"20 Yanvar xalqın mübarizə ruhunun sınağı oldu" - ŞƏRH

"20 Yanvar hadisələri ərəfəsində və sonrasında Azərbaycan xalqının mübarizə ruhu, döyüşkənliyi və milli yaddaşı baxımından olduqca mühüm rol oynadı". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, bu faciə əslində Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ayrılmaz hissəsinə çevrildi: "20 Yanvar hadisəsi Sovetlər kimi böyük bir imperiyanın tanklarının Bakıya girərək dinc insanlara qarşı qətliam törətməsi idi. Ancaq bu qətliam qarşısında xalqın geri çəkilməməsi, əksinə, dik durması Azərbaycan xalqının müstəqillik yolunda apardığı mübarizənin nə qədər qətiyyətli olduğunu göstərdi. Bu tarix Azərbaycanın milli azadlıq mübarizəsində dönüş nöqtəsi oldu.

Mən hesab edirəm ki, məhz 20 Yanvar hadisələrindən sonra Sovet imperiyasının törətdiyi bu böyük cinayət onun mənəvi və siyasi çöküşünü sübut etdi və Azərbaycanın müstəqilliyə gedən yolunda ciddi irəliləyiş əldə olundu. Bu hadisə cəmiyyətə onu göstərdi ki, Azərbaycan xalqı mübarizdir, döyüşkəndir və dövlət quruculuğunda mühüm rol oynamağa qadirdir.

Həmin dövrdə dünya mediası da bu hadisələrə diqqət yetirdi. ABŞ-da nəşr olunan “Newsweek” jurnalı Bakıda 20 Yanvar qətliamından sonra baş verən izdihamı, insan selini əsas başlıq kimi təqdim edərək Azərbaycan xalqının mübarizə əzmini bütün dünyaya çatdırdı. Hamımız o möhtəşəm tarixi anları və yaddaşlara həkk olunan fotoları xatırlayırıq.

20 Yanvar hadisəsi eyni zamanda düşmənlərimiz üçün də dərs olmalı idi. Silahsız, dinc insanların Sovet tanklarının qarşısına çıxaraq ölkənin milli maraqlarını, sakral dəyərlərini və suverenliyini qorumağa hazır olduğunu bütün dünya gördü. Lakin Ermənistan işğalçı siyasəti ilə bunu düzgün dəyərləndirmədi və Sovet imperiyasının mövcud olduğu dövrdə, sonradan isə Moskvadakı, Parisdəki və digər mərkəzlərdəki havadarlarının dəstəyi ilə Azərbaycana qarşı müharibəyə başladı.

Onların ən böyük səhvi Azərbaycan xalqının mübarizə ruhunu və döyüşkənliyini vaxtında görməmələri oldu. Nəticədə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şücaəti və Prezident İlham Əliyevin liderliyi məhz 20 Yanvarda xalqımızın ortaya qoyduğu mübarizənin davamı və məntiqi yekunu kimi tarixə düşdü.

Bu gün artıq dünyada heç bir qüvvə Azərbaycan xalqına yuxarıdan baxa bilməz. Ən azı 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqının böyük mübarizə ruhunun bütün dünyaya nümunə olduğunu sübut etdi. Bu tarix həm örnəkdir, həm də öyrənilməsi vacib olan böyük bir tarixi dərsdir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə