““Şəhərsalma və Memarlıq İli” strateji yanaşmanın nəticəsidir” - DEPUTAT DANIŞDI
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son on il ərzində qəbul etdiyi mühüm qərarlar vasitəsilə ölkənin strateji inkişaf istiqamətlərini dəqiqliklə müəyyən etmişdir”.
Bu fikirləri SİA -ya açıqlamasında millət vəkili Zahid Oruc bildirib.
Onun sözlərinə görə, hər bir qərar dövlət və hakimiyyət orqanları üçün konkret hədəfləri, proqramları və layihələri əsaslandıraraq bu sahələr üzrə təşkilatların səfərbər edilməsinə şərait yaradır. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması da məhz belə bir strateji yanaşmanın nəticəsidir və eyni zamanda ölkəmizin Vətən müharibəsində qazandığı tarixi qələbə ilə sıx bağlıdır:
“Azərbaycanın Şərq coğrafiyasında tarixi inkişaf mərhələləri, kənd və şəhər infrastrukturunun formalaşması, şəhərləşmə prosesi və yaşayış massivlərinin yaranması özünəməxsus bir tarixi keçmişə malikdir. Vətən müharibəsi nəticəsində işğaldan azad olunan torpaqlarımızda uzun müddət ərzində dağıntılara məruz qalmış şəhər və kəndlərin bərpası prosesi ölkəmizə daha geniş perspektivdən baxmaq imkanları yaratdı. Bu bərpa prosesi yalnız fiziki tikinti işləri ilə məhdudlaşmır; o, həm də milli memarlıq, mədəni irs və yaradıcı potensialın təzahürüdür.
Prezident İlham Əliyevin qərarı ilə bu ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması həm tarixi bərpa işlərinə diqqəti artırır, həm də Azərbaycanın milli ənənələrini, memarlıq irsini, heykəltəraşlıq və dizayn sahəsindəki uğurlarını birləşdirən geniş miqyaslı layihələrin həyata keçirilməsini stimullaşdırır. Bu təşəbbüs insanların doğma yurdlarına qayıdışı, onların yeni yaşayış məskənləri ilə təmin edilməsi və bütövlükdə ölkənin şəhərsalma strategiyasının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Son on il ərzində Azərbaycan müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etmiş, humanitar dialoqlar, mədəniyyətlərarası görüşlər, tolerantlığa həsr olunmuş konfranslar, seminarlar və dəyirmi masalar vasitəsilə ölkənin zəngin mədəniyyətini və beynəlxalq aləmdə mövqeyini nümayiş etdirmişdir. Bu tədbirlər eyni zamanda Qarabağ uğrunda müharibədə əldə edilən qələbənin, dövlətimizin suverenliyinin və xalqımızın birliyinin əyani ifadəsi olmuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şəhərsalma siyasəti yalnız işğaldan azad olunmuş ərazilərə deyil, bütün ölkəyə aid hədəfləri əhatə edir. Zəngilan, Qubadlı, Xocalı və Şuşa kimi bölgələrdə aparılan yenidənqurma işləri ölkəmizin vahid quruculuq strategiyasının bir hissəsini təşkil edir. Eyni zamanda, ölkədə mövcud olan normativ tələblərə cavab verməyən, sənədsiz və ya köhnə tikililərin yenidən qurulması prosesinə də xüsusi diqqət yetirilir. Bu yanaşma, vətəndaşların etimadının artırılması və yaşayış mühitinin keyfiyyətinin yüksəldilməsi baxımından əhəmiyyətlidir.
2026-cı il üçün xüsusi tədbirlər planı hazırlanmış, müvafiq dövlət qurumları üzərinə ciddi vəzifələr qoyulmuşdur. Bu, yalnız beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi deyil, həm də ilin strateji çağırışlarının, şəhərsalma və memarlıq sahəsindəki prioritetlərin dərk edilməsinə yönəlmiş əməli tədbirlərdir. Tikinti kampaniyaları və şəhərsalma layihələri vətəndaşların inamını artırmaqla yanaşı, beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə də imkan yaradacaq.
Azərbaycanın memarlıq və şəhərsalma tarixində xüsusi yeri olan layihələrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş təşəbbüslər gələcək nəsillərə ötürülməli, qorunmalı və inkişaf etdirilməlidir. Bu məqsədlə milli memarlıq irsi, heykəltəraşlıq nümunələri və bədii memarlıq elementləri həm estetik, həm də tarixi-mədəni baxımdan diqqətlə qorunur və yenidənqurma prosesinə inteqrasiya olunur.
Beləliklə, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi yalnız şəhərsalma sahəsində bir il proqramı kimi deyil, Azərbaycanın mədəni, tarixi və strateji inkişafının bütün aspektlərini əhatə edən bir təşəbbüs olaraq qiymətləndirilməlidir. Bu il ölkənin həm işğaldan azad olunmuş ərazilərində, həm də mövcud şəhər və yaşayış məskənlərində müasir infrastrukturun qurulmasına və əhalinin rifahının artırılmasına yönəlmiş fəaliyyətlərin intensivləşdirilməsi üçün əhəmiyyətli bir mərhələdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB