Zahid Oruc: “NATO Qafqazı Rusiyanın qarşıdurma məkanı kimi görmək istəmir” AÇIQLAMA

"Ermənistanın NATO-nun Uels samitində iştirakı faktı kifayət qədər simasızlıq idi. Çünki hamı bu ölkənin xarici siyasət maraqlarını və addımlarını yaxşı bilir". Bunu SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc bildirib.

Onun sözlərinə görə, bir dövlət ki, bütövlükdə Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü və eyni zamanda Rusiyanın hərbi bazarlarının yerləşdiyi əsas məskən olaraq paralel şəkildə Avrasiya İqtisadi Birliyinə qoşulmaq qərarı veribsə, onun NATO ilə təmasları bir anlam kəsb etmir: "Şübhəsiz, Rusiyaya məlum Ukrayna konflikti üzündən bağlanmış qapılar Ermənistan üçün açılırsa düşünmək olmaz ki, bu sadəcə müxtəlif dövlətlərə bərabərhüquqlu yanaşmadan irəli gəlir. Belə hesab edirəm ki, NATO-nun Cənubi Qafqaz üçün xüsusi planı var və Ermənistan guya Rusiya ilə razılaşdırılaraq o tədbirə getməklə orada casus rolunda çıxış edəcək. Yəqin ki, gündəmi zəbt edən xəbərləri Sarkisyan kimdənsə öyrənəcək. Öncə həmin qurumun tribunasından Azərbaycan əleyhinə çıxışları heç bir effekt vermədiyindən, əksinə NATO-nun hazırki dönəmdə, sanksiyaların dili ilə danışdığı zamanda Ermənistan çox ciddi zərbə aldı. Azərbaycan dövlət başçısının dünənki çıxışının əsas diqqət ona yönəldildi ki, Azərbaycan Ordusunun Silahlı Qüvvələri bu gün Əfqanıstanın həyatında bir neçə istiqamətdə vacib missiyanı həyata keçirir. Azərbaycan Əfqanıstana uzunmüddətli inkişafın təmin edilməsi üçün hərtərəfli yardım edir. Həmçinin ölkəmizin hava məkanı, o cümlədən qonşu regiondakı proseslərə təsirimiz baxımından əhəmiyyətli yer tuturuq. Belə olan təqdirdə Azərbaycan sülh ixracatçısıdır. Bu sözü Ermənistan haqqında danışmaq olmaz. Ona görə də NATO-nun Uels samitinin zirvə görüşünü Ermənistan üçün çox uğursuz hesab edirəm. Azərbaycanın regional siyasətindəki əsas diqqət Suriya məsələsi, İraqdakı İŞİD torror birləşməsi, həmçinin Rusiya-Ukrayna arasındakı konfliktə yönəldilib. NATO Rusiyanı separatçı adlandırırsa, o zaman erməni qüvvələri də separatçıdır. Əgər kənar müdaxilə ilə bunu həyata keçirirlərsə Azərbaycanın praktikasında bu Ermənistandır. Necə ola bilər ki, belə olan təqdirdə dünyaya inandırmaq istəyirsiniz guya, Rusiya bir xalqın azadlıq və müstəqillik ideyalarını məhv edir, ukraynalıların hüquqlarını tanımır və Avropaya gedən yolunu bağlayır. Düşünürlər ki, ona qarşı birləşmək lazımdır. Amma Ermənistan kimi işğalçı dövləti azad buraxırlar. Krıma görə Rusiyanı cəzalandırmaq məsələsi qaldırılırsa, o zaman Qarabağa görə Ermənistanı da cəzalandırmaq lazımdır. Cənab prezidentin məntiqi və siyasi üslubu çox güclüdür və onun mövqeyi beynəlxalq aləmdə indi daha çox qəbul olunur. Qərb dairələri Azərbaycanın həqiqətlərini daha yaxşı başa düşürlər. Mümkündür ki, NATO-nun Cənubi Qafqazla bağlı siyasəti intensivləşsin. Ancaq biz heç bir halda NATO Qafqazın Rusiyanın qarşıdurma məkanı kimi görmək istəmir".

Bütün xəbərlər Facebook səhifəmizdə