“Bu, partiyaların sayının və keyfiyyətinin yenidən dəyərləndirilməsini zəruri edir” - ŞƏRH EDİLDİ
“Azərbaycanda siyasi partiyaların sayı həmişə mübahisə doğurub. “Say bu qədər olmalıdır, ya olmamalıdır”, “hansı həddə qədər siyasi partiyanın sayının mövcud olması Azərbaycan üçün normal təcrübədir” və s. bu kimi sualların ətrafında həmişə müzakirə gedib. Məsələ budur ki, siyasi partiyaların sayı məsələsi həmişə cəmiyyətin sosial-siyasi tələbatına uyğun olmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, əgər cəmiyyət siyasi partiyaların sayının hədsiz dərəcədə çox olmağını istəyirsə, bununla barışmaq lazımdır:
“Ya da cəmiyyət siyasi partiyaların sayının müəyyən təcrübədə qalmağını istəyirsə, bununla da barışmaq lazımdır. Amma çox vacibdir ki, siyasi partiyaların sayı məsələsində cəmiyyətin sifarişini müəyyənləşdirmək mümkün olsun. Çox təəssüflər olsun ki, bu gün Azərbaycan cəmiyyətinə siyasi partiyaların mütləq əksəriyyətinin fəaliyyəti qeyri-müəyyəndir. Hətta bir çox siyasi partiyalar var ki, onların adını, rəhbərliyini, fəaliyyət tarixini belə cəmiyyət bilmir. Siyasi partiyaların əksəriyyəti ölkənin siyasi həyatında heç bir təsir edici rola malik deyil. Çoxu sadəcə şəxsi göstərişlər əsasında, sədrin şəxsi istəyi ilə yaradılıb. Bir çoxu isə geniş elektorata və ya minlərlə üzvə malik olduğunu iddia etsə də, bunu sübuta yetirə bilməyib. İndiki siyasi partiyaların çoxu Azərbaycanın elə bir dövründə yaranıb ki, o zaman siyasi təcrübə tamam fərqli idi. İndi isə sosial-siyasi şərait dəyişib. Bu baxımdan siyasi partiyaların sayından daha çox, onların bu günkü şəraitə uyğun fəaliyyət göstərməsi vacibdir. Hazırda partiyaların mütləq çoxluğu 90-cı illərdə yaranıb. O dövrdəki mövqe ilə indiki tələblər tam fərqlidir. Ona görə də bu partiyaların fəaliyyətləri yeni tələblərə uyğunlaşdırılmalıdır.
Bu gün partiyaların əksəriyyəti cəmiyyətin əsas sosial, iqtisadi və siyasi problemlərini dəqiq müəyyənləşdirə bilmir. Nəticədə cəmiyyət haqlı olaraq sual verir: “Bu qədər partiya bizə lazımdırmı?” Cavab isə budur ki, partiyalar özlərini cəmiyyətə real siyasi qüvvə kimi təqdim edə bilməyiblər. 90-cı illərdə yaranmış partiyalarla bu günün reallıqları arasında uyğunsuzluq var və bu, onların sayının və keyfiyyətinin yenidən dəyərləndirilməsini zəruri edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB