"Yanlış drenaj sistemi su basmalarına səbəb olur" - EKOLOQ DANIŞDI

"Küçələrin inşası və drenajların işlək olub-olmaması ümumi bir problemdir. Çünki yollar inşa olunarkən drenaj xətləri də onlarla paralel şəkildə qurulmalıdır". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Bəxtiyar deyib.

Onun sözlərinə görə, Bakıda isə əksər hallarda drenaj xətləri sonradan kanalizasiya xətlərinə birləşdirilir və kanalizasiya xətləri onsuz da yüklü olur: "Üzərinə bir də yağış suları əlavə olunduqda, artıq yaranmış qarışıqlığın öhdəsindən gələ bilmirlər və bütün suyu daşımaq mümkün olmur.

Buna görə də daşmalar, su basmaları kimi problemlər ortaya çıxır. Əslində, drenaj xətləri yollar inşa olunarkən ayrıca və müstəqil sistem kimi qurulmalıdır. Drenaj sularının birbaşa dənizə axıdılmasında heç bir problem yoxdur. Çünki dəniz sularının yağış suları ilə qarışması ciddi bir zərər yaratmır.

Lakin kanalizasiya xətləri daha uzaq məsafələrə yönəldilməli və mütləq təmizləyici qurğulardan keçməlidir. Bu səbəbdən drenaj xətləri, su xətləri və kanalizasiya xətləri ayrı-ayrı sistemlər olmalı və müstəqil şəkildə fəaliyyət göstərməlidir.

Bakıda əvvəllər görünür ki, bu məsələ ciddi şəkildə nəzərə alınmayıb. Sonradan inşa olunan drenaj xətləri də birbaşa kanalizasiya sistemlərinə qoşulub. Nəticədə isə bu vəziyyət müxtəlif problemlərə yol açır. Məsələnin mahiyyəti də məhz bundan ibarətdir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə