Azad Qarabağımız və Şərqi Zəngəzurumuz mərhələ-mərhələ doğma sakinlərinə qovuşur - Vüqar Rəhimzadə

Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasıdır. Bu gün, eyni zamanda, böyük qürurla və əminliklə qeyd edirik ki, işğaldan azad olunmuş ərazilərimiz beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul edilir. Təbii ki, bu mühüm hadisə Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu və güclənən mövqeyini nümayiş etdirməklə yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin , burada yaradılan şəraitin təqdimatıdır. Bunun üçün təkcə ötən il bu torpaqlarda keçirilən tədbirlərə diqqət yetirmək kifayətdir. Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü keçirildi. Tədbir iştirakçılarına “Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz!”, - deyə müraciət edən Prezident İlham Əliyev onu da bildirdi ki, bugünkü Zirvə Görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir təşkil olunub. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasının 27-ci iclası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə Görüşü keçirildi. Ötən il Xankəndi şəhərində Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumu, Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə Görüşü keçirildi. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda hazırda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsinə geniş imkanlar yaradır. Mövcud infrastruktur, konfrans zalları, hotellər və digər lazım olan amillər bu imkanı yaradır. Bu torpaqlarda müasir idarəçilik sisteminin tətbiqi, müasir çağırışları özündə ehtiva edən quruculuq, müasir şəhərsalma nümunələri beynəlxalq ictimaiyyətin diqqətindədir və təqdir edilir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bu günlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ağdərə rayonuna səfəri də bu baxımdan diqqət mərkəzindədir. Qeyd edək ki, Ağdərə rayonu 2023-cü ilin 19-20 sentyabr tarixlərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində işğaldan azad edilib. Dövlətimizin başçısı bu müjdəni 20 sentyabr 2023-cü ildə Azərbaycan xalqına çatdırarkən belə bir əminliyi ifadə etmişdi ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çeviririk. Hər gələn insan onu görür. Eyni şəraiti Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda, kəndlərdə yaradacağıq.

İşğaldan azad edilmiş torpaqlarımızda qısa zamanda görülən işlərin miqyası ölçüyəgəlməzdir. Bugünədək 7 şəhərin, 2 qəsəbənin, 20-dən artıq kəndin sakinlərinə qovuşması həyata keçirilən bərpa-quruculuq işlərinin təqdimatıdır. Bu torpaqlarda soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri imkanlar yaradılıb. Ən əsası özünüməşğulluq təmin edilir. Bu torpaqlarda yaradılan yeni sənaye müəssisələri məşğulluq məsələsinin həllində əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev Ağdərə rayonuna səfəri zamanı Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış oldu. Qeyd edək ki, bu layihənin icrası Azərbaycanda qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması, ölkəmizin ixrac qabiliyyətinin artması, işğaldan azad edilmiş ərazilərdə təbii ehtiyatların səmərəli və qanuni istifadəsinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, özəl investisiyaların cəlbi regionda sənaye və dağ-mədən sahəsinin müasirləşdirilməsinə, şaxələndirilməsinə, iqtisadi fəallığın artırılmasına, yeni iş yerlərinin yaradılmasına da mühüm töhfə verir. İşğaldan azad olunmuş ərazilərdə sahibkarlığın dəstəklənməsi istiqamətində Azərbaycan dövləti tərəfindən çox vacib qərarlar qəbul olunub. Həmin ərazilərimizdə dayanıqlı məskunlaşmanın, özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların cəlbi və əlverişli biznes mühitinin formalaşdırılması əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirilib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin Ağdərə səfəri həyata keçirilən infrastruktur layihələrinin tərkib hissəsi kimi rayonun Qozlukörpü kəndində “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışı ilə də yadda qaldı. Təbii ki, bütün regionlarımız kimi, işğaldan azad edilmiş ərazilərimizin enerji təminatı da prioritet məsələlərdəndir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə bu günlərdə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı”nda da əsas hədəflər sırasında qarşıdakı dövrdə Qarabağda və Şərqi Zəngəzurda görüləcək işlər də öz əksini tapıb. Prezident İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq Ağdərə rayonunda, regionun ən iri su arteriyası olan Tərtərçay üzərində inşa edilmiş “Qozlukörpü” Su Elektrik Stansiyası 14,7 meqavat gücündədir. Sərt relyef, iqlim şəraiti və çətin logistika səbəbindən tikinti prosesi digər bölgələrlə müqayisədə daha çox vaxt tələb etməsinə baxmayaraq, layihə qısa müddətdə uğurla icra olunub. Burada il ərzində orta hesabla 43 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bununla da 9,5 milyon kubmetr təbii qaza qənaət ediləcək, 18 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.

Vüqar Rəhimzadə qeyd edib ki, səfər zamanı dövlət başçısı İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış oldu. Əvvəldə də qeyd olunduğu kimi, azad edilmiş bütün ərazilərimiz Baş plan əsasında bərpa edilir. Ağdərə şəhərinin Baş planına əsasən şəhərin məskunlaşma ərazisi 444 hektardan 522 hektara çatdırılacaq. 20 illik perspektiv dövr üçün şəhər əhalisinin sayının 14 min nəfər olması proqnozlaşdırılır. Baş planın konseptual sxeminə şəhər mərkəzi, fərdi və azsıxlıqlı yaşayış sahələri, çoxfunksiyalı və ictimai-işgüzar zonalar daxildir. Birinci mərhələdə sahəsi 104 hektar olan şəhər mərkəzinin inkişaf etdirilməsi nəzərdə tutulur. 2030-cu ilədək şəhərdə 3590 nəfərin məskunlaşması mümkün olacaq.

Millət vəkili bildirib ki, dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri doğma yurda qayıdan sakinlərlə keçirilən görüşü ilə də tarixə yazılır. Prezident İlham Əliyev Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşmədən öncə bu kəndlərdə görülən işlərlərlə tanış oldu. Bu kəndlər də 2023-cü ildə həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində işğaldan azad ediliblər. Qısa müddətdə bu kəndlərdə də böyük işlər görülüb. Artıq bu kəndlərə qayıdan sakinlər üçün bütün zəruri şərait yaradılıb. Prezident İlham Əliyev sakinlərlə görüşündə Ağdərə rayonunun 9 kəndinə artıq keçmiş məcburi köçkünlərin qayıtdığını önə çəkərək onu da bildirdi ki, ümumilikdə azad edilmiş ərazilərimizdə bu gün artıq 73 min insan - həm keçmiş köçkün, həm də ki, köçkün olmayan, amma azad edilmiş ərazilərdə işləyənlər, çalışanlar, oxuyanlar yerləşiblər. Hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır. O da vurğulandı ki, son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Müharibələr, münaqişələr olub, bu gün də davam edir. Amma heç biri tam və mütləq Qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalq olaraq buna nail olduq.

Vüqar Rəhimzadə bildirib ki, cənnətə çevrilən Qarabağımız, Şərqi Zəngəzurumuz mərhələ-mərhələ sakinlərinə qovuşmaqla yeni həyata başlayır. Bu torpaqlar çal-çağırlı günlərini yaşayır. Bu torpaqların iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətində olması tarixi Zəfərimizin yaratdığı reallıqların beynəlxalq aləmdə qəbulunun və təsdiqinin göstəricisidir. Prezident İlham Əliyevin Ağdərə sakinləri ilə görüşündə səsləndirdiyi “Hələ çox görüşəcəyik” çağırışı da özündə mühüm məqamları ehtiva edir. Bu torpaqların sahibi bizik və burada əbədi olacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə