“İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu siyasəti daha da gücləndirdi” - ŞƏRH EDİLDİ

“Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında çox böyük xidmətləri var. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən müdrik siyasəti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Ulu Öndər 90-cı illərin əvvəllərində həyati qərarlar verərək Azərbaycanı bir çox müsibətlərdən, bəlalardan xilas etdi və ölkəni inkişaf mərhələsinə daxil etdi. Bu siyasəti sonradan Prezident İlham Əliyev uğurla davam etdirdi:

”Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu siyasəti daha da gücləndirdi, möhkəmləndirdi və Azərbaycanı məğlub xalqdan qalib xalqa çevirdi. Bu gün Azərbaycan xalqı əldə olunan uğurlara görə həm Ulu Öndər Heydər Əliyevə, həm də cənab Prezident İlham Əliyevə minnətdardır.

Bu dövrdə əsası qoyulan siyasətin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan dövləti və xalqı daha da güclənib. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində mühüm rol oynayır. Eyni zamanda, Azərbaycan həm yaxın qonşu ölkələrlə, həm də Afrika ölkələri ilə çoxşaxəli əməkdaşlıq qurur, öz imkanlarını genişləndirir və daha da möhkəmləndirir. Bu gün Azərbaycanda sabitlik, əmin-amanlıq, inkişaf və tərəqqi var. Bütün bu uğurların təməlində isə Ulu Öndərin əsası qoyduğu siyasət dayanır. Bu siyasətin nəticəsində Azərbaycan hər gün daha da inkişaf edir, güclənir, öz potensialını və imkanlarını artırır və reallıqları ilə dünya miqyasında nüfuz qazanır”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə