Son illər cəmiyyət olaraq tez-tez bir sualla üz-üzə qalırıq: niyə gənclər arasında cinsi orientasiyasını dəyişdiyini deyənlərin sayı durmadan artır? Bu sual təkcə sosial şəbəkələrin mövzusu deyil, ailələrin, müəllimlərin və bütövlükdə cəmiyyətin düşündüyü bir narahatlıqdır.
Bu gün gənclər təkcə yolunu deyil, özünü də itirir. Səs-küylü sosial şəbəkələrdə hər kəs danışır, amma az adam dinləyir. Bəlkə də gənclərin verdiyi bu qərarlar azadlıqdan çox, tənhalığın hayqırtısıdır. “Məni anlayan varmı?” sualı cavabsız qaldıqca, insan özünü fərqli etiketlər altında axtarmağa başlayır.
Bir gəncin “mən buyam” deməsi bəzən kim olduğunu bildiyi üçün yox, kim olmadığını bilmədiyi üçündür. Çünki evdə susqunluq, cəmiyyətdə basqı, məktəbdə anlayışsızlıq varsa, insan içindəki boşluğu başqa yollarla doldurmağa çalışır. Bu, seçimdən çox çaresizlikdir.
Valideynlər övladlarının telefonuna baxmaqdan çox, gözlərinə baxsalar, bəlkə də çox sual cavabını tapar. Müəllimlər dərs öyrətməklə yanaşı, bir cümləlik anlayışın bir gəncin həyatını dəyişə biləcəyini unutmamalıdır. Cəmiyyət isə hökm verməzdən əvvəl bir anlıq dayanıb düşünməlidir: biz bu gənclərə nə verdik ki, indi onlardan nə gözləyirik?
Ən ağırı isə budur ki, biz səbəbləri deyil, yalnız nəticəni müzakirə edirik. Halbuki nəticə hayqırtıdır, səbəb isə illərlə yığılan səssizlik. Gəncləri qorumaq üçün onları sıxmaq yox, anlamaq lazımdır. Çünki anlayış olmayan yerdə kimlik də, sabitlik də formalaşmır.
Digər tərəfdən, ailə ilə ünsiyyətin səssizcə yoxa çıxması, evlərin içində böyüyən emosional boşluq, diqqət və sevgi aclığı bu prosesin görünməyən, amma ən ağır səbəblərindəndir. Dinlənilməyən, hissləri ciddiyə alınmayan gənc bir müddət sonra susmur , sadəcə başqa cür danışmağa başlayır. Bəzən bu bir etirazdır, bəzən isə ürəkdən gələn səssiz bir yalvarış: “Məni görün, məni anlayın…”
Unutmamalıyıq ki, gənclik sabitlik yox, çaşqınlıq dövrüdür. İnsan bu yaşda kim olduğunu yoxlayır, səhv edir, tərəddüd edir, özünü axtarır. Bu mərhələdə verilən qərarlar hər zaman köklü və dəyişməz olmur. Məhz buna görə cəmiyyət olaraq tələsik hökm çıxarmaq əvəzinə, sual verməyi və dinləməyi bacarmalıyıq. Çünki sərt qadağalar gənci qorumaq əvəzinə, onu daha da tək buraxır, uçurumu dərinləşdirir.
Bu məsələ nifrətlə həll olunmaz. Kor-koranə təbliğatla da çözülməz. Burada açar söz anlayışdır. Sağlam ailə münasibətləri, düzgün maarifləndirmə, psixoloji dəstək və ən əsası -gənclərlə ürəkdən, səmimi danışmaq. Çünki bu mövzuda söhbət sadəcə bir dəbdən, bir mövzudan getmir. Burada söhbət insan talelərindən, qırılmaq üzrə olan ürəklərdən və itirmək üzrə olduğumuz gələcəkdən gedir.
Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB