“Beynəlxalq münasibətlərdə güc balansı yenidən müəyyənləşənədək yeni sınaqlar qaçılmaz olacaq” - ŞƏRH

“Dünyada baş verən geopolitik qarşıdurmalar demək olar ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış yeni nizamın artıq bir çox dövlətlər tərəfindən qəbul edilməməsini göstərir. Bu prosesdə Rusiya və Çin xüsusi rol oynayır. Hər iki dövlət son illər ərzində öz iqtisadi potensialını, hərbi gücünü və texnoloji imkanlarını əhəmiyyətli dərəcədə artıraraq qlobal siyasətdə daha iddialı mövqe tutmağa başlayıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə. bu dövlətlər mövcud beynəlxalq nizamı dəyişməyə yönəlmiş addımlar atmaqla faktiki olaraq yeni güc balansının formalaşmasına təkan verirlər:

”Belə bir şəraitdə hərbi toqquşmaların baş verməsi istisna edilmir və artıq baş verən münaqişələr bu tendensiyanın real göstəricisidir. Xüsusilə Rusiya–Ukrayna müharibəsi təkcə iki dövlət arasında lokal münaqişə deyil, daha geniş geosiyasi qarşıdurmanın təzahürü kimi qiymətləndirilir. Əgər Birinci və İkinci Dünya müharibələri əsasən klassik hərbi toqquşmalar, genişmiqyaslı orduların qarşıdurması ilə xarakterizə olunurdusa, müasir dövrdə müharibələr daha çox hibrid xarakter daşıyır. Buraya informasiya müharibəsi, kiberhücumlar, iqtisadi sanksiyalar, enerji resurslarından siyasi təzyiq aləti kimi istifadə, eləcə də lokal hərbi əməliyyatlar daxildir. Bu baxımdan, bu gün baş verən prosesləri Üçüncü Dünya müharibəsinin açıq elan olunmamış, lakin mərhələli və çoxşaxəli forması kimi dəyərləndirən yanaşmalar mövcuddur.

Hazırkı mərhələdə dünyanın siyasi xəritəsinin dərhal və açıq şəkildə dəyişdirilməsinə yönəlmiş konkret planlar olmasa da, davam edən qarşıdurmalar gələcəkdə belə dəyişikliklərin mümkünlüyünü artırır. Beynəlxalq hüququn zəifləməsi, güc amilinin yenidən ön plana çıxması və böyük dövlətlər arasında etimadsızlığın dərinləşməsi qlobal sabitlik üçün ciddi risklər yaradır. Bu mənada, Üçüncü Dünya müharibəsi anlayışı artıq yalnız birbaşa hərbi toqquşmalarla deyil, uzunmüddətli və sistemli qarşıdurmaların cəmi kimi başa düşülür.

Nəticə etibarilə, dünya yeni bir nizamın formalaşması mərhələsinə daxil olub. Bu proses ağrılı, ziddiyyətli və risklidir. Mövcud münaqişələr, xüsusilə Rusiya–Ukrayna müharibəsi, bu keçid dövrünün ən bariz nümunələrindən biridir. Müxtəlif formalarda davam edən bu qarşıdurmalar göstərir ki, qlobal sistem hələ uzun müddət qeyri-sabit qalacaq və beynəlxalq münasibətlərdə güc balansı yenidən müəyyənləşənədək yeni sınaqlar qaçılmaz olacaq”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə