"Azərbaycan və Türkiyə arasında sıx siyasi dialoq xüsusi əhəmiyyət daşıyır" - ŞƏRH

"Azərbaycan və Türkiyə arasında sıx siyasi dialoq xüsusi əhəmiyyət daşıyır" - ŞƏRH

"Azərbaycan ilə Türkiyə arasında münasibətlər hazırda öz tarixinin ən yüksək strateji səviyyəsindədir. İki ölkə arasındakı əməkdaşlıq artıq klassik dostluq və tərəfdaşlıq formatını aşaraq tamhüquqlu müttəfiqlik modelinə çevrilib".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, xüsusilə 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsindən sonra siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində inteqrasiya daha da dərinləşib:

"Xarici işlər nazirləri Ceyhun Bayramov və Hakan Fidan arasında keçirilən telefon danışığı da məhz bu institusional müttəfiqliyin praktik təzahürüdür. Tərəflər regional və qlobal proseslərdə mövqelərini mütəmadi şəkildə əlaqələndirir, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi davam etdirirlər. Bu, iki ölkənin yalnız ikitərəfli münasibətlərdə deyil, həm də ortaq geosiyasi baxış əsasında hərəkət etdiyini göstərir.

Hazırda Cənubi Qafqazda formalaşan yeni təhlükəsizlik arxitekturasında Azərbaycan və Türkiyə əsas söz sahibi olan dövlətlər sırasındadır. Zəngəzur dəhlizi, Orta Dəhlizin inkişafı, Türk dünyasının inteqrasiyası və regional kommunikasiyaların açılması kimi strateji layihələr Bakı ilə Ankaranın ortaq baxışını daha da gücləndirir. Bu əməkdaşlıq təkcə iki ölkənin milli maraqlarına deyil, bütövlükdə regionun iqtisadi və siyasi sabitliyinə də mühüm töhfə verir.

Bununla yanaşı, Yaxın Şərqdə və qlobal siyasətdə müşahidə olunan mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycan və Türkiyə arasında sıx siyasi dialoq xüsusi əhəmiyyət daşıyır. Müttəfiqlərin mövqelərinin əvvəlcədən uzlaşdırılması mümkün risklərin idarə olunmasına və ortaq maraqların daha effektiv müdafiəsinə xidmət edir.

Ümumilikdə, Azərbaycan-Türkiyə münasibətləri hazırda "bir millət, iki dövlət" fəlsəfəsinin siyasi şüardan çıxaraq konkret strateji mexanizmə çevrildiyi mərhələni yaşayır. Qarşılıqlı etimad, ortaq təhlükəsizlik maraqları və uzunmüddətli strateji hədəflər bu müttəfiqliyi regionun ən dayanıqlı və təsirli əməkdaşlıq modellərindən birinə çevirib".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə