Aİ onlayn yaş təsdiqləmə tətbiqini istifadəyə verəcək

Avropa İttifaqı uşaqların veb saytlara girişini məhdudlaşdırmaq üçün istifadə etməyi planlaşdırdığı onlayn istifadəçilərin yaşını yoxlamaq üçün tətbiqin texniki inkişafını başa çatdırıb.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib. Avropa yaş təsdiqləmə tətbiqi texniki cəhətdən hazırdır və tezliklə vətəndaşların istifadəsinə veriləcək.

Von der Leyen bildirib ki, tətbiq istifadəçilərə onlayn platformalara daxil olarkən yaşlarını təsdiqləməyə imkan verəcək - "necə ki, mağazalar insanlardan mağazadan spirtli içki alarkən yaşlarını təsdiqləmələrini istəyirlər".

"Bir ay əvvəl uşaqların onlayn təhlükəsizliyi üzrə işçi qrupunun ilk iclasını çağırdım. Sabah qrup ikinci iclasını keçirəcək. Bu qrup yaya qədər tövsiyələrini təqdim edəcək", - deyə Avropa Komissiyasının sədri bildirib.

Tətbiq sizdən pasport və ya şəxsiyyət vəsiqəniz məlumatlarını yükləməyinizi və daxil etməyinizi tələb edəcək və onlayn xidmətlərə daxil olarkən yaşınızı avtomatik olaraq təsdiqləyəcək.

Avropa Komissiyası ayrıca olaraq tətbiqin "ən yüksək məxfilik standartlarına uyğun" olduğunu və tamamilə anonim olduğunu vurğuladı.

Fransa, Danimarka, Yunanıstan, İtaliya, İspaniya, Kipr və İrlandiya artıq tətbiqi öz milli cüzdanlarına inteqrasiya etməyi planlaşdırır.

Bundan əvvəl Avropa Parlamentinin üzvləri 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edilməsinə çağıran qətnamə qəbul etmişdilər.

Xatırladaq ki, Almaniyanın hakim partiyası 14 yaşdan kiçik uşaqlar üçün sosial media istifadəsinin qadağan edilməsi və yeniyetmələr üçün daha sərt rəqəmsal yoxlamanın tətbiqi təklifini dəstəkləyib.

Avstraliyanın dünyada sosial mediadan istifadə üçün minimum yaş həddini müəyyən edən ilk ölkə olduğu bildirilir : ötən ilin 9 dekabrından bəri Instagram, TikTok və YouTube kimi platformalar 1 milyondan çox hesabı bloklayıb.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə