Evlərimizə gələn içməli su həqiqətən içmək üçün yararlıdırmı? - EKSPERT AÇIQLADI
Bakıda vətəndaşlar mənzillərinə gələn sudan içməli su kimi yararlana bilmədikləri üçün qablaşdırılmış suya xeyli miqdarda pul ödəyirlər. Bu da vətəndaşlar üçün əlavə maddi yükdür.Həmçinin, içməli suya əlavə pul ödəmək istəməyənlər də gələn suyu filtrdən keçirir. Çünki birbaşa sudan içmək riskli hesab edilir. Bəs belə fikrin yaranmasına səbəb nədir? Evlərimizə gələn içməli su həqiqətən içmək üçün yararlıdırmı? Bu suyun keyfiyyəti mövcud sanitar-gigiyenik və beynəlxalq standartlara nə dərəcədə cavab verir?
Məsələ ilə bağlı qida müstəxəssisi Asim Vəliyev SİA-aya açıqlamasında bildirib ki, Bakının içməli suyu əsasən Kür çayı, Ceyranbatan su anbarı və qismən yeraltı mənbələr hesabına təmin olunur:
"Təbii ki, bu mənbələrdən götürülən su təmizlənmə və dezinfeksiya proseslərindən keçirildikdən sonra şəbəkəyə verilir. Texniki baxımdan su içməli su statusu alır. Amma nəzərə almalıyq ki, problem çox vaxt su mənbəyində deyil. Suyun köhnə boru xətləri ilə daşınmasında, binalardaxili sistemlərdə, uzun müddət borularda qalmasında yaranır. Köhnə binalarda paslı, deformasiyaya uğramış metal borular suyun dadını, qoxusunu və keyfiyyətini dəyişə bilir. Su təchizatı sistemində dezinfeksiya məqsədilə xlorlama tətbiq olunur. Bu dünyada geniş istifadə olunan bir üsuldur. Amma bir çox hallarda xlorun dadını çox dəyişməsi, qoxusunun kəskin olması vətəndaş olaraq bizdə mənfi təəsürat yaradır. Halbuki xlorun normaya uyğun miqdarı mikrobioloji təhlükələri azaltmaq üçün vacibdir. Mərkəzləşdirilmiş su təchizatı sistemi ilə verilən su sanitar-gigiyenik normalara uyğunlaşdırılmalıdır. Laborator nəzarət aparılmalı və suyun mikrobioloji göstəriciləri izlənməlidir. Amma praktikada boru xəttinin vəziyyəti, binanın daxili su sistemi, suyun saxlanma müddəti kimi amillər nəticəyə ciddi təsir edir. Buna görə eyni şəhərdə, hətta eyni rayonda suyun keyfiyyəti binalara görə dəyişə bilər.
Bildiyim qədəriylə ölkəmiz üzrə içməli su standartları ÜST tövsiyələrinə yaxınlaşdırılıb. Kimyəvi və mikrobioloji göstəricilər üçün limitlər mövcuddur. Amma bu göstəricilər əsasən təchizat məntəqəsində ölçülür. İstehlakçının kranından çıxan su isə həmişə eyni göstəriciləri saxlamaya bilər. Yəni problem çox vaxt standartın olmaması deyil, standartın son nöqtədə qorunmamasıdır. Xlorlama dezinfeksiya üçün zəruridir. Normadan az olduqda mikroorqnizmlər çoxala bilər. Normadan çox olduqda isə dad, qoxu və uzunmüddətli istifadə baxımından narahatlıq yaradır. Bir çox ailə sağlamlıq riskini nəzərə alaraq, uşaqlar və yaşlılar üçün daha təhlükəsiz hesab etdikləri üçün əlavə xərcə düşür. Su filtrlərindən istifadə edirlər. Əlbəttə ki, bu hal xüsusilə aztəminatlı ailələr üçün ciddi maddi yükə çevrilir. Bir məqamı da unutmayaq ki, filtrlər isə düzgün seçilmədikdə, vaxtında dəyişdirilmədikdə özləri də risk mənbəyinə çevrilə bilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB