibliyinin, həm də Azərbaycan Respublikası Prezidentinin liderlik qabiliyyətinin, şəxsi nüfuzunun, kreativ siyasətinin və qlobal idarəçilik məharətinin bariz ifadəsidir.

Təkzib edilməz həqiqətdir ki, hazırda İlham Əliyevin rəhbərliyi ilə Vətənimiz Azərbaycan bütün müstəqil dövlətçiliyi tarixinin ən möhtəşəm və misilsiz nailiyyətlər dövrünü yaşayır. Bu gün sözün əsl mənasında siyasi və iqtisadi cəhətdən müstəqil olan, öz siyasəti ilə dünya ölkələrinin, beynəlxalq ictimaiyyətin nüfuzunu və rəğbətini qazanan, beynəlxalq təşkilatlarda öz mövqeyinə, təşəbbüslərinə hörmətlə yanaşılan, nəhəng transmilli enerji, nəqliyyat layihələrini reallaşdıran, beynəlxalq münasibətlər sistemində, xüsusilə iqtisadi münasibətlərdə özünü etibarlı tərəfdaş kimi təsdiq edən, güclü iqtisadiyyata və hərbi gücə malik olmaqla regionun lider ölkəsinə çevrilən Azərbaycan, xalqımız üçün, millətimiz üçün, hər bir Azərbaycan vətandaşı üçün böyük qürur mənbəyidir.

Pandemiya sınağı ölkəmiz üçün güclü lider və güclü siyasi iradə sayəsində xalq-iqtidar birliyinin bir daha təsdiqlənməsi, Azərbaycanın dünyəvi dövlət olmasının qlobal miqyasda etirafı, ölkəmizdə dövlət siyasətinin söz və əməl vəhdətinə əsaslanması, hər bir vətəndaşın sağlamlığına, təhlükəsizliyinə və rifahına əsaslanan sosialyönümlü dövlət siyasətinin reallaşmasının əyani sübutu oldu. Möhtərəm Prezidentimizin “Biz Birlikdə Güclüyük!” çağırışı cəmiyyətimizdə birlik, bərabərlik, mütəşəkkillik, həmrəylik və xalq-dövlət-ordu birliyinin şüarına çevrildi. Ölkəmizdə COVID-19 virusu ilə mübarizədə ardıcıl, sistemli və qabaqlayıcı tədbirlər vaxtlı-vaxtında icra olundu və gündəlik dinamikaya uyğun bu tədbirlər bu gün də lazımi səviyyədə davam etdirilir. Müvafiq iqtisadi və sosial çətinliklərin müşahidə olunduğu karantin dövründə dövlət, aztəminatlı ailələrin, həssas təbəqəyə aid qayğıya ehtiyacı olan vətəndaşların sosial müdafiəsi, sahibkarlara dəstək üçün sosial yardım paketlərini uğurla icra etdi.

İqtisadi fəallığın zəiflədiyi və milyonlarla manat iqtisadi itkilərin olduğu dövrdə dövlət üçün vətəndaşın sağlamlığının qorunması və sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələyə çevrildi. Pandemiya ilə əlaqədar karantin dövründə məlum iqtisadi çətinliklərə baxmayaraq dövlət başçısının siyasi iradəsi sayəsində ölkəmizdə heç bir sosial proqram ixtisar olunmadı, sosial infrastruktur layihələri davam etdirildi, dövlətin sosialyönümlü siyasəti əməli-praktiki işlərdə, vaxtında görülən tədbirlərdə bir daha öz təsdiqini tapdı. Fövqəladə vəziyyətə dərhal adekvat reaksiya verən Azərbaycan hökuməti vətəndaş sağlamlığının maksimum qorunması üçün səhiyyə sistemini hazırlıqlı vəziyyətə gətirdi, 20 xəstəxana sırf koronavirusla mübarizə üçün ayrıldı, modul tipli 10 yeni xəstəxananın inşasına başlanıldı, 5 modul tipli xəstəxana artıq fəaliyyətdədir. Mövcud yoluxma dinamikasına uyğun daha 15 modul tipli yeni xəstəxananın inşasına başlanılıb və s. (Arzu edirik ki, yoluxma sayı gündən-günə azalsın və bu yeni xəstəxanalara heç ehtiyac da qalmasın). Bir sözlə, dövlət bu sahədə mümkün olan hər şeyi etdi və “Bu məqsədlər üçün istənilən vəsaiti xərcləməyə hazırıq, vəsaitimiz də var və heç kimdən də asılı deyilik” deyən cənab Prezident pandemiya ilə mübarizədə Azərbaycanın bütün lazımi potensialının mövcud olduğunu bir daha diqqətə çatdırdı. Beləliklə, təhlükəli və ziddiyyətli pandemiya dövründə biz bir daha şahidi olduq ki, Prezident İlham Əliyev siy-asətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sağlamlığı, təhlükəsizliyi və rifahı dayanır. Pandemiya dövründə öz həssaslığı ilə seçilən məsələlərin həllində və xüsusi qayğıya ehtiyacı olan insanlarımızın sosial ehtiyaclarının qarşılanmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı işlər xüsusi qeyd olunmalıdır.

Dövlətimiz beynəlxalq səviyyədə də qlobal pandemiya ilə mübarizəyə əhəmiyyətli töhfələr vermişdir. Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq iki dəfə 10 mln. dollar həcmində ianələr ayrılması, 30-dan artıq ölkəyə humanitar yardımlar göstərilməsi, xüsüsilə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Zirvə görüşündə pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürməsi bu töhfələrin bariz nümunəsidir.

Burada xüsusi qeyd olunmalıdır ki, möhtərəm Prezidentimizin bu təşəbbüsü BMT-nin Baş Katibinə rəsmi müraciət olunduqdan sonra 130-dan çox dövlət tərəfindən fərdi şəkildə, ayrı-ayrılıqda dəstəkləndi və bununla da bu məsələ artıq, BMT-yə üzv olan bütün dövlətlərin ümumi məsələsinə çevrildi. Təbii ki, bu Azərbaycana beynəlxalq arenada dünya birliyi tərəfindən göstətilən ilk həmrəylik dəstəyi deyildi, yada salmaq vacibdir ki, 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən Azərbaycanın leyhinə 155 ölkə səs vermişdi. Bütün bu misilsiz nailiyyətlər İlham Əliyev diplomatiyasının uğuru və onun simasında ölkəmizə olan pozitiv münasibətin və etimadın nəticəsidir.

İlham Əliyevin xarici diplomatiyasında daha bir mühüm məqam, ölkə başçımızın əzəli düşmənlərimiz olan işğalçı Ermənistanın Azərbaycana qarşı işğalçı, etnik təmizləmə siyasətinə, onların faşist ideologiyasına, erməni lobbisinin dünyada anti-Azərbaycan, anti-Türk təbliğatına və erməni miflərinə qarşı mütəmadi olaraq endirdiyi sarsıdıcı zərbələrdir. Valday Sammitində, Aşqabadda, Münhendə diplomatik cılızlığı və tarixi savadsızlığı ifşa olunan Paşinyan Şərq Tərəfdaşlığı platformasında Azərbaycana əsassız və mövzudan kənar millətçilik ittihamları ilə, özünü növbəti dəfə həm rüsvay etdi, həm erməni şovinizminin terrorist simasını nümayiş etdirdi.

İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə də etiraz edən və dünya ictimaiyyəti qarşısında özünün anti-humanist, anti-həmrəylik kimi içüzünü növbəti dəfə göstərən Paşinyan, əslində Ermənistanı yenə mənfi obrazda, qara rəngdə dünyaya təqdim etdi. Bu təşəbbüsə səssiz qalan bəzi ölkələr olsa da, Ermənistan yeganə dövlətdir ki, bu təşəbbüsə də etiraz etdi, halbuki hazırda koronavirus pandemiyasında istər yoluxma, istər ölüm hallarının sayı Ermənistan kimi azsaylı əhalisi olan, kiçik ölkə üçün kifayət qədər yüksəkdir. Bununla belə Ermənistan, daha doğrusu bu dövləti öz savadsızlığı və bacarıqsızlığı ilə uçuruma sürükləyən Paşinyan, beynəlxalq həmrəylik çağırışını rədd etməklə, yenə özünü proqressiv düşüncədən və humanizmdən təcrid etdi. Səbəb isə aydındır, işğalçı yenə də özünü faşist xislətinin qurbanına çevirdi və Azərbaycanın beynəlxalq dəstək qazanan təşəbbüsünə dəstək verməməklə əsl simasını və humanizmdən, beynəlxalq əməkdaşlıqdan nə qədər uzaq olduğunu, regionda sülhə, birgəyaşayışa, iqtisadi inkişafa və tərəqqiyə mane olan yeganə dövlət olduğunu dünyaya nümayiş etdirdi.

Əminik ki, məhz İlham Əliyevin təşəbbüsünün dünya ictimaiyyəti tərəfindən dəstəklənməsinin nəticəsində öz işinə başlayan BMT-nin Baş Assambleyasının xüsusi sessiyası bütün dünyanı “Biz Birlikdə Güclüyük!”, “Biz Birlikdə Yaşamalıyıq” şüarları ilə vahid amal və məqsədlər üçün birləşdirəcək. Bu xüsusi sessiyadan bütünlüklə dünya ölkələrinin və dünya ictimaiyyətinin gözləntiləri olduqca böyükdür. Şübhəsiz ki, bu mötəbər forumda yeni koronavirus pandemiyası ilə mübarizə kontekstində birgə səylər, elmi araşdırmalar, alınan nəticələr, qazanılan təcrübələr və atılacaq real addımlar haqqında əhəmiyyətli müzakirələr aparılacaq, qərarlar qəbul olunacaq və dünya dövlətləri tərəfindən konkret, məqsədəmüvafiq, effektiv tədbirlər görüləcək. Nəzərə alsaq ki, virusa qarşı peyvəndin hazırlanmasında artıq xeyli yol qət edilib, düşünürük ki, bu peyvəndin inkişaf və gəlir səviyyəsindən asılı olmayaraq hər bir ölkə və hər bir vətəndaş üçün əlçatan olması bu sessiyada müzakirə olunan prioritet məsələ olmalıdır. Digər müzakirə mövzuları isə sözsüz ki, dünya iqtisadiyyatının vəziyyəti, post-pandemiya mərhələsində iqtisadi artımla bağlı olan məsələlər və pandemiyadan ən cox ziyan çəkən ölkələrə, iqtisadi sektorlara və biznesə dəstəklə bağlı olacaqdır.

Təəssüf ki, ümumbəşəri təhlükəyə çevrilmiş koronavirus (COVID-19) pandemiyası 2020-ci ilə öz mənfi damğasını vurdu. Qlobal miqyas almış virusla mübarizə ilə əlaqədar bir çox ölkələrdə tətbiq olunan sərt karantin rejimlərinin ayrı-ayrı milli iqtisadiyyatlar və ümumilikdə dünya iqtisadiyyatı üçün iqtisadi fəsadları artıq özünü büruzə verir. Koronavirus pandemiyası bəşəriyyət üçün yeni çağırışlar yaratdı, dünyada artıq yeni qlobal düzən, yeni iqtisadi münasibətlər və beynəlxalq iqtisadi qaydalar formalaşır. Bu gün bütün dünya dövlətləri post-pandemiya iqtisadiyyatı, yeni Keynsçilik, daha sərt proteksionist tənzimlənmə mexanizmlərinə əsaslanan yeni iqtisadi modellər haqqında düşünür, çünki bəşəriyyətin başqa yolu yoxdur, bu pandemiyanın nə zamana kimi davam edəcəyi haqqında ziddiyyətli proqnozlar onu deməyə əsas verir ki, biz bu qeyri-müəyyən pandemiya şəraitində yaşamağı və işləməyi öyrənməliyik.

Pandemiya bütün dünya dövlətlərini düşündürən yeni iqtisadi dilemmalar yaratdı. Birincisi, pandemiya hələ də davam edir, bu situasiyanın nə zamana kimi davam edəcəyi bilinmir və hər bir dövlət iki seçim qarşısındadır – insanların sağlamlığı, yoxsa iqtisadi fəaliyyətin bərpası. Hər iki seçimdə müəyyən itkilər qaçılmazdır. Belə ki, bu gün pandemiyanın qlobal iqtisadiyyata vurduğu ziyan ən azı $5-6 trilyon ABŞ dolları həcmində qiymətləndirilir ki, bu da son 100 ildə, Böyük Depressiyadan sonra ilk dəfədir

ki, müşahidə olunur. Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən ilin sonunadək qlobal iqtisadiyyatda ən azı 5% (İEÖ-lərdə 7-9%, zəif inkişaf etmiş ölkələrdə 2,5%, resurs və xammal ixrac edən ölkələrdə 4-5%) azalma gözlənilir ki, bu da təbii ki, çox böyük itkidir (yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda 2020-ci il üçün ÜDM-nin 1,2% azalacağı proqnozlaşdırılır). Qlobal iqtisadiyyat üçün bu itkinin miqyasını düzgün təsəvvür etmək üçün, bu rəqəmi Yaponiyanın ($5.15 trilyon ABŞ dolları), Almaniyanın ($3.86 trilyon ABŞ dolları), Hindistanın ($2.94 trilyon ABŞ dolları), Böyük Britaniyanın ($2.83 trilyon ABŞ dolları), Fransanın ($2.71 trilyon ABŞ dolları), İtaliyanın ($1.99 trilyon ABŞ dolları) və Rusiya Federasiyasının ($1.64 trilyon ABŞ dolları) ÜDM-si ilə müqaisə etmək kifayət edərdi.

Bütün bunlar göstərir ki, qısa müddətdə qlobal böhran aradan qaldırılmazsa və iqtisadi fəallıq bərpa olunmazsa dünya ölkələri daha böyük iqtisadi və sosial problemlərlə qarşılaşa bilər ki, bu da birmənalı olaraq qəbulolunmazdır. Milli iqtisadiyyatlarda kütləvi işsizlik, yüksək inflyasiya, devalvasiya kimi arzuolunmaz proseslərin baş verməsi qaçınılmaz olacaqdır. Bu səbəblə, insanların sağlamlığının prioritetliyinin təmin olunması əsasında iqtisadiyyatın dirçəlməsi, böhranın aradan qaldırılması, ölkələrarası iqtisadi münasibətlərin tam bərpa olunması üçün pandemiya dövrünün şərtlərinə uyğun olaraq düşünülmüş, təxirəsalınmaz, ciddi və birgə addımlar atılmalıdır.

İkincisi, hələ pandemiyanın geniş yayılmadığı dövrdə, 2020-ci ilin martında OPEC+ formatında Səudiyyə Ərəbistanı və Rusiyanın qarşılıqlı anlaşma əldə edə bilməməsi nəticəsində dünya neft bazarında baş verən şok hadisələri və dünya neft qiymətlərinin tarixdə görünməyən səviyyəyə enməsi, yəni bir müddət sıfırın altına enməsi ayrı-ayrı milli iqtisadiyyatlara, xüsusilə neft ixracatçı ölkələrin iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərdi, birjalarda, xüsusilə qiymətli kağızlar bazarında şok azalmalarla müşayiət olundu.

Neft bugünün reallığıdır və neft amili hələ bundan sonra da neçə 10 illiklər boyu dünya iqtisadiyyatına ciddi təsir edən faktor olaraq qalmaqda davam edəcəkdir. OPEC+ razılaşmaları çərçivəsində bir çox ölkə kimi, Azərbaycan da son aylarda neft hasilatını azaltdı və bu öhdəliklərin 2021-ci ilin martınadək davam etməsi sözsüz ki, qlobal müzakirə predmeti olmalıdır.

Üçüncüsü, pandemiya şəraiti dünya dövlətləri üçün ortaq olan problemlər yaratdı, məsələn bütün dünya dövlətləri genişlənən fiskal siyasət, yəni büdcə hesabına sosial xərclərin artırılması, tədiyyə balansında kəskin dəyişikliklər, turizm, otelçilik, restoran fəaliyyəti kimi bizneslərin ən zərərçəkən sahələr olması problemləri ilə üzləşdi. Ortaq problemlər varsa, yeni iqtisadi idarəetmə modelləri ilə qarşılıqlı əməkdaşlıq və səylərin birləşdirilməsi ilə ortaq həll yolları da tapılmalıdır. Bu problemlər xüsusilə, zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə daha kəskin şəkildə nəzərə çarpır. Pandemiyanın uzanması bir reallığı da göstərdi ki, sərt karantin rejimlərinin tətbiqi, iqtisadi fəaliyyətin dayandırılması və dövlətin əhaliyə sosial-iqtisadi dəstəyi, bizneslərə, sahibkarlara iqtisadi güzəştləri məsələdən çıxış yolu deyil. Ölkələr, əhali və biznes üçün bu pandemiya şəraitində uzunmüddətli həll yolları təqdim olunmalı və ayrı-ayrı dövlətlərə bu istiqamətdə beynəlxalq təşkilatlar səviyyəsində müvafiq yollar göstərilməli və real maliyyə dəstəyi verilməlidir. Bəli, cənab Prezidentin qeyd etdiyi kimi, məhz çətin günlərdə ölkələr bir-birinə dəstək verməli və beynəlxalq təşkilatlar bu mənada öz üzərinə müvafiq məsuliyyətlər götürməlidirlər.

Düşünürük ki, BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında beynəlxalq ictimaiyyəti narahat edən mövzular ətrafında müzakirə olunacaq və bu sessiyanın qərarları ümumbəşəri əhəmiyyət kəsb edəcəkdir. Bütün bunları nəzərdən keçirdikdə bir daha əmin oluruq ki, İlham Əliyevin bu qlobal həmrəylik çağırışı nə qədər əhəmiyyətli, vaxtında və yerində qəbul olunmuş zəruri qərar idi. Budur düşünülmüş siyasət, budur praqmatik düşüncə, budur qlobal liderlik və idarəçilik mədəniyyəti. Müstəqil Azərbaycan Respublikasının bugünkü uğurları ilə və Sizinlə qürur duyuruq, cənab Prezident! Bütün Azərbaycan xalqı Sizinlədir və Sizin “Biz Birlikdə Güclüyük!” çağırışınız bu gün dünya ictimaiyyətinin şüarına çevrilir.

Şəmsəddin Hacıyev,

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri,

İqtisad elmləri doktoru, Professor

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...