"Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfrans başa çatıb - YENİLƏNİB/FOTOLAR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə dekabrın 15-də "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfrans işini panel sessiyalarla davam etdirib. SİA xəbər verir ki, “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi: pedaqoji yanaşmalar və müasir təlim modelləri” mövzusunda panelə Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov moderatorluq edib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov təhsil sistemində milli-mənəvi dəyərlərin təşviqinin vacibliyindən bəhs edərək gənc nəslin bu dəyərlərə sadiqliyinin bariz nümunəsini 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda yumruq kimi birləşməsində bir daha aydın şəkildə şahid olduğumuzu qeyd edib. Aqil Şirinov Qərb cəmiyyətlərində aşınmaya məruz qalan dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi strateji əhəmiyyət daşıyır. Rektor vurğulayıb ki, bu dəyərlərin geniş kütlələrə çatdırılması üçün konkret hədəflər müəyyənləşdirilməli, bəşəri dəyərlər fonunda aparılmalı, ailə modeli əsas prioritetlərdən biri kimi götürülməlidir. Həmçinin, təhsilalanlara milli-mənəvi dəyərlərin aşılanması prosesində interaktiv və yaradıcı metodlardan istifadə vacibdir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu vurğulayıb ki, din savadlılığı təşviq edən mütərəqqi gücdür. Azərbaycan təhsil tarixi Zərdüştlük dini dövründən başlayır, İslam dini isə bu prosesi mədrəsə formasında davam etdirib. Vəfa Yaqublu əlavə edib ki, din və elmi dünyagörüşü bir-birinə zidd deyil, hər ikisi insanı və dünyanı anlamağa çalışır, yalnız yanaşmaları fərqlidir. Hər əsr öz yanaşması ilə bu prosesi davam etdirir və onlar bir-birini inkar etmir. V.Yaqublu son illər ölkədə din tədrisi sahəsində Azərbaycan İlahiyyat İnstitutunun fəailiyyətini yüksək qiymətləndirərək tolerantlığın, milli-mənəvi dəyərlərin təbliğində ali təhsil müəssisəsində çalışan sosioloq, psixoloq və digər mütəxəssilərdən yararlanmağı doğru hesab etdiyini deyib.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Elvüsal Məmmədov "Orta məktəblərdə şagirdlərə mənəvi dəyərlərin öyrədilməsinin biblioterapiya modeli" mövzusunda çıxış edib. Məruzəçi biblioterapiyanın dünya təcrübəsində istifadəsinin müsbət nəticələrinə toxunub. O çıxışında biblioterapiyanın tətbiqi zamanı fərdin mənəvi-psixoloji problemlərini həll etmək və mənəvi dünyasını zənginləşdirmək məqsədilə seçilən mütaliə materiallarından istifadəsinin əhəmiyyətini diqqətə çatdırıb. E. Məmmədov orta məktəblərdə mənəvi dəyərlərin şagirdlərə aşılanması işinin mütəmadiliyi və səmərələliyi üçün Mənəviyyat fənninin tədris olunmasını və eyniadlı dərs vəsaitinin hazırlanması ilə bağlı təkliflə çıxış edib.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, “Süleyman” məscidinin imamı, sosiologiya üzrə fəlsəfə doktoru Elnur Əzimli gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında məktəblərin əhəmiyyəti barədə danışıb. Bildirib ki, müəllimlər şagirdlərə sədaqət, Vətən və ailə sevgisi kimi dəyərləri öyrətməli və şəxsi nümunələri ilə onlara yol göstərməlidirlər. E.Əzimli həmçinin, dəyərlərin formalaşmasında dinin mühüm yer tutduğunu vurğulayıb. Qeyd edib ki, dinin hər zaman milli-mənəvi dəyərləri qoruyan və yad ideoloji təsirlərin qarşısını alan amillərdən biri olduğundan bu dəyərləri tədris edən müəllimlərin dini biliklərə sahib olması vacibdir. Ənənəvi dini düşüncəyə bağlı mütəxəssislərlə əməkdaşlıq əsasında müəllimlər üçün xüsusi təlimlərin təşkili məqsədəuyğundur.

Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlovun moderatorluğu keçirilən panel iclas “Dini fanatizm, xurafat və radikalizmlə mübarizədə məktəbin maarifləndirici missiyası” mövzusuna həsr olunub.

Bakı İlahiyyat Kollecinin direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov dini fanatizm və radikalizmə qarşı ictimai dayanıqlığın formalaşdırılmasında məktəbin rolu barədə danışıb. O, Azərbaycanda din-cəmiyyət münasibətləri, dini fanatizmin və radikallaşmanın səbəbləri, eləcə də bu anlayışlar arasındakı fərqlər barədə fikirlərini bölüşüb. Mehman İsmayılov çıxışında dini fanatizm və dini radikalizmin ictimai təsirləri məsələsinə də toxunub, bu kimi halların qarşısının alınmasında təhsilin, maarifləndirmənin və düzgün dini biliklərin verilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Asəf Qənbərov “Məktəblərdə dini maarifləndirmənin məqsədi və forması: din haqqında düşünmək praktikası” mövzusunda çıxış edib. Bildirib ki, müasir şəraitdə məktəbdə din təhsili faktların əzbərlədilməsi və ya konfessional yönləndirmə deyil, analitik təhlil və tənqidi düşüncə üzərində qurulduqda daha funksional olur. Radikal təbliğata qarşı davamlı müdafiə mexanizmi şagirdə “hazır cavablar” vermək deyil, onu dəlil axtarmağa, mənbəni yoxlamağa, manipulyasiyanı tanımağa və etik meyarlarla dəyərləndirməyə öyrətməkdir. Onun sözlərinə görə, bunu “din haqqında düşünməyi öyrətmək” modeli adlandıra bilərik. Eyni zamanda dini etikanın humanist potensialından şəxsiyyət və vətəndaşlıq tərbiyəsində rasional şəkildə yararlanmaq mümkündür.

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əhməd Niyazov "Məktəbdə sağlam dini biliklərin formalaşması: elmi və mənbəəsaslı yanaşma" mövzusunda çıxış edərək bildirib ki, qloballaşma və informasiya bolluğu dövründə gənclərin dini dünyagörüşü çox vaxt internetdəki nəzarətsiz kontentdən və qeyri-peşəkar bloqerlərdən formalaşır. Dini fanatizm, xurafat və radikal düşüncənin yayılması məhz yanlış dini məlumatların nəzarətsiz şəkildə qavranılmasından doğur. Ə. Niyazov sağlam dini biliklərin Azərbaycanın milli-mədəni ənənələri ilə uzlaşmış formada təqdim edilməsinin vacibliyini dilə gətirərək dini mövzuların uşaqların yaş xüsusiyyətlərinə uyğun, zərif və qeyri-radikal şəkildə təqdim edilməsinin əhəmiyyətini önə çəkib.

Konfransda "Dini fanatizm, xurafat və radikalizmlə mübarizədə məktəbin maarifləndirici missiyası" mövzusunda çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, “Hacı Cavad” məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev vurğulayıb ki, sosial şəbəkələrin təsiri və dini biliklərin qeyri-peşəkar təbliğatı fonunda məktəbin üzərinə düşən maarifləndirici missiya həlledici əhəmiyyət kəsb edir. İ.Quliyev, həmçinin gənclərin mənəvi immunitetini gücləndirmək üçün “Dini düşüncə mədəniyyəti” kimi mövzuların kurikuluma daxil edilməsini, müəllim hazırlığının gücləndirilməsini və məktəb-ailə-icma əməkdaşlığının qurulmasını təklif edib.

Panel iştirakçıları mövzu üzrə fikir mübadiləsi apararaq, dini maarifləndirmə fəaliyyətinin təkmilləşdirilməsi, müəllim və psixoloqların hazırlıq səviyyəsinin yüksəldilməsi, şagirdlərin dini radikalizm risklərindən qorunmasında effektiv yanaşmalar barədə təkliflərini səsləndiriblər.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə