"Dairəvi yollar logistika və yük daşımalarını sürətləndirir" - EKSPERT DANIŞDI
"Dairəvi avtomobil yolları şəhər infrastrukturunda və nəqliyyat sisteminin təşkilində mühüm rol oynayır. Böyük şəhərlərin təcrübəsinə nəzər salsaq, görərik ki, bir neçə dairəvi yol vasitəsilə şəhərdaxili nəqliyyat axını daha effektiv şəkildə tənzimlənir".
Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib.

Onun sözlərinə görə, dairəvi yollar adından da göründüyü kimi, şəhərin ətrafında müxtəlif radiuslara malik çevrə və ya çevrəyə bənzər formada qurulan yol şəbəkəsidir: "Bu yollar şəhər mərkəzinə daxil olmadan nəqliyyatın müxtəlif istiqamətlər üzrə paylanmasına imkan yaradır və tıxacların azalmasına xidmət edir.
Məsələn, Moskva şəhərində bir neçə dairəvi yol sistemi mövcuddur və bu sistem nəqliyyatın idarə olunmasında yüksək effektivlik nümayiş etdirir.
Bakı şəhərində isə coğrafi mövqeyə görə tam dairəvi yol sistemi formalaşdırmaq çətindir. Şəhərin bir tərəfinin Xəzər dənizi ilə əhatə olunması səbəbindən burada daha çox yarımdairəvi yol şəbəkəsi formalaşır.
Hazırda Bakıda üç əsas dairəvi yol layihəsi nəzərdə tutulub. Bakı Dairəvi-1 yolu Lökbatan dairəsindən başlayaraq Biləcəriyə qədər olan hissədə artıq illər əvvəl istifadəyə verilib. Bu yolun davamı olaraq Böyükşor gölünün cənub hissəsindən keçərək hava limanı istiqamətinə birləşdirilməsi planlaşdırılır.
Bakı Dairəvi-2 yolu Xocəsən istiqamətindən başlayaraq şəhərin şimal hissəsindən, o cümlədən Binəqədi və Böyükşor ətrafından keçərək yenidən hava limanı yoluna çıxışı təmin etməsi nəzərdə tutulur.
Bakı Dairəvi-3 yolu isə artıq yekunlaşmaq üzrədir. Bu yol Mərdəkan, Bilgəh və digər yaşayış məntəqələrindən keçərək şəhərin şimal-şərq hissəsində yarımdairəvi nəqliyyat xətti formalaşdırır və əsas magistrallara birləşir.
Dairəvi yollar şəhər daxilində nəqliyyatın düzgün bölüşdürülməsinə, mərkəzdə sıxlığın azalmasına və ümumi nəqliyyat sisteminin daha səmərəli işləməsinə xidmət edir. Bakı şəhərində də bu istiqamətdə həyata keçirilən layihələr gələcəkdə nəqliyyat problemlərinin həllinə ciddi töhfə verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB