"Cənab İlham Əliyevin kadr siyasəti Azərbaycan idarəetmə sisteminin institusional sabitliyi prioritet edən modelə keçməsi ilə xarakterizə olunur".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, bu siyasətin əsas xətti dövlət aparatında davamlılıq və idarəetmədə çeviklik arasında balans yaratmaq cəhdidir: "Yəni məqsəd təkcə fərdlərin dəyişdirilməsi deyil, eyni zamanda idarəetmə mexanizminin ümumi effektivliyinin qorunmasıdır.
Kadr siyasətinin mühüm xüsusiyyətlərindən biri müxtəlif vəzifələrdə rotasiya prinsipinin geniş tətbiq edilməsidir. Bu, bir tərəfdən uzunmüddətli eyni şəxslərin eyni sahədə qalmasının yaratdığı problemləri azaltmağa xidmət edir, digər tərəfdən isə müxtəlif sahələrdə təcrübə toplamış kadrların dövlət idarəçiliyində daha geniş istifadə olunmasına imkan verir. Beləliklə, sistem daxilində bir növ çoxşaxəli idarəetmə təcrübəsi formalaşır.
Digər mühüm element isə texnokrat yanaşmanın güclənməsidir. Son illərdə xüsusilə iqtisadiyyat, rəqəmsallaşma, enerji və nəqliyyat kimi sahələrdə peşəkar biliklərə əsaslanan təyinatların artması müşahidə olunur. Bu, nəticəyönümlü idarəetmə modelinə keçid kimi qiymətləndirilə bilər. Belə yanaşma dövlətin strateji layihələrinin icrasında daha operativ qərarvermə imkanı yaradır.
Son illərdə diqqət çəkən başqa bir tendensiya gənc kadrların daha aktiv şəkildə idarəetməyə cəlb olunmasıdır. Bu, uzunmüddətli perspektivdə idarəetmə elitasının yenilənməsinə və qərarvermə prosesində daha dinamik yanaşmanın formalaşmasına xidmət edir. Gənc kadrların yüksəlişi həm də dövlət idarəçiliyində rəqəmsal bacarıqların və yeni idarəetmə metodlarının tətbiqini sürətləndirir.
Ümumi olaraq deyim ki, cənab Prezidentin kadr siyasəti sabitlik və texnokratik effektivlik üzərində qurulmuş model kimi qiymətləndirilə bilər. Bu modelin əsas məqsədi dövlət idarəetməsində çeviklik yaratmaq, strateji layihələrin icrasını sürətləndirmək və siyasi sistemin davamlılığını qorumaqdır. Bunun effektivliyi isə uzunmüddətli perspektivdə həm iqtisadi nəticələr, həm də idarəetmə keyfiyyəti ilə daha aydın görünəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB