BDU-da Dünya Türk Dili Ailəsi Günü qeyd olunub

Bakı Dövlət Universitetində (BDU) 15 Dekabr - Dünya Türk Dili Ailəsi Günü qeyd olunub.

SİA-nın məlumatına görə, bu barədə BDU-dan bildirilib.

BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan bildirib ki, tarix boyu geniş coğrafiyada dövlətlər quran Türk dünyası siyasi və mədəni zənginliyə malikdir. 2025-ci il noyabrın 3-də UNESCO Baş Konfransının Özbəkistanın Səmərqənd şəhərində keçirilən 43-cü sessiyasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan tərəfindən dekabrın 15-nin Dünya Türk Dili Günü elan edilməsi təklifi irəli sürülüb. Bu təklif 21 üzv dövlət tərəfindən dəstəklənib. Həmin təklifə uyğun olaraq dekabrın 15-i Beynəlxalq Türk Dili Günü elan edilib: “Bu gün türk xalqlarının birliyi yalnız mədəni və tarixi yaxınlıqla məhdudlaşmır, eyni zamanda, siyasi, iqtisadi və humanitar əməkdaşlıq istiqamətində konkret qurumlara əsaslanır. Türk Dövlətləri Təşkilatı , Türk Akademiyası, TÜRKSOY və digər təşkilatlar vasitəsilə ortaq tarix, ədəbiyyat, folklor və incəsənət sahələrində əməkdaşlıq gücləndirilir”.

Azərbaycan Respublikası Prezidentinin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamını xatırladan Aydan Xəndan türk ölkələrinin alimləri qarşısında bu qurultayın önəmini, tarixçəsini, gizli məqamlarını araşdırmaq, təhlillər və yeni tədqiqatlar aparmaq kimi mühüm vəzifə dayandığını vurğulayıb.

Bakı Yunus Əmrə İnstitutunun koordinatoru Gökhan Seyhan BDU ilə birgə layihələrin önəmini qeyd edib. Bildirib ki, türk dövlətlərinin birliyinin güclənməsi ortaq məsələlər ətrafında birgə çağırışları vacib edir. Xüsusilə dil, mədəniyyət, elm, təhsil sahələrində müxtəlif məsələlərin dərindən araşdırılmasına və məsələyə kompleks yanaşmağa ehtiyac var.

Daha sonra Türkiyənin Hacettepe Universitetinin professoru, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və Sumqayıt Dövlət Universitetinin fəxri doktoru Şükrü Haluk Akalın “Türk dili ailəsinin önündə yeni üfüqlər” mövzusunda məruzə ilə çıxış edib. Professor bildirib ki, dekabrın 15-nin Dünya Türk Dili Ailəsi Günü elan edilməsi təsadüfi deyil. 1893-cü il dekabrın 15-də danimarkalı alim Vilhelm Tomsen türk dilinin ən qədim yazılı sənədlərindən biri olan Orxon yazılarının əlifbasını deşifrə etməkdə uğur qazandığını elan edib. Bu tarix türk dili ailəsinin qədim tarixinə və onların ortaq mədəni irsinə işarə edən bir dönüş nöqtəsi kimi qəbul olunub. Bu mühüm qərar türk dilinin qədim köklərini və ümumbəşəri dəyərlərini vurğulayır. Türk mədəniyyətinin birləşdirici rolu və zəngin tarixi irsi ilə bağlı dərin əlaqələrini əks etdirir. Tarix boyu böyük türk mütəfəkkir və alimləri türk dilinin öyrənilməsi və tədqiqi ilə məşğul olublar: “Həsən bəy Zərdabi “Əkinçi” qəzeti, Əli bəy Hüseynzadə “Füyuzat” jurnalı, Əhməd Vefik Paşa türk dilini öz lüğətində və qanunlarda əsas maddə kimi təqdim etməsi ilə bu dilin yayılmasına və rəsmi status almasına çalışıblar. Bu yol hər birimiz üçün bir strategiya kimi inkişaf etdirilməlidir”.

Tədbir tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə