"Minalarla çirklənmiş ərazilərin təmizlənməsi uzun müddət çəkəcək" - MÖVQE

"Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra öz ərazi bütövlüyünü bərpa edib. Bununla belə, müharibənin təsirləri və izləri hələ də qalmaqdadır. Bu neqativ təsirlərin sırasında mina terroru xüsusi yer tutur". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, Ermənistan onilliklər boyu Azərbaycanın işğal altında olan ərazilərində çoxsaylı minalanmış zonalar yaradıb. Məhz buna görə də müharibə bitsə də, Ermənistanın Azərbaycana qarşı mina terroru bu gün də davam edir.

Rəsmi Bakı dəfələrlə Ermənistan hökumətindən mina xəritələrinin təqdim olunmasını tələb etsə də, rəsmi İrəvan Azərbaycana yalnız qeyri-dəqiq və natamam xəritələr verməklə kifayətlənib. Rəsmi məlumatlara görə, təqdim edilən xəritələr mina zonalarının cəmi 20–30 faizini əhatə edir, böyük bir hissə isə ümumiyyətlə həmin xəritələrdə yer almır. Bu isə təbii ki, Azərbaycan üçün ciddi problemlər yaradır və Azərbaycan vətəndaşları Ermənistanın mina terrorunun qurbanı olmaqda davam edir.

Bununla belə, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirir. ANAMA-nın fəaliyyəti hazırda yüksək səviyyədə davam edir və bu qurum mina təmizlənməsi sahəsində mühüm uğurlar əldə edib. Ancaq bütün bu səylərə baxmayaraq, görülən işlər Azərbaycanın mina təhlükəsindən tamamilə xilas olması üçün hələ kifayət etmir.

Səbəb ondan ibarətdir ki, Ermənistan işğal dövründə bu ərazilərə son dərəcə çox sayda mina yerləşdirib və onların tam təmizlənməsi illərlə, hətta onilliklərlə davam edə bilər. Son vaxtlar yayılan məlumatlara görə, Azərbaycan hökuməti mina təmizləmə prosesinin sürətləndirilməsi və effektivliyinin artırılması üçün ən müasir texnologiyaların ölkəyə gətirilməsinə xüsusi diqqət yetirir. Yeni texnika və texnoloji üsullar bu prosesin daha sürətli aparılmasına imkan yarada bilər.

Bu baxımdan demək olar ki, Azərbaycan dövləti Ermənistanın davam edən mina terrorunun qarşısını almaq üçün əlindən gələni edir. Lakin minalarla çirkləndirilmiş ərazilərin miqyası o qədər genişdir ki, bu prosesin qısa müddətdə yekunlaşması real görünmür. Ona görə də gözlənilir ki, Azərbaycan dövləti mina təmizləmə işlərinin daha geniş miqyasda və müasir texnologiyalar əsasında aparılması üçün yeni addımlar atmaqda davam edəcək.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə