Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın son illərdə keçdiyi inkişaf yoluna nəzər salmaq və qarşıda duran yeni vəzifələri müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. 2 oktyabr 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində keçirilən qurultay Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra YAP-ın ilk qurultayı kimi tarixə düşdü. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin geniş nitq söyləməsi tədbirin əsas məqamlarından biri oldu. Dövlət başçısının çıxışında Azərbaycanın keçdiyi tarixi yol, əldə olunan mühüm nailiyyətlər və qarşıdakı dövr üçün əsas strateji vəzifələr geniş şəkildə diqqətə çatdırıldı.
Prezident İlham Əliyev çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycanın müasir tarixində mühüm mərhələ olduğunu vurğuladı. 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiyanın ötən dövr ərzində ölkəmizin siyasi, iqtisadi və ictimai həyatında mühüm rol oynadığını qeyd etdi. Bu baxımdan YAP-ın keçdiyi yol, əslində, Azərbaycanın müstəqillik tarixinin mühüm bir hissəsini təşkil edir. Ulu Öndər Heydər Əliyevin siyasi irsi və onun dövlətçilik konsepsiyası Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində mühüm əsaslardan biri olub. 1993-cü ildən başlayaraq ölkədə siyasi sabitliyin təmin edilməsi, iqtisadiyyatın bərpası, beynəlxalq əlaqələrin genişləndirilməsi və dövlət institutlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Sonrakı illərdə bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirildi və yeni çağırışlara uyğun şəkildə inkişaf etdirildi.
Qurultayda xüsusi diqqət çəkən məsələlərdən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə bağlı fikirlər oldu. Prezident İlham Əliyev qeyd etdi ki, qarşıya qoyulan əsas məqsədlərdən biri məhz ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası idi və bu tarixi vəzifə həyata keçirildi. 2020-ci il Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ildə suverenliyin tam bərpası Azərbaycanın müasir tarixinin ən mühüm hadisələri sırasında yer alır. Bu gün Azərbaycan artıq yeni mərhələyə qədəm qoyub. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir. Prezident İlham Əliyevin çıxışında bildirildiyi kimi, hazırda Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib. Bu istiqamətdə indiyədək 28 milyard manat vəsait ayrılıb.
Qurultayda qarşıda duran vəzifələr də xüsusi olaraq diqqətə çatdırıldı. Müasir dünyada baş verən proseslər fonunda Azərbaycanın təhlükəsizliyinin və müdafiə imkanlarının daha da gücləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpasının sürətləndirilməsi əsas istiqamətlər sırasında göstərildi.
Prezident İlham Əliyev, eyni zamanda, ideoloji təhlükəsizlik məsələsinin əhəmiyyətini vurğuladı. Müasir dövrdə informasiya texnologiyalarının, internetin, süni intellektin və digər yeni imkanların geniş yayıldığı bir şəraitdə cəmiyyətin informasiya və ideoloji təxribatlardan qorunmasının vacibliyi qeyd edildi. Bu baxımdan təhsilin, savadlılığın və vətənpərvərlik tərbiyəsinin xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırıldı. Dövlət başçısının çıxışında YAP-ın qarşısında duran vəzifələrə də xüsusi yer ayrıldı. Bildirildi ki, müasir dövrdə ideoloji iş yeni yanaşmalar əsasında qurulmalı, formal xarakter daşıyan tədbirlərdən daha çox, cəmiyyət üçün faydalı, müasir və təsirli fəaliyyət istiqamətlərinə üstünlük verilməlidir. Bu, xüsusilə gənclərlə işin daha da gücləndirilməsi, onların dövlətçilik ənənələrinə bağlılığının və ictimai fəallığının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
VIII Qurultay həm də partiyanın VII Qurultaydan ötən dövrdə fəaliyyətinə nəzər salmaq baxımından mühüm platforma oldu. Qurultaya hazırlıq çərçivəsində YAP-ın 84 yerli təşkilatında hesabat konfransları keçirilib və bu tədbirlərdə 16 min 239 nəfər iştirak edib. Hesabat konfranslarının yekunlarına əsasən VIII Qurultaya 960 nümayəndə seçilib. Bütün bunlar göstərir ki, Yeni Azərbaycan Partiyası qarşıdakı dövrdə də ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmək, dövlətimizin qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsinə öz töhfəsini vermək niyyətindədir.
YAP-ın VIII Qurultayını fərqləndirən əsas məqamlardan biri də onun Azərbaycanın tam suverenliyinin təmin olunduğu yeni tarixi şəraitdə keçirilməsidir. Artıq qarşıda yeni məqsədlər dayanır. Bu məqsədlər sırasında işğaldan azad edilmiş ərazilərin tam bərpası və inkişafı, Böyük Qayıdışın sürətləndirilməsi, iqtisadi potensialın daha da artırılması, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və cəmiyyətin yeni çağırışlara hazırlığının təmin edilməsi xüsusi yer tutur.
Prezident İlham Əliyevin qurultaydakı çıxışından da aydın görünür ki, Azərbaycanın qarşısında duran vəzifələr yalnız əldə olunmuş nailiyyətləri qorumaqla məhdudlaşmır. Əsas məqsəd əldə edilmiş uğurların davamlı olmasını təmin etmək, ölkənin inkişafını yeni mərhələdə daha da sürətləndirmək və gələcək nəsillər üçün daha güclü Azərbaycan qurmaqdır. VIII Qurultay bu baxımdan həm görülən işlərin yekunlarının müzakirəsi, həm də gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qurultaydakı çıxışı isə Azərbaycanın qarşısında duran strateji vəzifələri bir daha aydın şəkildə ortaya qoydu.
Yeni Azərbaycan Partiyasının qarşıdakı fəaliyyətində əsas istiqamətlərdən biri də bu strateji məqsədlərin həyata keçirilməsində fəal iştirak etmək, cəmiyyətlə daha sıx əlaqələr qurmaq, xüsusilə gənclərin ictimai proseslərdə iştirakını genişləndirmək və dövlətçilik dəyərlərinin təbliğini müasir yanaşmalar əsasında davam etdirmək olacaq. Beləliklə, YAP-ın VIII Qurultayı Azərbaycanın yeni tarixi mərhələyə qədəm qoyduğu bir dövrdə keçirilən mühüm siyasi tədbir kimi yadda qalacaq. Qurultayda səsləndirilən fikirlər və müəyyənləşdirilən istiqamətlər qarşıdakı dövrdə ölkəmizin inkişafının əsas prioritetlərini bir daha nümayiş etdirdi.
Cavid Mustafayev,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədr müavini.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB