“44 günlük müharibə və sonrakı proseslər nəticəsində regionda əvvəlki status-kvo dəyişib” - ŞƏRH
“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycanla Ermənistan arasında sülhün “de-fakto artıq mövcud olması” barədə açıqlaması Cənubi Qafqazda post-münaqişə dövrünün əsas siyasi reallıqlarından birinə diqqət çəkir”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, bu bəyanatın mahiyyətini anlamaq üçün sülh anlayışının yalnız hüquqi sənədlə deyil, həm də faktiki vəziyyətlə ölçüldüyünü nəzərə almaq lazımdır:
”Nazir əslində vurğulayır ki, uzun illər davam edən hərbi qarşıdurmadan sonra iki ölkə arasında münasibətlər yeni mərhələyə keçib və əsas məsələ artıq müharibənin bərpasının qarşısının alınması deyil, əldə olunmuş reallıqların hüquqi və siyasi çərçivəyə salınmasıdır.
Bizim yanaşmamız ondan ibarətdir ki, 44 günlük müharibə və sonrakı proseslər nəticəsində regionda əvvəlki status-kvo dəyişib. Yəni, ərazi bütövlüyünün bərpası ilə münaqişənin əsas səbəbi aradan qalxıb və bundan sonra əsas gündəm sülh müqaviləsinin yekunlaşdırılması, diplomatik münasibətlərin qurulması və regional əməkdaşlıq imkanlarının açılmasıdır. Ceyhun Bayramovun açıqlaması da məhz bu yanaşmanın davamıdır və özündə müharibə mərhələsinin sülhün institusional möhkəmləndirilməsi mərhələsinə keçidini ehtiva edir.
Bununla belə, onu da xüsusi olaraq qeyd etmək lkazımdır ki, “de-fakto” anlayışı ilə “de-yure” arasında mühüm fərq mövcuddur. Faktiki olaraq atəşkəsin qorunması, sərhəddə genişmiqyaslı hərbi əməliyyatların olmaması və tərəflər arasında müəyyən praktiki təmasların yaranması müsbət göstəricilərdir. Lakin tam hüquqi sülh üçün bir sıra məsələlərin rəsmiləşdirilməsi tələb olunur. Bunlara sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, qarşılıqlı etimad mexanizmlərinin yaradılması və gələcək münasibətlərin hüquqi əsaslarının müəyyənləşdirilməsi daxildir.
Bu baxımdan, Azərbaycan tərəfinin əsas mesajlarından biri ondan ibarətdir ki, sülh prosesinin ləngiməsi artıq hərbi deyil, daha çox siyasi və diplomatik xarakter daşıyan məsələlərlə bağlıdır. Biz Azərbaycan olaraq hesab edirik ki, tərəflər arasında fundamental prinsiplər üzrə razılıqlar əldə olunub və qalan məsələlər texniki-hüquqi çərçivədə həll edilməlidir. Yəni sadlanan istiqamətlərdə, xüsusilə də Ermənistanın Konstitusiyası ilə bağlı məsələlərdə İrəvanın konkret addımlar atması lazımdır.
Onu da qeyd edim ki, Cənubi Qafqaz üçün bu prosesin əhəmiyyəti yalnız Azərbaycan və Ermənistan münasibətləri ilə məhdudlaşmır. Davamlı sülh regionda iqtisadi əməkdaşlıq, nəqliyyat layihələri və enerji əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradacaq. Azərbaycan uzun müddətdir ki, regionda kommunikasiyaların açılmasını iqtisadi inteqrasiyanın əsas şərtlərindən biri kimi təqdim edir. Ermənistan üçün də uzunmüddətli perspektivdə regional iqtisadi layihələrə qoşulmaq mühüm imkanlar yarada bilər.
Beynəlxalq aktorlar üçün də Cənubi Qafqazda sabitlik strateji əhəmiyyət daşıyır. Avropa İttifaqı, ABŞ və digər tərəflər regionda sülh prosesini dəstəkləyərək nəqliyyat, enerji və təhlükəsizlik sahələrində yeni əməkdaşlıq imkanlarının yaranmasında maraqlıdırlar..
Odur ki, Ceyhun Bayramovun “de-fakto sülh artıq mövcuddur” fikri əslində regiondakı dəyişmiş reallığın siyasi ifadəsi kimi qəbul olunmalıdır. Bu yanaşmada əsas mərhələ sülhün hüquqi və institusional şəkildə möhkəmləndirilməsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB