"İncəsənət təhsilində müasir metodların tətbiqi zəruridir" - Könül Hüseynova

"İncəsənət təhsilində müasir tədris metodlarının tətbiqi və yeni dərs vəsaitlərinin hazırlanması təqdirəlayiqdir. Son illər Mədəniyyət Nazirliyi tərəfindən incəsənət təhsili sahəsində sistemli islahatlar həyata keçirilir. Müxtəlif ixtisas fənləri ilə bağlı tədris proqramları yenilər, dərs vəsaitləri nəşr olunur". Bu fikirləri açıqlamasında pianoçu, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova bildirib.

Onun sözlərinə görə, incəsənət təhsilinə yeni yanaşmaların tətbiqi artıq bir zərurətdir: "Təəssüf ki, uzun illər bu sahənin inkişafına konseptual yanaşma olmayıb. Artıq müasir dövrün tələblərinə uyğun tədris metodlarının tətbiqi və yeni dərs vəsaitlərinin hazırlanması istiqamətində diqqətəlayiq işlər görülür. Bununla bağlı mən Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanan incəsənət məktəblərinin I-II sinifləri üçün "Balaca pianoçu" adlı dərs vəsaitini qeyd edə bilərəm. Yeni nəşr aktuallığı, qarşıya qoyulmuş elmi-pedaqoji məsələlərin həllində yeni metod və vasitələrin təqdim olunması ilə diqqət çəkir. Burada verilən məşğələ və kiçik həcmli əsərlər şagirddə psixomotor bacarıqların formalaşdırılmasını təmin edərək barmaqların müstəqilliyi, koordinasiya və düzgün əl qoyuluşu, oturuş vərdişlərinin sistemli şəkildə mənimsənilməsinə şərait yaradır".

Nəzəri biliklərlə praktik ifa arasında inteqrasiya

Könül Hüseynova qeyd edib ki, peşəkar mütəxəssislər tərəfindən ərsəyə gətirilən dərs vəsaitində materialın strukturu not mətninin, ritm-intonasiya ifadəliliyi və tonal münasibətlərin ardıcıl mənimsənilməsinə əsaslanır: "Bu yanaşma şagirdlərdə nəzəri biliklərlə praktik ifa arasında inteqrasiyanı təmin edir. Təqdim olunan məşğələ və əsərlər sadədən mürəkkəbə doğru inkişaf edən pedaqoji xətt üzrə qurulub. Bu isə təlim prosesində koqnitiv yüklənməni optimallaşdırır və biliklərin davamlı mənimsənilməsinə xidmət edir.

Nəşrdə repertuar seçimi uşaqların psixoloji xüsusiyyətləri, diqqət müddəti və emosional qavrayış səviyyəsi nəzərə alınmaqla aparılıb. Bu, təlim motivasiyasının yüksəldilməsinə müsbət təsir göstərir. Sadə, melodik, ritmik intonasiyalı əsərlər vasitəsilə şagirdlərdə eşitmə qabiliyyəti, ritm hissi və musiqi yaddaşı inkişaf etdirilir ki, bu da ümumi musiqi qabiliyyətlərinin formalaşmasında əsas rol oynayır".

Yeni və milli özünəməxsusluğu ilə seçilən musiqi əsərləri

Pianoçu-pedaqoq onu da əlavə edib ki, klassik Azərbaycan və xarici ölkə bəstəkarlarının irsi ilə yanaşı, məxsusi olaraq bu vəsait üçün yeni əsərlər yazılıb. Belə ki, bəstəkarlar - Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova və Əməkdar incəsənət xadimi, professor Ceyhun Allahverdiyev tərəfindən yazılan yeni, milli özünəməxsusluğu ilə seçilən əsərlər "Balaca pianoçu" vəsaitinin dəyərini daha da artırır.

Bütün xəbərlər Facebook səhifəmizdə