"Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sisteminin daha da inkişaf etdirilməsi, gücləndirilməsi və müasirləşdirilməsi sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Bu siyasət əhalinin sağlamlığının yüksək səviyyədə qorunmasını təmin edir".
Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, bu sahədə mərhələli şəkildə həyata keçirilən islahatların məqsədi səhiyyə sisteminin qabaqcıl dünya təcrübəsi əsasında daha təkmil, çevik və səmərəli mexanizmlər üzərində qurulmasıdır: "Prezident İlham Əliyevin bu ilin martın 19-da imzaladığı “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman isə yeni islahat mərhələsinə keçid üçün baza rolunu oynayır. Fərmanda icbari tibbi sığorta sistemində funksiyaların yenidən bölüşdürülməsi, sosial müdafiə və səhiyyə institutları arasında inteqrasiyanın gücləndirilməsi və TƏBİB-in rolunun genişləndirilməsi nəzərdə tutulur.
Yeni islahat mərhələsində ən mühüm dəyişikliklərdən biri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta sahəsində səlahiyyətlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna verilməsidir. Fərmana əsasən, İTSDA ilə ƏƏSMN-in tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşdirilməsi əsasında Nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradılacaq.
Agentlik Azərbaycanda icbari tibbi sığortanın tətbiqi, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitin icbari tibbi sığorta fondunda cəmləşdirilməsi və həmin vəsaitin idarə olunması, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı kimi çıxış etməsi və xərclərin ödənilməsi funksiyalarını həyata keçirəcək. Habelə əlilliyin müəyyən edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi sahələrində fəaliyyət göstərəcək.
Həyata keçirilən islahatlar səhiyyə və sosial müdafiə sistemləri arasında səmərəli koordinasiyanı təmin edəcək, resursların daha optimal bölüşdürülməsinə imkan yaradacaq. Tibbi xidmətlərin göstərilməsində TƏBİB-in rolu artacaq, dövlətin sosial siyasətinin daha koordinasiyalı şəkildə həyata keçirilməsi təmin olunacaq. Dövlət üçün strateji sahə olan səhiyyə sistemində sosialyönümlü, operativ, çevik və şəffaf idarəetmənin təmin olunduğu müasir model formalaşdırılır. İdarəetmə daha effektiv, tibbi xidmətlər isə daha əlçatan olacaq.
İlk növbədə, qabaqcıl ölkələrin təcrübəsində geniş tətbiq olunan müasir metodların tətbiqi sayəsində əhalinin sağlamlığının yüksək səviyyədə təmin olunması, vətəndaşların daha tez diaqnoz və müalicə ala bilməsi mümkün olacaq. İdarəetmədə çeviklik və şəffaflıq səhiyyə sisteminin səmərəliliyini daha da artıracaq. Cəmiyyətin ümumi sağlamlıq səviyyəsi yüksələcək və sosial rifah daha dayanıqlı xarakter alacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB