"Müxalifət də Əkrəm Əylisli kimi düşünür" MÜNASİBƏT

Siyasətçilərin "Daş yuxular" barədə fikirləri

Əkrəm Əylislinin "Daş yuxular"ı cəmiyyətdə əsl rezonans doğurub. Bəs siyasətçilər, partiya funksionerləri bu barədə nə düşünür?

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı:

- Ataların bir sözü var: ağsaq atın kor nalbəndi olar. Əkrəm Əylislini müdafiə edən elə onun tayıdır. Əkrəmi müdafiə eləyənlərə Allah ağıl versin ki, erməni əhval-ruhiyyəsində kitab nəşr edən bir şəxsi müdafiə edirlər. Əkrəmə qarşı bu gün Azərbaycanda hansısa bir təhlükə yoxdur. Ona görə, onu müdafiə etmək anormal hərəkətdir. Əkrəmi kimdən və nədən müdafiə edirlər? Əkrəm xalqımıza uzun müddət ziyan vuracaq bir kitabı ortaya qoyub. Bu kitabın da bədii məziyyətləri də hamıya bəllidir. Onu müdafiə edənlər gərək o kitabı bir də oxusunlar. Kiminsə bu kitabdan xəbər olubsa və bu kitabın çap olunmasına rəvac veribsə onlar elə Əkrəmin tayıdırlar.

Millət vəkili Zahid Oruc:

- "Ziyalılar" forumu son hadisələr gedişində tutduğu mövqeyə görə, özünü cəmiyyətdən təcrid etdi. Bu forum bir tərəfdən insanların rəyini, bütövlükdə milli platformanı dəstəklədiklərini vurğulasalar da, hadisələrin gedişində onların seyirçilik mövqeyi, bir sıra hallarda məsələnin başqa tərəflərinin qabardılması bunu göstərdi ki, o ümumxalq platformasına çevrilməyə qadir olmayan bir təşkilatdır. Qeyri-müntəzəmlik, sistemsizlik, ardıcıllığın olmaması da insanların nəzərində çox ciddi problemlər yaradır. Daimi fəaliyyət göstərən bir mexanizmə çevrilə bilməmək o deməkdir ki, vətəndaşlar nə mənəvi, nə də siyasi cəhətdən, hətta bu hadisələr fonunda ədəbi cəhətdən də, özünün fundamental mövqeyini onlardan gözləyə bilməz. Eləcə də "İctimai Palata" da uzunmüddət guya parlamentin alternativi kimi çalışdığını iddia edirdi. Amma xalqın təsirləri, təzyiqləri fonunda ən azı bir əsərə münasibətlə eyni dili, leksionu bölüşməyə çalışdılar. Bu insanların mənəvi mövqeləridir. Bundan sonrakı dönəmdə hansı yeni mövzunu uydurmaları və onu öz mübarizə cəbhələrinə götürmələri ehtiyacları olacaq ki, ondan insanların məhəlli səviyyəsində diqqətini qazana bilsinlər.

Bu əsərin sadəcə, günün birində Rusiyada peyda olmadığı haqqında yetərli informasiyalar var. O öz yaxın çevrəsinə bu əsəri əvvəldən oxumanı təşkil etmiş və guya ilk prezentasiyanı onların çevrəsində etmişdir. Bu barədə o məlumatları gizlətmir. Odur ki, "Ziyalılar Forumu"nun və "İctimai palata" nın əsəri ədəbi və bədii cəhətdən bəyənmiş bir forum və qurum saymaq olar. Məhz onların xeyir duası ilə "Daş yuxular" əsərinin işıq üzü gördüyünü saymaq olar.

Millət vəkili Elman Məmmədov:

- Əgər bu gün kimsə Azərbaycan xalqına, dövlətinə düşmən mövqedə duran Əkrəm Əylislini müdafiə edirsə, onun mövqeyi ilə Əylislinin mövqeyində fərq yoxdur. Əgər Azərbaycan torpaqlarını işğal edən, uzun illər boyu türklərə qarşı soyqırımlar, qırğınlar törədən, 1 milyondan çox azərbaycanlını yurd-yuvasından didərgin salan ermənilərin tərəfində duraraq Əylislini tərifləyib, müdafiə edirlərsə bu o deməkdir ki, onun ünvanına deyilən sözlər həm də onu müdafiə edənlərə də deyilir.

Millət vəkili Jalə Əliyeva:

- Bu əsərə heç bir halda haqq qazandırıla bilməz. Bu mümkün də deyil. Bu gün Əkrəm Əylislini müdafiə edənlər bununla humansit hislərdən çıxış etmək istəyirlərsə elə məsələlər var ki, orda humanizm gülünc görünə bilər. Humanizmdən o vaxt danışıla bilər ki, həqiqətən də əsər ali hisslər üzərində qurulmuş olsun. Bir əsərdə ki, illərdən bəri hüquqları tapdalanmış, alçalmış, təhqir edilmiş, yurd-yuvalarından qovulmuş bir xalqın əzab-əziyyətlərinin üstündən xətt çəkilib. Bir çox titulları olan öz xalqı və dövləti tərəfindən yüksək mükafatlandırılan bir yazıçı öz xalqının bu əzablarının üstündən xətt çəkib, görməzlikdən gələrək bu bəlaları ona yaşadan tərəfə öz cümlələrində haqq qazandırırsa, bunun artıq humanizmlə, insanpərvərlikdə heç bir əlaqəsi yoxdur. Ə.Əylisinin qələmindən belə bir əsərin çıxmasından çox üzülürəm. İstərdim ki, "İctimai Palata"da toplanan insanlar da bu şəkildə ədalətli bir mövqe sərgiləsinlər. Onların ziddiyyətli mövqedə olmaları heç bir ölçüyə sığmır. Ən azından baş verənləri bir daha vərəqləyib, mövqelərini fikirləşməlidirlər.

Politoloq Cümşüd Nuriyev:

- "Ziyalılar Formu" Əkrəm Əylislinin kitabından öncədən məlumatları olub. Lakin Rafiq Əliyev Əkrəm Əylislinin yazdığı bu əsərdən imtina edib. Bu əsərin belə şəkildə olmasını istəməyiblər. "İctimai palata" çıxılmaz bir vəziyyətə düşüb. Bu palata o günə qalıb ki, erməniləri təbliğ edən, erməni tarixini bir növ Azərbaycanın hesabına zənginləşdirən bir əsəri bir növ Azərbaycan xalqının aşağılayan əsərə görə, guya söz azadlığını dəstəkləmək məqsədilə məsələ gündəmə gəlib. Bir tərəfdən bildirirlər ki, bu əsərdəki fikirlər ilə razılaşmırıq, digər tərəfdən isə bildirilər ki, bu söz azdlığı olmalıdır. Bu söz azadlığı onların liderləri olan Əbülfəz Elçibəyi biyabırçı şəkildə, açıq mətnlə biabır edir. Belə çıxır ki, bu insanlarda mənəviyyat yoxdur. Əgər ölkənin, xalqın apardığı bir hərəkatı Əkrəm Əylislinin qələmə verdiyi kimi qəbul edirlərsə, onda Əkrəm Əylislinin onlar haqqında söylədiyi sözləri də qəbul edirlər. Özünə, nəslinə, xalqına hörməti olan insan Əkrəm Əylislini müdafiə edə, dəstəkləyə bilməz. Onlar Əkrəm Əylisli kimi erməni dəyirmanına su tökürlər. Onların bu addımının Ermənistan Yazıçılar Birliyinin atdığı addım ilə heç bir fərqi yoxdur. "İctimai Palata"nın öz dövlətlərinə, xalqına hörməti yoxdur. Əksinə ermənilərə yarınmaqdan başqa bir şey deyil.

Vəhdət Partiyasının sədri Tahir Kərimli:

- Əkrəm Əylislinin "Daş yuxular" əsəri bir neçə adama göndərilmiş bir kitabdır. Görünür ki, bu adamlar adlarının orada çəkilməsinə razı olmayıblar. "İctimai Palata"nın böyük bir hissəsinin öncədən bu kitabdan xəbəri və məlumatı olub. Qeyd edim ki, bu kitab hissə-hissə tərtib olunub. Bu kitab yazılan zaman "İctimai Palata"dakı insanlarla məsləhətləşmələr olub. Çünki həmin insanlar Əkrəm Əylislinin dostlarıdır. "İctimai palata"nın xalqı aşağılayan bu insanı müdafiə etməsi bir daha göstərir ki, bu qurum qeyri-səmimi bir qurumdur.

ASDP sədri Araz Əlizadə:

- Əkrəm Əylislini müdafiə edənlər gözləyirlər ki, onlara "əhsən" desinlər. Çünki Ə.Əylisli də bu əsəri yazanda elə bilirdi ki, ona "əhsən" deyəcəklər. Onu müdafiə edənlər pul güdürlər. Çünki bu cür məsələlərlə bağlı hər hansı müdafiə komitəsi yaradılanda onu xaricdən maliyyələşdirməyə başlayırlar. Necə o əsərin yazılmasında pul əsas idi, onun müdafiəsində də pul əsasdır.

Ruqiyyə Cəfərova,

Babək Natiqoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə