"Rəqəmsal inkişaf sahəsində əldə olunan nailiyyətlər beynəlxalq səviyyədə tanınır" - ŞƏRH EDİLDİ

"Rəqəmsal inkişaf sahəsində əldə olunan nailiyyətlər beynəlxalq səviyyədə tanınır" - ŞƏRH EDİLDİ

"Azərbaycan son illərdə rəqəmsal texnologiyalar sahəsində mühüm inkişaf mərhələsi keçib. Dövlət bu istiqamətə xüsusi önəm verir. Rəqəmsal İnkişaf Şurasının yaradılması, eləcə də bu sahədə həyata keçirilən ardıcıl islahatlar bunun bariz nümunəsidir".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, artıq rəqəmsal transformasiya ölkənin prioritet inkişaf istiqamətlərindən biri kimi qəbul olunur:

"Dövlət həm maliyyə, həm də texniki resurslarını bu sahənin inkişafına yönəldir, innovativ həllərin tətbiqini, rəqəmsal xidmətlərin genişləndirilməsini və müasir texnologiyaların iqtisadiyyata inteqrasiyasını dəstəkləyir.

Hesab olunur ki, Azərbaycanın gələcək inkişaf perspektivlərində rəqəmsal texnologiyalar həlledici rol oynayacaq. Məhz buna görə də dövlət uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi bu sahəyə xüsusi diqqət ayırır.

Azərbaycanın rəqəmsal texnologiyalar istiqamətində əldə etdiyi nailiyyətlərin beynəlxalq platformalarda, o cümlədən ATƏT Parlament Assambleyasında müzakirə olunması ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Bu, Azərbaycanın artıq bu sahədə ciddi uğurlar qazandığını və həmin nailiyyətlərin beynəlxalq səviyyədə diqqət cəlb etdiyini göstərir.

Belə beynəlxalq təqdimatlar Azərbaycanın rəqəmsal inkişaf sahəsindəki təcrübəsinin tanıdılmasına, yeni əməkdaşlıq imkanlarının yaranmasına və ölkənin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir. İnanıram ki, bu istiqamətdə əldə olunan nəticələr yaxın illərdə həm iqtisadi, həm də texnoloji baxımdan öz bəhrəsini daha aydın şəkildə verəcək".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə