Heykəltaraşlıq yaradıcı ruh tələb edir. Ərsəyə gələn hər əsər yalnız daşdan, ağacdan, gildən, metaldan və ya başqa materialdan deyil, hər şeydən əvvəl sənətkarın daxili aləmindən, dünyaya baxışından doğur. Hər bir forma, xətt və həcmdə ustanın düşüncəsi, hissi və xarakteri öz əksini tapır. Bu fikirlər rəssam-heykəltaraş, Mingəçevir Dövlət Rəsm Qalereyasının direktoru Böyükkişi Adilbəyliyə aiddir.
SİA-nın məlumatına görə, AZƏRTAC-ın bölgə müxbiri 64 yaşlı sənətkarla görüşüb, onun yaradıcılığı ilə maraqlanıb.
Böyükkişi Adilbəyli 1961-ci ildə Mingəçevir şəhərində anadan olub. İncəsənətə olan marağı onu kişik yaşlarından doğma şəhərində fəaliyyət göstərən “Pionerlər evi”nin rəsm dərnəyinə gətirib çıxarıb. “Müəllimim Afərdə Qasımova fitri istedad idi. Onun onlarla yetirməsindən biri də mən idim. 1984-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil oldum. Oranı bitirdikdən sonra doğma Mingəçevirimə geri döndüm. İllərdir ki, heykəltaraşlıqla məşğulam. Onlarla əsər yaratmışam. Bu sənət mənim üçün çox dəyərli və əvəzedilməzdir”, - deyən Böyükkişi Adilbəyli bildirir ki, heykəllər əsasən 2 növə ayrılır. Həcmli və ya dəyirmi heykəllər, relyef heykəllər.

“Mən hər iki növdə işləyirəm. Gil, gips, beton, ağac kimi materiallardan istifadə edirəm. Portret janrına üstünlük verirəm. Bəzi işlərimi Azərbaycanın Milli qəhrəmanlarına, şəhidlərimizə həsr etmişəm. Tələbələrim var, onların bu sahəyə marağı məni çox sevindirir”, - deyə Böyükkişi Adilbəyli söyləyir.
Rəssam-heykəltaraş bildirir ki, yaradıcı ruh heykəltaraşa materiala “can verməyə”, hərəkəti, emosiyanı və gizli mənanı ifadə edərək hərəkətsiz maddəni təsirli bədii obraza çevirməyə imkan verir. Sənətlə məşğul olan insanlar həyata, hansısa əşyalara, təsvirlərə tamamilə fərqli, yaradıcı gözlə baxırlar: “Mən ətrafıma, təbiətə yaradıcı gözlə baxıram. Özümdən asılı deyil. El dili ilə desəm "Mingəçevir dənizi" kimi adlandırılan su anbarının kənarından təbiətin yaratdığı əsərləri tapmışam. Onlar mənim üçün çox dəyərlidir. Əslində ən böyük sənətkar elə təbiətin özüdür. Onlardan biri qadın obrazıdır. Daşlaşmış qadın və kişi obrazları isə mənim üçün əbədi məhəbbət nağılının təcəssümüdür”.
Böyükkişi Adilbəyli deyir ki, heykəltaraşlıq səbr və zaman tələb edən sənətdir. Bu sənətin sahibləri əl işlərini ərsəyə gətirərkən yalnız fiziki deyil, ruhun gücü ilə də işləməlidir. Heykəltaraşlıq eyni zamanda, baxmaq və yaradıcı formada görməyi, həyata sevgi və maraqla yanaşmağı, zəngin təxəyyül və zövq sahibi olmağı tələb edir. Yaxşı sənətkar olmağın yolu ömrünü, özünü bu sənətə sevərək həsr etməkdən keçir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB