“Qara dəniz hövzəsində aktiv hərbi əməliyyatlar müşahidə olunur“ - ŞƏRH

“Rusiya-Ukrayna müharibəsi davam etdiyi müddətdə təkcə bu iki ölkə üçün deyil, eyni zamanda onlara qonşu olan dövlətlər üçün də təhlükəsizlik riskləri aradan qalxmır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə , münaqişənin uzanması regionda sabitliyin bərqərar olmasını mümkünsüz edir və təhlükəsizlik problemlərinin coğrafiyasını genişləndirir: ”Artıq hərbi qarşıdurma təkcə quru ərazilərlə məhdudlaşmır, Qara dəniz hövzəsində də aktiv hərbi əməliyyatlar müşahidə olunur.

Son dövrlərdə Ukraynanın pilotsuz uçuş aparatları vasitəsilə Rusiyanın müxtəlif strateji obyektlərinə, o cümlədən Xəzər hövzəsində yerləşən neft infrastrukturu və hərbi gəmilərinə zərbələr endirməsi, müharibənin təsir dairəsinin daha da genişləndiyini göstərir. Eyni zamanda Rusiya da Qara dənizdə hərbi aktivliyini artıraraq qarşı tərəfə cavab zərbələri endirir. Bu vəziyyət dəniz təhlükəsizliyi və regional sabitlik baxımından ciddi risklər yaradır.

Qara dənizdə hərbi eskalasiyanın artması azad gəmiçilik üçün də mühüm təhlükə mənbəyinə çevrilir. Bu məsələ regional və qlobal ticarət marşrutlarının təhlükəsizliyinə birbaşa təsir göstərir. Məhz bu kontekstdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukraynanı müharibənin Qara dənizə daha geniş miqyasda yayılmasının ağır nəticələr doğura biləcəyi barədə xəbərdar etməsi xüsusi əhəmiyyət kəsb edir. Türkiyənin mövqeyi Qara dənizin beynəlxalq ticarət və enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıması ilə əlaqədardır.

Münaqişənin mahiyyətinə nəzər saldıqda aydın olur ki, hərbi qarşıdurmanın başlanğıc nöqtəsi Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı siyasətlə bağlıdır. Müharibənin dayandırılması və regionda sabitliyin bərpa olunması ilk növbədə bu siyasətdən nəticə çıxarılmasını tələb edir. Lakin hazırkı mərhələdə Rusiyanın müharibəni dayandırmaq niyyətində olmadığı müşahidə olunur ki, bu da böhranın uzanmasına və təhlükəsizlik risklərinin daha da artmasına səbəb olur.

Rusiya-Ukrayna müharibəsi davam etdikcə Qara dəniz və ona bitişik regionlarda təhlükəsizlik mühitinin stabilləşməsi real görünmür. Münaqişənin diplomatik yollarla həll olunmaması regional və beynəlxalq təhlükəsizlik üçün uzunmüddətli təhdidlər yaradır və bütün tərəflər üçün ciddi siyasi, iqtisadi və humanitar nəticələr doğurur”.

Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə