Yeni il bayramı hər il olduğu kimi bu il də insanların düşüncələrində xüsusi yer tutur. Bayram ərəfəsində şəhərdə artıq fərqli bir ab-hava hiss olunur, insanlar geridə qalan ilə nəzər salır, qarşıdan gələn ildən isə yeni ümidlər və gözləntilər formalaşdırırlar. Kimi yeni ili ailə əhatəsində keçirməyi planlaşdırır, kimi xidmət borcunda olur, kimi isə həyatında yeni mərhələyə qədəm qoymağı arzulayır.
SİA bu əhval-ruhiyyəni öyrənmək üçün şəhər sakinləri arasında sorğu apardı və onların yeni ili harada qarşılayacaqları, eləcə də 2026-cı ildən nələr gözlədikləri ilə maraqlandı.
Şəhər sakini Sadiq Ağarzazadə:“Bu yeni ildə mən əsasən evdə olacağam, imtahana hazırlaşıram. Bu dövr mənim üçün olduqca məsuliyyətlidir. Ən böyük arzum da universitetə qəbul olmaqdır. Yeni ili evdə ailəmlə, atamla, anamla, qardaşımla qeyd edəcəm. Bu, mənə əlavə motivasiya verir. Bu il, yəni 2025-ci ildə 11-ci sinifdə oxuduğuma və universitetə hazırlaşdığıma görə dərs yüküm artdı. Daha çox öz üzərimdə işlədim. Telefondan uzaqlaşdım. Ümid edirəm ki, 2026-cı ildə mənim üçün çox böyük dəyişiklik olacaq və mən tələbə adını qazanacam. Ümid edirəm ki, 2026-cı il xalqımız və bizim üçün uğurlu bir il olar”.
Şəhər sakini Gülarə Cumayeva: “Yeni ili ən yaxşı keçirmək elə öz ailəmizin əhatəsindədir. Ailə dəyərləri bizim üçün hər zaman ön plandadır. Nəvələrimlə, övladlarımla birlikdə keçirməyə çalışırıq öz evimizdə. Bu, bizim üçün ən gözəl bayramdır. Bəlkə də rayona gedə bilərik, Zaqatalaya. Amma bu il yeni il xoş arzularla gəlsin istəyirik. Övladlarımıza can sağlığı, işlərində nailiyyətlər, nəvələrimə də uğurlar – hamısına arzulayıram. Yeni il onlar üçün ancaq xoş xəbərlər gətirsin. İl hər halda pis il deyildi, yaxşı il idi. Amma işlərimiz gələn il bu ildən də yaxşı olsun”.
Şəhər sakini Sadiq Qədirov: “Keçən il Yeni ildə, yəni 2025-ci ildə əsgərlikdə olmuşdum. Buna görə də Yeni ili o qədər də şən keçirə bilməmişdim. Bu il isə, yəni 2026-cı ili çox güman ki, ailəmlə birlikdə Göyçayda qeyd edəcəm. Ailəmin əhatəsində olacam. Onlarla birlikdə gözəl vaxt keçirməyə çalışacam. Mənim üçün 2025-ci il çox uğurlu bir il oldu və ümid edirəm ki, 2026-cı ildə bundan da gözəl və uğurlu bir il olsun”.
Şəhər sakini Həqiqət Səlimova: “Yeni ili elə doğma şəhərimizdə ailəmizlə birlikdə keçirəcəyik. Bu, bizim üçün ən böyük xoşbəxtlikdir. Çox şükürlər olsun ki, Qarabağımız azaddır. Prezidentimizin rəhbərliyi ilə, ordumuzun köməkliyi ilə azad etmişik. Bu gün sərbəst və xoşbəxt insanlar kimi yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Azərbaycan bütövdür. Bundan gözəl daha nə lazımdır bizə? 2025-ci ildə nəvələrim universitetə qəbul oldular. Biri İqtisad Universitetində oxuyur, Bakıdadır. Digəri isə Xəzər Universitetində turizm üzrə təhsil alır. Mən də onlarla birlikdə yaşayıram. Onlar da təhsil alırlar. Çox şükür, bu ilimiz gözəl keçdi. Allah arzusunda olanlara da qismət eləsin”.
Şəhər sakini İbrahim Musayev: “Yeni ili həmişəki kimi Azərbaycanda, Bakıda ailəmlə keçirəcəyəm. Yeni ilin özünəməxsus gözəl atmosferi var. Yeni stendlər qurulub, şəhər çox maraqlıdır. Yeni ildən arzumuz daha gözəl bir ildir. Ən əsası da qar gözləyirik. Ən çox istədiyimiz odur ki, qar yağsın bu yeni ildə. 2025-ci il mənim həyatımda çox xoş illərdən oldu. Amma dəyişikliklər də oldu. Mənə qalsa, hər biri gözəldir. 2026-cı ilin də bizə xoş, özəl şeylər bəxş edəcəyinə inanıram".
Şəhər sakini Şahmar Məmmədov: “İnşallah Yeni ili mən hərbidə keçirəcəyəm. Hal-hazırda məzuniyyətə gəlmişəm və ailəmlə, dostlarımla vaxt keçirirəm. Bu günlər mənim üçün çox dəyərlidir. 2025-ci ili mən yaxşı keçirdim, hər şey yaxşı oldu. 2026-cı ildən çox gözəl gözləntilərim var. Çünki çox gözəl işlərim, planlarım var. İnşallah, onları gələcəkdə bir-bir reallaşdıracağam”.
Şəhər sakini Tərlan Məmmədov: “2026-cı ili fərqli olaraq əsgərlikdə keçirəcəyəm. Bu da həyatımın məsuliyyətli dövrlərindən biridir. 2025-ci ili çox yaxşı başa vurduq. İnşallah, 2026 daha da yaxşı olar, ötən illərdən daha yaxşı keçər. Planlarımız çoxdur. Allahın köməyi ilə bütün planlarımı reallaşdıracağıma inanıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB